"Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da möhkəmləndirilməsinə xidmət edir".
Musavat.com bildirir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Samir Şərifov bildirib ki, ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi, regionda sülhün və uzunmüddətli rifahın təmin olunması qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Baş nazirin müavininin sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.
“Bu, iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə birgə fəaliyyətin dərinləşməsinə töhfə verəcək”, – deyə Samir Şərifov qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ 250 illik dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayaraq aparıcı dünya dövlətləri arasında layiqli yer tutub.
Samir Şərifov bildirib ki, ABŞ ilə 34 il əvvəl diplomatik münasibətlər qurmuş Azərbaycan Respublikası iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına daim xüsusi önəm verib.
“Terrorçuluğa qarşı qlobal koalisiyaya Azərbaycanın qoşulması, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın ABŞ ilə birlikdə verdiyi töhfələr bunun bariz nümunəsidir”, – deyə Baş nazirin müavini vurğulayıb.
Samir Şərifov qeyd edib ki, hazırda Azərbaycan–ABŞ münasibətləri yüksək dinamizmlə inkişaf edir və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında baş tutmuş ABŞ səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyub.
Baş nazirin müavini bildirib ki, həmin səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, həmçinin Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar formalaşdırıb.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə yaranmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, eləcə də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin cari ilin fevral ayında Azərbaycana səfəri ölkələr arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirir.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






