İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahiddən "Arzum"un qəzası ilə bağlı sensasion açıqlamalar: "Təcili yardımı onun telefonu ilə çağırdıq" VİDEO

1590 06.07.2026 00:12 Ölkə A A

“TikTok” fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) cinayət işi ilə bağlı daha bir şahid açıqlama verib.

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın paylaşdığı videoda Nurlan Hüseynov adlı şəxs qəzanın baş verdiyi gecə hadisə yerində olduğunu və baş verənləri öz gözləri ilə gördüyünü bildirib.

Onun sözlərinə görə, qəza gözləri qarşısında baş verib və yaralı Amalın təcili tibbi yardım avtomobilinə yerləşdirilməsində şəxsən iştirak edib:

“Həmin qəza mənim gözlərimin önündə baş verib. Amal bəyi də öz əlimlə təcili tibbi yardım maşınına yerləşdirmişəm. İnsanlar müxtəlif fikirlər səsləndirirlər. Çoxları deyir ki, Arzum xanım hadisə yerindən qaçıb. Bu, doğru deyil.

Mən Arzum xanımın telefonu ilə təcili tibbi yardıma və polisə məlumat vermişəm. Arzum xanım hadisə yerindən qaçmayıb, orada olub. Təxminən 20-25 dəqiqə ərzində onlara su vermişəm. Onlar əllərinə və üzlərinə su vurublar və həmin müddətdə hadisə yerində qalıblar.

Daha sonra Arzum xanımın halı pisləşdi. Orada olan Azərbaycan vətəndaşlarından biri onu avtomobillə xəstəxanaya apardı. Hadisə zamanı sürət yüksək idi. Allah rəhmət eləsin”.

Şahid bildirib ki, məhkəmə prosesində də iştirak edib və ifadə verib. Bununla belə, onun fikrincə, İlduzə Hacıyevaya verilən 5 il 4 aylıq həbs cəzası ağırdır.

Nurlan Hüseynovun sözlərinə görə, qəzaya düşən avtomobildə texniki nasazlıq da olub:

“Amal bəyin yaxınları, dostları və əzizləri də bilirlər ki, həmin avtomobilin ABS sistemində problem olurdu, sükan kilidlənirdi. Avtomobildə nasazlıq da var idi, sürət də yüksək idi. Nəticədə qəza baş verdi. Sürətin yüksək olması və ABS sisteminin kilidlənməsi hadisəyə səbəb oldu”.

O qeyd edib ki, qəza anında işdə olub və hadisəni saniyə-saniyə izləyib:

“Bu günə qədər həmin hadisənin şokunu yaşayıram. Hər dəfə o qəzanı xatırlayanda insanın halı dəyişir. Hər şey bir anın içində baş verdi”.

Şahid iddia edib ki, İlduzə Hacıyeva yol hərəkəti qaydalarını pozmayıb:

“Həmin yol hər gün minlərlə avtomobilin istifadə etdiyi yoldur. Biz də hər gün o yoldan istifadə edirik. Arzum xanım heç bir yol hərəkəti qaydasını pozmamışdı”.

Sonda o bildirib ki, qəza baş verən kimi əraziyə çoxlu insan toplaşıb və digər şahidlər də hadisəni gördüklərini deyiblər:

“İnşallah, həqiqət və ədalət öz yerini tapar. Rəhmətlik yüksək sürətlə hərəkət edirdi. Ehtiyat təkər avtomobildən təxminən 30-40 metr aralıya düşmüşdü. Həyat yoldaşı isə hadisə yerindən təxminən 20 metr kənara düşmüşdü”.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Bakı şəhərinin Mərdəkan qəsəbəsində baş verib. Gecə saatlarında "Changan" markalı avtomobili idarə edən İlduzə Hacıyeva sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Zərbənin təsirindən "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb.

Nəticədə avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.

Cinayət işi üzrə məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR