İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Zəngəzur dəhlizinin açılması... mühüm bir addım olacaq”

402 28.06.2022 12:22 Gündəm A A

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında parlament nümayəndə heyətinin iyunun 23-də və 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində işgüzar səfərdə olduğunu söylədi, səfərlə bağlı həmkarlarını məlumatlandırdı.

Spiker bildirdi ki, səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi: “İyunun 24-də keçirilən iclasda müzakirələr TürkPA üzvü olan ölkələr arasında etimad və tərəfdaşlıq mühitinin möhkəmlənməsində parlament diplomatiyasının roluna həsr edilmişdi. Mən etdiyim çıxışda Türk birliyinin inkişafına həm hökumət, həm də parlament səviyyəsində dəstək verilməsinin xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını bildirdim. Qeyd etdim ki, ötən ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən 8-ci Zirvə görüşündə alınan mühüm qərarlar, o cümlədən bu əməkdaşlıq və tərəfdaşlıq qurumunun “Türk Dövlətləri Təşkilatı” adlandırılması türk dövlətləri rəhbərlərinin zamanın çağırışlarına adekvat münasibətinin növbəti təzahürü olub. Nəzərə çatdırdım ki, bu mənada, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına təkan verən amil kimi qiymətləndirilməlidir. Müharibədən sonra Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verdim. Bildirdim ki, artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılmasına başlanacaqdır. Xüsusi vurğuladım ki, əldə edilmiş razılaşmalara uyğun olaraq, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantısının bərpası və nəticə etibarı ilə ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda mühüm bir addım olacaq”.

S.Qafarova daha sonra bunları söylədi: “İclasda həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin sədrləri, Türkmənistan parlamentinin sədr müavini, Macarıstan nümayəndə heyətinin rəhbəri və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış etdilər. İclasda qəbul edilmiş ən mühüm qərarlardan biri təşkilatın adının Türk Dövlətlərinin Parlament Assambleyasına dəyişdirilməsi oldu. Hesab edirəm ki, bu qərar təşkilatın inkişaf tarixində keyfiyyət baxımından yeni səhifə açır. TürkPA-nın 11-ci plenar iclası Çolpon-Ata Bəyannaməsinin qəbulu ilə başa çatdı.

Hörmətli həmkarlar! Onu da qeyd edim ki, Çolpon-Atada bir sıra rəsmi görüşlər də keçirildi. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iclasda iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə TürkPA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirildi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Qırğızıstan Joqorku Keneşinin sədri Talant Mamıtov və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə ikitərəfli görüşlərimizdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında parlamentlərimizin rolunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Hesab edirəm ki, parlament nümayəndə heyətinin Qırğızıstana səfəri səmərəli keçdi və bununla əlaqədar olaraq nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəm”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR