İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Xəzərdəki əsas qorxusu - xarici mülki gəmilərə də qadağa...

938 01.07.2022 09:50 Gündəm A A

Oqtay Qasımov: “Rusiya faktiki olaraq Xəzər regionunu hədəf halına gətirmiş olur”

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimri Putin, İran Prezidenti İbrahim Rəisi, Qazaxıstan Prezidenti Qasımcomarəd Tokayev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edib.  

Liderlər Xəzərdə müxtəlif sahələrdə əməkdaşlığı, eləcə də əvvəlki sammitlərdə qəbul edilmiş qərarların həyata keçirilməsini müzakirə ediblər.

Tərəflərin hərbi əməkdaşlığa dair saziş üzərində də müzakirələr apardığı deyilir. Rusiya mənbələrinin məlumatına görə, Putin Xəzərdə mülki gəmilər də daxil olmaqla, xarici qüvvələrin  mövcudluğuna gələcəkdə məhdudiyyətlərin qoyulmasını istəyir. Bundan əlavə, Rusiya mediası sammit ərəfəsi yazırdı ki, Xəzər “beşliyi” öz fəaliyyətini daha protokol formatında deyil, yeni formatda davam etdirə bilər. Rusiyanın mühüm rol oynaya biləcəyi Xəzər Əməkdaşlıq Təşkilatı yaradıla bilər. Bu isə görünməmiş nəqliyyat blokadası şəraitində Qərb dəhlizlərindən tamamilə məhrum olmuş Rusiyanın Xəzərdə yeni marşrutlarda maraqlı olmasından irəli gəlir.

Bu, müxtəlif dəhlizlərin birləşdirilməsi, cənub multimodal marşrutunun yaradılması, Şərq-Qərb yolunun Türkmənbaşı limanı, Xəzər dənizindəki Rusiya limanları və Bakı limanı vasitəsilə davam etdirilməsidir.

Rusiyanın Xəzərə kənar dövlətlərin müdaxiləsindən niyə ciddi narahat olduğunun səbəbləri də bəllidir. Rusiya indi deyil, illər öncə Xəzərdə digər ölkələrlə hər hansı əməkdaşlıqdan ciddi narahat olduğunu gizlətmir. İndi isə bu, Rusiya üçün daha prioritet mövzudur.  O baxımdan Putinin hətta xarici mülki gəmilərin belə Xəzərdən üzməsinə qarşı çıxması başadüşüləndir. Amma Rusiya onun da izahatını verməlidir ki, niyə Xəzərdən Ukraynanı hədəf alır, məgər bu, 2018-də imzalanmış konvensiyaya zidd deyil?

Oqtay Qasımov: “Elçibəyin kasetləri həmin şəxsdədir, ala bilmirik” –

Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti beynəlxalq aləmdə gedən ciddi proseslər fonunda baş tutdu: "Bu cür sammitin baş tutmasını əslində ən çox istəyən dövlət Rusiyadır. Ukrayna müharibəsinə görə Rusiya dünyada təcrid olunmuş vəziyyətlə üz-üzədir və Rusiya prezidenti son 4 ayda ilk beynəlxalq toplantıda iştirak etmiş oldu. O ki qaldı bu toplantının müzakirə etdiyi məsələlərə, əlbəttə, müzakirə ediləsi xeyli mövzular var idi. Onlardan biri 2018-ci ildə sahilyanı ölkələr tərəfindən imzalanmış konnvensiyadır ki, bu, bütün ölkələrin parlamentləri tərəfindən təsdiqlənməlidir. Amma bu günə qədər İran parlamenti tərəfindən təsdiqlənməyib. Buna görə də sammit öncəsi xəbərlər yayıldı ki, Aşqabad sammitində qəbul edilmiş qərarların icra vəziyyəti və sözügedən konvensiyanın ratifkasiya olunması müzakirə olunacaq. Rusiya üçün Ukrayna müharibəsi başlayandan sonra Qərb sərhədlərində tamamən blokada vəziyyəti yaranıb. Ona görə Rusiya hazırda özünün xarici ticarət dövriyyəsini qaydaya salmaq üçün müxtəlif nəqliyyat infrastrukturları və dəhlizlər axtarışındadır. Bununla bağlı təşəbbüslərlə çıxış edir.

Xəzər dənizində sahilyanı dövlətlərdən başqa hansısa bir dövlətin mövcudluğu məsələsinə gəlincə, bu, ilk olaraq hesab edirəm Azərbaycana və Qazaxıstana mesajdır. Çünki bilirsiniz ki, keçən il İran tərəfindən Türkiyə hərbi dəniz qüvvələrinin guya Xəzərdə təlim keçdiyi iddiaları ortaya atılmışdı. O zaman da Azərbaycan bununla bağlı müvafiq cavabları vermişdi. Çünki bu məsələ hər zaman Rusiya üçün həssas məsələ olub. Biz də onun tərəfində olmuşuq ki, ümumiyyətlə, Xəzər dənizi təhlükəsizlik zonası olsun, burada hərbiləşdirmə baş verməsin". Politoloqun sözlərinə görə, Xəzər dənizində ən böyük hərbi donanmaya malik olan ölkə Rusiyadır. Son onillikdə Xəzər donanması Rusiya tərəfindən gücləndirilib, əlavə gəmilər, reaktiv raket sistemləri yerləşdirilib: “Hansı ki, bu raketlərdən Suriya müharibəsi zamanı Rusiya istifadə edib. Bundan başqa, hazırda Ukraynanın bir sıra yaşayış məntəqələri məhz Xəzər dənizindən Rusiya gəmilərindən atılan raketlərlə dağıdılıb. Əlbəttə, Rusiya digər ölkələr qarşısında bu məsələni qaldırdığında bu məsələlərə də aydınlıq gətirməlidir. Çünki Rusiya həmin addımlarla faktiki olaraq Xəzər regionunu hədəf halına gətirmiş olur.

Xəzər dənizində sahilyanı ölkələrdən başqa heç bir ölkənin mülki gəmilərinin olmaması məsələsinin gündəmə gətirilməsinə gəlincə, bu, Xəzərdə gəmi daşımaçılığına təsir edəcək amildir. Hər halda, sahilyanı dövlətlər bu məsələyə münasibət bildirərlər. Azərbaycan üçün önəmli odur ki, Xəzər üzərindən daşımalar artsın".  

Ekspert qeyd etdi ki, Rusiyanın Xəzərdən öz hərbi məqsədləri üçün istifadə etməsi gələcəkdə Xəzər üzərindən daşımaçılığı nəzərdə tutan layihələrə problemlər yarada bilər. Ona görə də Rusiya Xəzəri hədəf halına gətirməkdən çəkinməlidir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR