İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Bakıya qarşı ilginc 2025 planı

3569 10.06.2023 11:43 Son xəbər A A

Rus analitiklər reallıq hissini itiriblər; Qarabağı 20 illiyə Rusiyanın idarəçiliyinə vermək?

“İndiki şəraitdə Rusiyanın Qarabağda mövcudluğunu saxlamaq nöqteyi-nəzərindən ən yaxşı həll yolu Rusiyanın BMT Təhlükəsizlik Şurasından Dağlıq Qarabağı, məsələn, 20 il idarə etmək üçün mandat alması olardı”.

“Yeni Müsavat” xəbər verir ki, bu sərsəm fikri Ermənistan News-NEWS.am-in müxbirinə müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib.

Onun iddiasına görə, BMT Təhlükəsizlik Şurası (TŞ) “Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsindən imtina etdiyi üçün” belə bir qərar qəbul edə bilər.

“Lakin hazırda Rusiya ilə Qərb arasında qarşıdurma var. Çox güman ki, 2025-ci ilə qədər (2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın müddəti bitənə qədər - red.) bu qarşıdurma bitməyəcək. Ona görə də mövqelərin yaxınlaşmasını və Rusiya hərbi kontingentinin BMT-nin sülhməramlı mandatı alacağını gözləmək şübhəlidir. Əksinə, Qərb Rusiya üçün vəziyyəti mümkün qədər çətinləşdirməyə çalışır. BMT TŞ-nin qətnaməsi vəziyyəti yoluna qoya, Rusiya isə Qarabağda öz kontingentini saxlaya bilərdi. Ancaq Qərb Rusiya və Azərbaycan, eləcə də Ermənistan və Rusiya arasında münaqişə yaratmaq istəyir”.

Ardınca erməniləri “vəhşi azərbaycanlı” ilə qorxudan Aleksandrov deyib ki, Rusiya kontingenti çıxan kimi Ermənistanla münaqişə yaranacaq, çünki Dağlıq Qarabağda erməni əhalisinə qarşı etnik təmizləmə aparılacaq" və bunun da günahı Azərbaycanla yanaşı, Rusiyanın üzərinə düşəcək: “Ona görə Qərb Rusiyanın sülhməramlı qüvvələrinin statusunu dəstəkləməyəcək. Amma Rusiya bunu birtərəfli qaydada özü edə bilər. Bəyan edə bilər ki, Azərbaycan Qarabağ məsələsinin həllinə nail olmadığı üçün Rusiya Azərbaycanla Dağlıq Qarabağ erməniləri arasında münaqişə həll olunmayanadək etnik təmizləməyə yol verə bilməz və Qarabağda öz kontingentini saxlayacaq. Lakin bu variant Moskvanın siyasi iradəsindən asılı olacaq”.

Rusiyalı politoloqun iddiaları nə dərəcədə əsaslıdır? Sirr deyil ki, Moskvada 2025-dən sonrakı dövr üçün müxtəlif planlar üzərində baş sındırırlar. Bəs həmin ildən sonra Rusiya sülhməramlı kontingenti həqiqətən Bakının iradəsi ziddinə olaraq Qarabağda qala, yaxud bizim istəyimiz əleyhinə BMT TŞ-nin mandatını ala bilərmi - hansı ki, erməni separatçılarının da “çəhrayı arzuları”ndan biridir.

Ümumən Kremlin Qarabağla, 2025-lə bağlı konkret planı, ssenarisi varmı, yoxsa hər şey o ərəfədə bəlli olacaq? Ukraynadakı müharibənin nəticələrinin bu plana hansı təsiri ola bilər? Buradaca yada salaq ki, ara-sıra Rusiyadan Qarabağda “Donbas ssenarisi” ilə bağlı fitnəkar çağırışlar da səslənir.

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə  gələnlərdir”

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qarabağın protektoratlığa verilməsi barədə təklif bundan bir qədər əvvəl ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri tərəfindən səsləndirilmişdi. O təklif eləmişdi ki, Qarabağ Kosova kimi bölgənin protektoratlığına verilsin: “Mixail Aleksandrovun söylədiyi kimi, 20 il müddətinə Qarabağın Rusiyanın protektoratlığına verilmə ehtimalı ola bilərmi? Görünür, Aleksandrov reallıq hissini tamamilə itirib və Rusiyanın hansı vəziyyətdə olduğunu hələ də axıra qədər anlaya bilmir. BMT Təhlükəsizlik Şurası heç vaxt belə qərar qəbul eləməz. Ən azı, yaxın 10 ildə belə bir qərarın qəbul olunmaq ehtimalı yoxdur. Rusiyanın dünyadakı ”nüfuzu" buna imkan vermir. Bu vəziyyətdə Rusiya neyləyə bilər və onun Qarabağla bağlı planları nədən ibarətdir? Rusiya yaxşı anlayır ki, sülh sazişinin imzalanmasının qarşısını almaq qeyri-mümkündür və bu gücdə deyil. Mövcud vəziyyətdə Rusiya istəyir ki, heç olmasa, vasitəçiliyi əldən verməsin və sülh sazişi imzalandıqdan sonra bölgədə qalmaq imkanını özündə saxlasın. Qərb də buna imkan vermək istəmir. Qərbin son dövrlər xüsusilə fəallaşmasının kökündə də bu dayanır. Sülh sazişi Qərbin vasitəçiliyi ilə imzalanmalıdır və Rusiya bölgədən uzaqlaşdırılmalıdır. Qərbin istəyi budur. Burada Qərbin əsas müttəfiqi ilk növbədə Azərbaycandır. Ancaq Ermənistan da artıq Rusiya əleyhinə kifayət qədər kəskin bəyanatlar verir, cəsarətli mövqe tutmağa başlayır. Bu səbəbdən Rusiya sülhməramlılarının növbəti beş ildə yaxud daha uzun müddətə bölgədə qalması qeyri-mümkündür".

Bəs Rusiya zorakılıqla buna gedə bilərmi?

Siyasi şərhçinin fikrincə, Moskva təbii ki, buna getmək istəyər: “Ancaq gücü çatmaz və üstəlik artıq Rusiya elə vəziyyətə düşüb ki, bundan sonra suyu da üfürə-üfürə içməlidir, əgər başına yeni macəralar axtarmasa. Təbiidir ki, Qərb də qəti şəkildə Rusiyanın zorakılıq göstərərək bölgədə qalmasına imkan verməz. Azərbaycan da bunu istəmir. Türkiyə də buna imkan verməz. Ona görə də Mixail Aleksandrov kimi avantüristlərin sözlərini hesab edirəm ki, ciddiyə almağa ehtiyac yoxdur. Lakin bütün hallarda biz onu arzulayırıq ki, Ukrayna cəbhəsində Rusiya kifayət qədər ciddi məğlubiyyətlərə uğrasın və bir daha hansısa qonşu dövlətə qarşı zorakılıq göstərmək fikrinə düşməsin. Bu səbəbdən hamımız Ukraynanın yanındayıq, Ukrayna xalqının qələbə qazanmasını istəyirik”. 

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR