İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustan klipi

1491 28.04.2024 15:00 Yazarlar A A

Öncə zəhmətkeşlərimizi bu 28 aprel gününün acı xatirələrindən qurtulmaqları münasibətiylə təbrik edirəm. Sovet-rus işğalı neqativ hal idi, əgər o işğal baş verməsə bəlkə biz dünyanın lider dövlətlərindən biri idik, hərçənd, indi də vəziyyətimiz yaxşıdır. Müstəqilliyin qədrini bilməliyik. Müstəqillik olmasa bəlkə də biz bu günəcən KP MK ideologiya şöbəsinin müdiri Ramiz müəllimin istibdadı altında inildəyirdik. Getsin o günlər, gəlməsin. Sumqayıtda nəfəs almaq olmurdu. Hamıya çətin idi, proletariata lap çətin idi.

Hər gün müstəqillikdən ləzzət alırıq. Qiymətlər də günbəgün ucuzlaşır. Artıq saqqız və yumurtanın ardıyca kartofun qiymətində da azalma olduğunun anonsunu almışıq. Hələlik bölgələrdə qiyməti düşüb. Darıxmayaq, tezliklə Bakıya da çatar. Elə pomidorun qiymətinin 5 manatdan 3 manat 70 qəpiyə düşməsi sevindirici hal deyildirmi? Bu cür gözəl şərait varsa, nə üçün keçmiş pediatrlar və indiki məhkəmə hakimləri intihar edirlər? Azadlığa, müstəqilliyə təzə qovuşmuşuq. Yaşamaq, yaratmaq lazımdır.

Alber Kamyunun (qabaqkı vaxtlar olsa onun fransız yazıçısı olmasını qeyd edərdik, indi etmirik) bir yaxşı fikri vardır, deyir həyatın absurd, mənasız olduğunu dərk etdiyi anda insan azad olur. Məhz o anda yaşamağa başlamaq lazımdır. Məhz o absurdu dərk anı azadlıq və xoşbəxtliyin, gerçək həyatın başlanğıc anıdır. Lakin belə bir anda bəziləri özünü öldürür.

Bəlkə heç Kamyunun belə fikirləri yoxdur, amma hər halda maraqlı fikirlərdir, qəbul eləyin, getsin.

Nazim Hikmət bir zaman “Kərəm kimi” şeirində yazmışdı: “Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa”. Bəxtiyar Vahabzadə isə ondan təsirlənərək: “Şam əgər yanmasa, yaşamır demək, Onun da həyatı yanmağındadır” demişdir. Sözgəlişi, Bəxtiyar müəllimin Şəki şəhərində heykəli var, onun sponsoru deputat Cavanşir Feyziyevdir. Lakin bu yaxınlarda London məhkəməsi Cavanşir müəllimin Britaniyadakı bəzi pul və mallarına qadağa qoydu. Təbii ki, Cavanşir müəllim Bəxtiyar Vahabzadəyə heykəl qoymasa, ingilislər ona qadağa tətbiq etməzdi. (Ola bilər bu abzas köşəmizə səhvən düşüb. Heç özüm də anlamıram necə olub. Hazırda belə səhv abzaslar geniş yayılıb).

Mən “Avroviziya” yarışmasına göndərilən təzə müğənnilərimizin mahnısına, klipinə baxdım. Açığı, çox bəyəndim. Zövqlü iş alınıbdır. Qobustan, muğam, palçıq vulkanları da yerindədir. Səhv eləmirəmsə, ilk dəfədir biz muğam parçasını hansısa musiqiyə daxil edib dünya arenalarına çıxarırıq. İnanılmaz yenilikdir. Bir daha qutlu olsun deyirəm. İfaçılarımıza birinci yeri qaranti edirəm. Proqnozuma inanmayan varsa, darıxmayın. Üstəlik, ifaçı duet üzvünün birinin adı Fəxri, ikincisinin soyadı isə Dövlətovdur. Əsl dövlətçilik mövqeyi deyildirmi? Bunu düzüb qoşana halal olsun. Dövlətimizlə fəxr edirik.

Yalnız mahnının nəqaratı mənə çatmadı: “Gəl məni özünlə apar, Buralar mənə dar” deyir. Əgər Avropanın dar olduğunu nəzərdə tutursa, sözüm yoxdur. Əks halda, Azərbaycan sizə niyə dardır? Maşallah, hər cür azadlıqlarımız qorunur. Nəyi bəyənmirsiniz? Sən Qobustanda klip çəkirsən, aşağıda da dərədə məhbuslar oynaşır.

Dövlət yazdım, yadıma düşdü, əslində heç yadımdan çıxmır, indiyəcən azı 3 dəfə bunu yazmışam, diqqətli oxucuların bəlkə yadındadır, diqqətsizlər təzədən oxusunlar: Bakıda rəislərdən biri işçilərdən pul yığırmış, hər dəfə də bu yığımı belə əsaslandırır, and içirmiş ki, vallah, bu mənim özüm üçün deyil, dövlət üçündür. Bir gün rəis oğluna toy edir, dəvətnamə paylananda işçilər görür rəisin övladının adı Dövlət imiş.

Necə deyərlər, “Directed by Robert B. Weide”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR