Rusiya Federasiyası sanksiya altındakı xam neft və maye qazı (MQ/SPG) daşıyan xüsusi "kölgə donanması" gəmilərini rəsmən silahlandırmağa başlayıb. Bu addım Avropa dövlətlərinin və NATO qüvvələrinin dənizdə həmin gəmiləri saxlamaq və ya ələ keçirmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin hərbi mənbələrə istinadən yaydığı sensasiyalı məlumata görə, Rusiyanın ən iri və strateji maye qaz daşıyan tankerlərindən biri olan "Marşal Vasilevski" gəmisinin kapitan körpüsündə iki ədəd stasionar döyüş silahı quraşdırıldığı aşkar edilib. Hərbi ekspertlər bu silahların ilk növbədə Ukrayna və Qərbin dəniz dronlarından qorunmaq, həmçinin xarici hərbi dəniz qüvvələrinin gəmiyə mümkün aborjaj (borta çıxmaq) cəhdlərinin qarşısını almaq üçün yerləşdirildiyini bildirirlər.
Haaqa Strateji Araşdırmalar Mərkəzinin müdafiə məsələləri üzrə tanınmış mütəxəssisi Patrik Bolder məsələni şərh edərək qeyd edib ki, bu addım birbaşa NATO-ya ünvanlanmış çox ciddi bir xəbərdarlıq mesajıdır: "Rusiya bununla Qərbə açıq mesaj verir ki, bizim gəmilərimizə zorla daxil olmağa çalışmayın, çünki bu cəhd dənizdə birbaşa genişmiqyaslı müharibəyə səbəb ola bilər".
Nəşrə danışan Qərb kəşfiyyatının rəsmi nümayəndəsi isə etiraf edib ki, Moskva bu strateji hiylə ilə öz hədəfinə nail olub: "Əgər beynəlxalq sularda Rusiyanın kölgə donanmasına məxsus gəmilərin irikalibrli pulemyotlar və silahlarla təchiz olunduğu barədə kəşfiyyat məlumatları tam təsdiqlənərsə, Qərb ölkələrinin reyd və aborjaj əməliyyatları ilə bağlı bütün risk qiymətləndirilməsi kökündən dəyişəcək. Belə bir vəziyyətdə hansısa xüsusi təyinatlı qüvvələrin gəmiyə daxil olması ehtimalı praktiki olaraq sıfıra enir. Heç kim helikopterlə belə bir hərbi gəmiyə yaxınlaşmağa cürət etməyəcək. Əgər Rusiyanın məqsədi Qərbi qorxutmaq idisə, onlar artıq buna nail olublar".
Musavat.com






