İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazinin xanımının iddialarına- Rəsmi cavab

699 28.07.2022 17:30 Gündəm A A

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, iyulun 21-də Vətən müharibəsi iştirakçısı Vüsal Məmmədov intihara cəhd edib. 1987-ci il təvəllüdlü Ağdaş sakini dərman həbləri qəbul edərək özünü öldürmək istəyib.

Vüsal Məmmədovun xanımı Aynurə Məmmədova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, həyat yoldaşının içdiyi dərmanlar elə öz müalicəsi üçün qəbul etdiyi həblər olub. Qadının iddiasına görə, intihara cəhdə səbəb ərinin təzyiqlərə məruz qalmasıdır: “Müharibədən sonra həkimlər ona psixotrop tərkibli dərmanlar təyin etmişdi. Hadisə baş verən gün mənə zəng vurdu və dedi ki, “Polislər imkan vermirlər alver edəm, dərmanların hamısını içmişəm, daha yaşamaq istəmirəm”. Mən özümü mağazaya çatdırınca huşunu itirmişdi. Təcili yardım çağırıb onu xəstəxanaya çatdırdıq. Düz 78 saat koma vəziyyətində qaldı. Şükür, indi yaxşıdır”. 

Aynurə Məmmədovanın sözlərinə görə, hadisə mağazada baş verib: “Bir neçə ildir ki, rayonun mərkəzində kiçik bir mağaza icarəyə götürərək qab-qacaq satmaqla məşğul oluruq. Ailəni bu yolla dolandırırıq. Üç yaşında bir uşağımız da var. O müharibədə olanda mağazada özüm işləyirdim. Elə hadisə də həmin mağazada baş verib. Son vaxtlar rayonun polisləri tez-tez mağazaya gəlib, onu narahat edirdilər. Biz də yaxşı bilirik ki, küçə ticarəti olmaz. Malları ayaq altına yığmamışıq. Mağazanın qarşısında pilləkən var və satmaq üçün olan qabları ora yığırdıq. Yəni heç kimə mane olmurdu. Polislər tələb edirdilər ki, qabları oradan yığışdıraq. Vüsal da yığmayıb. Bundan sonra malları mağazaya polislər yığıb. Hadisəyə səbəb polislərin malları mağazanın içərisinə yığması olub. Həmin vaxt Vüsalla polislər arasında mübahisə düşüb, onunla kobud davranıblar”.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupundan müraciətimizə cavab olaraq bildirildi ki, Ağdaş rayon sakini, Vətən müharibəsi qazisi Vüsal Məmmədovun polis əməkdaşlarının onunla kobud davranmasından sonra artıq sayda dərman preparatı qəbul edərək zəhərlənməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Belə ki, Vüsal Məmmədov müharibədə aldığı xəsarətlər səbəbindən mütəmadi olaraq müalicə alıb və dərman preparatlarını vaxtlı-vaxtında qəbul edə bilməsi üçün onları daim üzərində daşıyıb. Həmin gün özü də bilmədən dərmanları normadan artıq qəbul etdiyi üçün zəhərlənib. Hazırda onun vəziyyəti normaldır".

Qazinin son vəziyyəti haqda məlumat almaq üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Tibb ocağının baş həkimi İntiqam İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, hazırda qazinin vəziyyəti yaxşıdır: “Bir-iki günə evə göndərəcəyik”. 

TƏBİB-dən də qazinin durumunun stabil olduğu, həkim nəzarəti altında müalicəsinə davam etdiyi bildirildi.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Vüsal Məmmədov müharibədə göstərdiyi rəşadətə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Onun intihara cəhdi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR