İnsanlara hürriyət, millətlərə istiqlal!

Finala gedən yol Kennedinin öldürüldüyü Dallasdan keçir: Bu gecə yalnız biri “sağ qalacaq” - Bir tərəfdə Mbappe, digər tərəfdə isə...

1439 14.07.2026 22:32 İdman A A

İLK yayım saatı: 14:26

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı artıq sona yaxınlaşır. Bu gün mundialın ən çox gözlənilən qarşılaşmalarından biri keçiriləcək.

WhatsApp Image 2026-07-14 at 12.54.04.jpeg (347 KB)

Bakı vaxtı ilə saat 23:00-da Avropa futbolunun iki nəhəngi sayılan Fransa və İspaniya milliləri üz-üzə gələcək.

Görüş Texas ştatının Arlinqton şəhərində yerləşən Dallas stadionunda baş tutacaq.

WhatsApp Image 2026-07-14 at 12.48.16.jpeg (179 KB)

Bu ad bütün dünyaya tanışdır, məhz XX əsrin cinayəti Dallasda baş vermişdi, ABŞ-nin 35-ci prezidenti Con Kennedi burada qətlə yetirilmişdi...

110058.jpg (86 KB)

Fransa-İspaniya duelinin qalibi iyulun 19-da dünya çempionatının finalına vəsiqə qazanacaq. Məğlub tərəf isə üçüncü yer uğrunda mübarizə aparacaq. Bu, sadəcə yarımfinal deyil, son illərin ən prinsipial futbol rəqabətlərindən biridir. Bir tərəfdə ikiqat dünya çempionu Fransa, digər tərəfdə isə Avropa çempionu İspaniya dayanıb. Hər iki ölkənin komandası mundial boyu çempionluğa layiq oyun nümayiş etdirib və indi onlardan biri böyük arzusuna bir addım da yaxınlaşacaq.

Qeyd edək ki, son illərdə Fransa və İspaniya arasında keçirilən qarşılaşmalar futbol ictimaiyyətinin daim diqqət mərkəzində olub. Xüsusilə İspaniyanın Fransa üzərində Avropa çempionatı və Millətlər Liqası yarımfinallarında qazandığı qələbələr bu dueli daha da prinsipial edib. İndi isə səhnə dünya çempionatıdır və bu görüşün dəyəri qat-qat böyükdür.

Didye Deşamın komandası revanş arzusu ilə meydana çıxacaq. Luis de la Fuente isə son illərdə Avropa futbolunda qurduğu dominant komandanı dünya çempionluğuna daha da yaxınlaşdırmaq niyyətindədir. Fransa turnirin əvvəlindən favorit statusunu doğruldur. Komanda həm hücumda məhsuldar, həm də müdafiədə etibarlı oyun nümayiş etdirib.

yjsfp0cCZZ98trvYg64nOpLC6eXTxfe4nnbDMQsI_1200.jpg (162 KB)

Fransızların mundial yoluna nəzər salaq:

Qruplarda Seneqalı 3:1, İraqı 3:0, Haalandlı Norveçi isə 4:1 hesabı ilə məğlub etdilər. 1/16 mərhələsində İsveçi 3 cavabsız qolla çempionatdan kənarlaşdırdılar. 1/8 mərhələsində Paraqvay minimal hesabla, dörddəbirdə isə güclü Mərakeş 2:0 hesabı ilə keçildi.

Fransa indiyədək turnirdə ən sabit komandalardan biri olub. Mbappenin liderliyi, Olisenin məhsuldarlığı, Dembelenin sürəti və Çuameninin mərkəzdəki işi komandanın əsas üstünlüklərindəndir. Ən diqqətçəkən məqamlardan biri isə Fransa müdafiəsinin etibarlılığıdır.

WhatsApp Image 2026-07-14 at 12.54.13.jpeg (94 KB)

İspaniya isə tamamilə fərqli futbol fəlsəfəsinə malikdir. Topa nəzarət, yüksək pressinq, qısa ötürmələr və texniki futbol ispanların ən böyük üstünlüklərindən sayılır. Luis de la Fuente komandası son iki ildə Avropanın ən baxımlı kollektivlərindən biri kimi qəbul olunur. İspaniya pley-off mərhələlərində əvvəlcə Avstriyanı, ardınca Portuqaliyanı, sonda isə Belçikanı sıradan çıxararaq yarımfinal hədəflərinə çatdı. İndi isə son iki hədəf qalıb, əvvəlcə Fransanı keçərək finala çıxmaq və orada da İngiltərə-Argentina qalibini udaraq ikinci dəfə dünya çempionluğu yaşamaq…

ubomOJXnZTkGRMvaDPQzzaRSwdFMv0x5Dhku0FPj_1200.jpg (181 KB)

İspaniya müdafiədə minimum səhvlə oynayan komandadır. Hücum xəttində isə Lamin Yamal, Niko Uilyams, Merino və digər futbolçular istənilən müdafiəni çətin vəziyyətə sala bilirlər.

Bu oyunun ən maraqlı qarşıdurması heç şübhəsiz ki, Kilian Mbappe və Lamin Yamal arasında olacaq. Gecənin dueli sayılır. Bir tərəfdə artıq dünya futbolunun simasına çevrilmiş Mbappe, digər tərəfdə isə dünən 19 yaşını qeyd edən, futbol dünyasını heyran qoyan Lamin Yamal dayanıb...

Mbappe sürəti, fərdi ustalığı və qol hissiyyatı ilə seçilir. Yamal isə driblinq, oyun quruculuğu və gözlənilməz qərarları ilə müdafiələri çətin vəziyyətə salır. Bir sözlə, bu qarşıdurmanı dünya futbolunun bu günü ilə gələcəyinin savaşı da adlandırmaq olar.

Bu görüşdə şübhəsiz ki, taktiki gedişlər də nəticəyə əsas təsir edəcək. Fransa millisinin baş məşqçisi Didye Deşam böyük turnirlərin ən uğurlu məşqçilərindən biridir. Onun komandası əks-hücumları mükəmməl qurur, müdafiədə intizamlıdır, standart vəziyyətlərdən maksimum istifadə edir. Luis de la Fuente isə topa sahib olmağa üstünlük verir, rəqibi yoraraq boşluqlar yaradır, cinah futbolunu maksimum dəyərləndirir.

eq09f8LbaojB4xe7qJRmONWqJ529o9W5biXTM65l_1200.jpg (147 KB)

Bütün bunlardan çıxış etsək deyə bilərik ki, bu görüşdə taktiki səhv edən komanda finaldan kənarda qalacaq. Oyunda həmçinin taleləri yarımmüdafiə həll edə bilər. Fransadan Çuameni və Zair-Emri, İspaniyadan isə Rodri, Fabian Ruiz, Merino arasında topa sahib olmaq uğrunda gedəcək mübarizə matçın ritmini müəyyənləşdirəcək.

Psixoloji üstünlük əsasən Fransa tərəfdə görünür. Hər halda verilən açıqlamalar bunu deməyə əsas verir. Belə ki, Fransa futbolçuları açıq şəkildə bildirirlər ki, Avropa çempionatındakı məğlubiyyətin acısını çıxmaq istəyirlər. Didye Deşam isə bunu “revanş oyunu” adlandırmasa da, futbolçuların motivasiyasının yüksək olduğunu gizlətmir.

1WGWhn8yB5WU1TfdjJzgDUjozIVSXWsN70R9K5xV_1200.jpg (180 KB)

Statistik üstünlüyə gəlincə, 50-50 demək olar. Fransa turnirdə daha çox qol vurub və hücum xəttində daha məhsuldar görünür. İspaniya isə daha az qol buraxaraq müdafiə baxımından seçilir. Məhz bu səbəblərdən dolayı Fransa-İspaniya dueli dünya çempionatı 2026-nın ən yüksək səviyyəli oyunu hesab edilir.

Beləliklə, Dallas stadionunda keçiriləcək 90 dəqiqə (və ya daha artıq) təkcə bir oyunun deyil, bütöv bir mundialın taleyini dəyişəcək. Dünya futbolunun milyonlarla azarkeşi nəfəsini içinə çəkərək bu möhtəşəm qarşılaşmanı gözləyir...

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR