İnsanlara hürriyət, millətlərə istiqlal!

İşə qəbulda yaş və cins ayrı-seçkiliyi: Şirkətləri bu cəza gözləyir

566 14.07.2026 22:54 İqtisadiyyat A A

Azərbaycanda əmək bazarında illərdir dəyişməyən, yazılmamış, amma sərt bir "qayda" formalaşıb: əgər yaşınız 45-i, xüsusən də 50-ni ötübsə, iş tapmaq sizin üçün demək olar ki, qeyri-mümkünə çevrilir. İllərin təcrübəsinə malik peşəkar mütəxəssislər kənarda qaldığı halda, gündəlik yayımlanan iş elanlarında "yaş həddi: 20-30", "maksimum 25 yaş" və ya "30 yaşadək" kimi sərt tələblər irəli sürülür.

Bununla da kifayətlənməyən əmək bazarında diskriminasiya təkcə yaşla məhdudlaşmır. Bir çox hallarda işəgötürənlər namizədin peşə bacarığını deyil, birbaşa cinsini əsas götürürlər. Bəzi vakansiyalarda yalnız qadın namizədlər axtarılır, digərlərində isə "yalnız kişi işçi tələb olunur" və ya "qadın namizədlər qəbul edilmir" kimi şərtlərlə insanların üzünə qapılar bağlanır. Vətəndaşlar arasında ciddi narazılıq və haqlı narahatlıq doğuran bu tendensiya, eyni zamanda, sosial ədalətsizliyin bariz nümunələrindən biri kimi qiymətləndirilir.

Bəs Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, şirkətlərin və ümumilikdə işəgötürənlərin vakansiyalarda bu cür yaş və cins tələbləri irəli sürməsi nə dərəcədə qanunauyğundur? Qanunvericilik bu halları necə tənzimləyir və hüquqları pozulan vətəndaşlar belə vəziyyətlə qarşılaşdıqda hansı addımları atmalıdır?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini deyib:"Ciddi və peşəkar işəgötürən üçün işçinin yaşı yalnız o zaman əhəmiyyət kəsb edə bilər ki, söhbət ağır fiziki güc tələb edən sahələrdən getsin. Belə hallarda daha enerjili, gənc kadrların seçilməsi başa düşüləndir. Ümumiyyətlə isə işə qəbul zamanı cins, yaş və ya digər fizioloji göstəricilərə görə məhdudiyyətlərin qoyulması yalnız xüsusi qanunvericilik sənədləri ilə tənzimləndiyi halda qanunidir. Məsələn, elə spesifik peşələr (stüardessa, hotellərdə qəbul şöbəsinin əməkdaşları və s.) ola bilər ki, orada daxili normativ sənədlərə əsasən müəyyən xarici görünüş, boy və ya çəki normativləri tələb olunsun. Qanunla tənzimlənməyən digər bütün hallarda bu cür məhdudiyyətlər birbaşa diskriminasiyadır".

​Hüquq müdafiəçisi qeyd edib ki, peşəkar işəgötürən 45 yaşlı mütəxəssisdən heç vaxt imtina etməz:" Çünki 40 yaşdan sonrası insanın peşəkarlıq baxımından ən yüksək inkişaf və yetkinlik dövrüdür. Təəssüf ki, bəzi qeyri-ciddi özəl şirkətlərdə, eləcə də qohumbazlıq prinsipləri ilə işləyən bəzi büdcə təşkilatlarında kənar şəxsləri işə qəbul edərkən yaş və cins amili bəhanə gətirilir. Dövlət qulluğunda isə vəziyyət fərqlidir. 1-5-ci kateqoriyalar üzrə qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəffaf şəkildə həyata keçirilir və burada heç bir diskriminasiyaya yol verilmir. Dövlət qulluğunda yaş məhdudiyyəti yalnız qanunla müəyyən olunmuş son çalışma həddi 65 yaşla bağlıdır ki, bu da dövlət resurslarının səmərəli istifadəsi baxımından tamamilə məntiqlidir. Aşağı yaş həddi isə 15 yaş müəyyən edilsə də, bu yaşda çalışanlara yalnız xüsusi sahələrdə və fərdi hallarda rast gəlinir".

​Sahib Məmmədovun sözlərinə görə, əmək bazarında yaş və cinsə görə ayrı-seçkilik yaradan iş elanlarının geniş yayılması ciddi problemdir:"Təəssüf ki, bu hallara qarşı effektiv mübarizə aparmaq çətindir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlama mexanizmlərinin məhdud olması və vətəndaşların bu barədə demək olar ki, şikayət etməməsi problemi dərinləşdirir. İnsanlar şikayət etmir, çünki gizli saxlanılan bu diskriminasiyanı hüquqi cəhətdən sübut etmək çox mürəkkəbdir.

​Bu problemin kökündə duran ən böyük səbəb isə Azərbaycandakı əmək bazarında tələb ilə təklif arasındakı disbalans və yüksək işsizlik dərəcəsidir. Ölkədə məhsuldar işçi qüvvəsi əsasən Bakı və Abşeronda cəmləşib. Regionlarda vakansiyaların, eləcə də Bakının özündə ixtisaslı fəhlə peşələrinə tələbatın olmasına baxmayaraq, paytaxtda iş axtaranların sayı həddindən artıq çoxdur. Əmək bazarına daxil olan gənclərin sayı bazarı tərk edənlərdən qat-qat çoxdur və bu tendensiyanın hələ uzun illər davam edəcəyi gözlənilir. Qapıda növbə gözləyən işçi kütləsinin çoxluğunu görən bəzi işəgötürənlər isə vəziyyətdən sui-istifadə edərək absurd tələblər irəli sürür və əməkhaqlarını süni şəkildə aşağı salırlar.

​Halbuki Azərbaycan qanunvericiliyi, o cümlədən Konstitusiya, Əmək Məcəlləsinin 16-cı maddəsi və "Gender bərabərliyinin təminatları haqqında" Qanun hər cür ayrı-seçkiliyi qəti şəkildə qadağan edir, hətta buna görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutur. Lakin kağız üzərindəki qanunlarla real praktika hələ də üst-üstə düşmür".


Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR