İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyni mənzilin bir neçə nəfərə satılması tarixə qovuşur

243 15.07.2026 01:12 Ölkə A A

Azərbaycanda daşınmaz əmlak bazarında illərdir müzakirə olunan problemlərin həlli istiqamətində mühüm dəyişikliklər hazırlanır. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi tikintisi başa çatmamış binalarda eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını almağı, dövlət qeydiyyatı prosesini xeyli sürətləndirməyi və uzun illərdir hüquqi status ala bilməyən qeydiyyatsız ev və torpaq sahələrinin rəsmiləşdirilməsinə imkan yaratmağı hədəfləyir. Layihəyə əsasən, mənzil alan şəxslərin hüquqları tikinti başa çatmadan dövlət reyestrində qeydiyyata alınacaq, daşınmaz əmlakın qeydiyyatı isə 10 iş günündən 1 iş gününə endiriləcək.

Bəs təklif olunan dəyişikliklər tikinti sektorunda vətəndaşların ən çox üzləşdiyi problemləri həqiqətən aradan qaldıra biləcəkmi? "Təminat qeydi" mexanizmi dələduz tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satmasının qarşısını tam alacaqmı?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu Musavat.com-a belə şərh edib: "Bu mühüm bir problemdir. Ölkədə ilkin inşaat mərhələsində, yəni bina istismara qəbul olunana və çıxarışla təmin edilənə qədər bir çox tikinti şirkətlərində bu kimi qanun pozuntuları baş verib.

Baxmayaraq ki, bu sahədə kifayət qədər böyük həcmdə şəxslər məsuliyyətə cəlb olunublar, bu tipli qanun pozuntularından doğan problemlər hələ də açıq qalır. Yəni günü bu gün də, elə 2026-cı ildə də, 2025-ci illərdə də belə hallar aşkarlanmaqdadır.

Hətta layihələrin birində, Bakı şəhərinin Nizami rayonunda "Vesta Construction" MTK tərəfindən, bəzi məlumatlara əsasən, 70-dək vətəndaş aldadılıb. Ümumi məbləğ isə 10 milyon manata yaxındır.
Bu isə o deməkdir ki, vətəndaşların bu sahədə hələ də riskləri var. Baş verən hallarla bağlı məsələlər illərlə məhkəmələrdə qalır və bəzi hallarda heç vətəndaşların xeyrinə həll olunmur.

Tikinti şirkətləri tərəfindən qanunvericilikdəki boşluqlardan istifadə edilməsi halları, nəzarət mexanizminin olmaması səbəbindən hələ də aktualdır".

Ekspertə görə, bu sahəni rəqəmsallaşdırmağın və digər alternativ yollarla nəzarət mexanizmini tətbiq etməyin tam zamanı gəlib çatıb:"Məsələn, hələ 2021-ci ildə korrupsiyaya qarşı nəzarətin gücləndirilməsi istiqamətində layihənin icra olunmasında , yəni tikinti şirkətlərinin bu prosesə cəlb edilməsində, müvafiq nəzarət mexanizminin yaradılması nəzərdə tutulmuşdu. Lakin bu, bu günə kimi reallaşdırılmayıb.

Əslində, bu addım çoxdan atılmalı idi və prosesi uzatmağın heç bir əsası yoxdur. Hansı formada həyata keçiriləcəyinə dair detallı şəkildə qanunda müəyyən normativ hüquqi aktlar təmin olunmalıdır ki, bu mexanizm tam şəffaf şəkildə işləsin, tikinti şirkətləri prosesə sıfırdan başlayaraq qoşulsunlar və sözsüz ki, burada dövlət nəzarətində iştirak edən tərəflər də yer alsınlar".

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR