Sabiq deputat Etibar Əliyevin mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı sosial şəbəkədə paylaşdığı status geniş müzakirələrə səbəb olub. O, paylaşımında Hacı Şahinin tərəfdarlarının səhifəsində “təlatüm yaratdığını” bildirərək bunları yazıb: “Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun: Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu? Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan sayda adamlar tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir”.
Paylaşım Hacı Şahinin sevənləri tərəfindən birmənalı qarşılanmayıb, polemikalara səbəb olub. Ümumiyyətlə, zaman-zaman mərhum ilahiyyatçı ilə bağlı bu kimi fikirlər səsləndirilir.
Dini məsələlər üzrə ekspert, siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a məsələ ilə bağlı fikir bildirib: “Əslində, Etibar bəy mərhum Hacı Şahinlə bağlı iki status yazıb. Birinciyə ictimai etiraz çox olduğu üçün ikincisini yazıb. Birincidə Hacı Şahini tarixçi alim Aydın Balayevlə müqayisə edib. Hər iki müqayisə, yəni mərhum Hacını Aydın Balayevlə və ya Mirəsədulla Mirqasımovla müqayisə edir və bu zaman onları üz-üzə qoyur. Bu doğru deyil. Əvvəla, Hacı Şahin elm düşməni və ya alimlərə qarşı olmayıb ki, onlar üz-üzə qoyulsun. Hacı Şahini Azərbaycan və Azərbaycandilli coğrafiyada milyonlarla insan tanıyır, sevir. Çünki din adamıdır, insanlara, onların ruhani ehtiyaclarına xitab edir. Bu məsələdə elmi dərəcə, savadlılıq dərəcəsi fərq etmir, hər kəsin ruhani-mənəvi tələbatı var. Bir insanın elm adamı olmaması onun dinsiz, ateist olması demək deyil. Bu iddia artıq çoxdan çürüdülüb. Yəni hər təbəqədən, hər kateqoriyadan olan insanlar arasında Hacı Şahini sevən, onu dinləyən insanlar var və onların Hacını ziyarət etməsi təbiidir”.

Kənan Rövşənoğlu fikirlərini davam edərək müqayisənin qüsurlu olduğunu bildirir: “Hacı Şahin din adamı, xətib olaraq hər cümə günü canlı olaraq məsciddə minlərlə insana, internet və sosial media vasitəsilə isə milyonlarla insana xitab edib. Onun tanınması, məşhur olması təbiidir. Aydın Balayev və ya Mirqasımov da elm adamları olub, əlbəttə, onları oxuyan, tanıyan insanlar ehtiram göstərir və göstərəcək. Amma 3 il əvvəl gənc yaşda dünyadan köçmüş milyonların sevimlisi bir din adamını ziyarətə getdiyi üçün cəmiyyəti qınamaq, tarixçi alimin qəbri üstünə gedənlərin az olmasına görə insanları ittiham etmək haqsızlıqdır.
Nəhayət, Hacı Şahin bu qədər tanınırsa, bunu öz zəhməti, istedadı ilə əldə edib. Burada kimsə məcbur edilməyib. Amma əgər ölkədə xalq tarixçi alimi tanımırsa, bunun günahı Hacı Şahində deyil. Efirə alimi deyil, müğənni çıxaran TV-lər, elm adamına dəyər verməyən elm və təhsil qurumlarındadır.
Nəticə etibarilə, bu cür müqayisə cəmiyyəti dindar və dinsiz olaraq bölməyə xidmət edir. Halbuki Etibar bəyin etiraf etdiyi kimi, Azərbaycan xalqının görkəmli alimi akademik Mirəsədulla Mirqasımov ateist sovet dövründə belə dini inancından imtina etməyib, həm elmi, həm də dini bir arada tutubsa, o zaman bu xalqı din xadiminə ehtiram etdiyi üçün necə ittiham etmək olar?”
Afaq Mirayiq,
Musavat.com






