İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı xuntaçıların özünüifşa həftəsi: blokada tamaşasının qəmli sonluğu

1698 26.07.2023 09:52 Siyasət A A

Sıfır nəticə, iflas olan ultimatum! Terrorçu-kriminal ünsürlər başlarını itirib; politoloq: “Erməni sakinlər belə separatçılara kütləvi dəstək vermədi...”

Qarabağdakı erməni sakinləri girov saxlayan separatçı-quldurların Bakıya qarşı “həftə”lik şantaj-ultimatumunun vaxtı bitdi. Gözlənildiyi kimi, “stəkanda fırtına” yaratmaq istəyən xuntaçılar qara-qışqırıq salmaqdan savayı heç nəyə nail olmadılar. Yalnız özünü-ifşa!

Separatçı tör-töküntülərin və onların xaricdəki, özəlliklə Fransadakı havadarlarının ötən ilin dekabrından (Laçın yolunda ekoloqların etiraz aksiyasından) başlayan və hələ də davam edən “blokada” şivəni getdikcə dünyada daha az diqqət çəkməkdə, lap dəqiqi, siyasi şou, tamaşa kimi qəbul olunmaqdadır.

Təbiidir. Çünki Azərbaycan tərəfdən heç vaxt, heç bir blokada olmayıb, yoxdur. Dövlətimiz, sadəcə, öz suveren hüququndan istifadə edərək, yolun separatçılar və Rusiya “sülhməramlı” qüvvələri tərəfindən qeyri-humanitar, hərbi və terror məqsədilə istifadəsini önləmək üçün onu sadəcə, nəzarətə götürüb, sərhəddə “Laçın” yoxlama-buraxılış postu qoyub.

Üstəlik, Bakı separatçılara alternativ Ağdam yolunu təklif eləməklə, ermənilər isə həmin yolu kəsməklə, özlərini dünyada daha da rüsvay ediblər, öz “təbliğatlarını” sıfırlayıblar. Üçüncü tərəfdən bu necə blokadadır ki, 8 ayda bir erməni belə acından ölməyib, Xankəndi mağazalarında hər şey var?!.

“Araik Arutyunyan bundan sonra nəinki "aclıq aksiyası", hətta intihara cəhd etsə belə, nəticə dəyişməyəcək, çünki məsələ erməni əhalisinin təminatıdırsa, Azərbaycan bunu öz üzərinə götürür, separatçıların etdikləri isə öz mövcudluqlarını saxlamaq, separatizmi davam etdirməkdir. Bu, artıq beynəlxalq müstəvidə qəbul olunmur".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

 Asif Nərimanlı

“Yeni Müsavat”ın məlumatına görə, bunu siyasi analitik Asif Nərimanlı deyib.

“İkincisi, separatçılar Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribat hücumları edə, bununla eskalasiya yarada və erməni əhalisini qırğına verərək, reinteqrasiyanın qarşısını ala bilərlər: bu ssenari hələ də aktualdır, lakin belə bir cəhd onların özünün məhvi ilə nəticələnəcək”, - deyə analitik vurğulayıb əlavə edib ki, erməni əhalisinin separatçılara kütləvi şəkildə dəstək verməməsi də onların vəziyyətini daha da çətinləşdirir.

Bu xüsusda elə ermənilərin öz içində acı gerçəyi etiraf edənlər var. Məsələn, Xankəndidə Bakıya qarşı keçirilən etirazlarla bağlı erməni ekspert Roman Baqdasaryan öz Teleqram kanalında belə yazıb: “Neçə gündür etiraz aksiyası keçirilsə də, nəticə sıfırdır. Nəinki dünya birliyi, heç ermənilərin özləri aksiyaya əhəmiyyət vermir. Çünki dünya Rubeni, Araik və Qurgeni Rusiyanın qulu kimi qəbul edir. Ona görə də nəticə sıfırdır”.

Baqdasaryan “ümumilli” hərəkatı dəstəkləməkdən imtina edənlərin uzun siyahısını da verib: “Rusiya erməniləri aksiyaya dəstək verməkdən qəti şəkildə imtina ediblər. 1,5 milyon ermənidən bir nəfər belə Azərbaycan səfirliyi və Rusiya Xarici İşlər Nazirliyinin binası qarşısında piket keçirməyib. Rusiya Ümümerməni İttifaqı, Ezras diaspor rəhbərləri susur. Fransanın 500 min ermənisinin və bütün Avropa ölkələrinin ermənilərinin "ölümcül sükutu". ABŞ erməniləri bütün bunları dəstəkləməkdən birmənalı şəkildə imtina ediblər. ABŞ və Avropadan bir dənə də olsun erməni bloger aksiyaya qoşulmayıb. Bütün Ermənistanda yalnız Hadrut sakinləri Rusiya səfirliyi və BMT-nin ofisi qarşısına aksiya keçiriblər".

Sözünə davam edən Baqdasaryan bildirir ki, Rusiyada və Avropada yaşayan minlərlə Qarabağ ermənisi də Ruben, Qurgen, Araikin mitinqini dəstəkləməyiblər: “İrəvanda 35.000-dən çox qarabağlı erməni yaşayır. Onlardan heç biri Xankəndidəki aksiyanı dəstəkləmək üçün posterlə çıxmayıb. Kim Kardaşyan, Şer, Serj Tankiyan, Yura Movsisyan, Henrix Mxitaryan və digər məşhur erməniləri dəstəkləməyiblər. Türkiyədə erməni millət vəkili də dəstək vermədi. Gürcüstandakı erməni diasporu dəstəkləmədi. Samvel Karapetyan bir sözlə dəstəkləmədi, Kamo Avaqumyan dəstəkləmədi, heç kim onların oliqarxlarını dəstəkləmədi. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan əvvəllər Qarabağda ”hakimiyyət"də çalışsa da, piketlərə getmir. Rusiya FTX-nin əməkdaşı Ruben Vardanyanın müsahibəsi il boyu göstərilsə də, heç bir Rusiya kanalı Qarabağdakı mitinqləri göstərmir. Dünya Rubeni, Araik və Qurgeni Rusiyanın qulu kimi qəbul edir, dünya Rusiyaya nifrət edir, onunla birlikdə Qarabağ hakimiyyətinə də nifrət edir".

Oxu.az - Paşinyan: “Ermənistan Qarabağ əhalisinin taleyini həll edə bilməz”

Odur ki, hər çapdan olan radikal-revanşistlərin cəhdləri boşa çıxıb və çıxacaq. Xüsusən də “Qarabağ klanı”nın təsiri altında olan qüvvələrin və onların təmsilçilərinin.

“Paşinyan açıq şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyir və etiraf edir. Üstəlik, bunun müqabilində qarşılıqlı tələb (?! - red.) irəli sürmür”.

Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk videomüraciətində bildirib.

Onun fikrincə, Paşinyanın siyasətinin davamı olaraq sənədin imzalanması nəticəsində Qarabağ erməniləri Azərbaycanın tərkibində əriyib gedəcək.

“Bakı ilə Xankəndi arasında dialoqun olacağından bəhs edən tezis formallıqdır, xalqın gözünə kül üfürmək cəhdidir. Sənədi imzalayandan sonra dialoqun başlandığı andan hesab edin ki, artıq Qarabağ Azərbaycanın tərkibindədir və məsələ bağlanıb”, - deyə revanşist-ünsür təlaşını gizlətməyib.

Bəs nə bilmişdiniz? Azərbaycan 30 il işğal dövründə separatçı qurumu münaqişə tərəfi (danışıqların müstəqil subyekti) kimi tanımayıbsa, bundan sonramı tanıyacaq? Artıq ağıllanmaq və yeganə doğru qərarı vermək zamanıdır. Erməni xalqı həqiqətən sülh, qonşularla dinc birgə yaşayış istəyirsə, oskanyan, vardanyan, arutunyan kimi avantüristləri və siyasi dələduzları təcrid eləməlidir. Həm də bacardıqca tez. Sabah gec olacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR