Atəşkəs anlaşması olsa da, İranla İsrail və ABŞ arasında gərginliklər səngimir, hava zərbələri fasilələrlə davam edir. Gərginliyə son qoyulmasını, tərəflərin münasibətlərini masada müəyyənləşdirilməsini ən çox istəyən ölkələrdən biri Azərbaycan Respublikasıdır. Amma bunun əvəzində...
İran İslam Şurası Məclisinin (parlamentin) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəz Zöhrəvənd Azərbaycanı hədələyib. Anormallıqdır! Başqa ad axtarmağa gərək yox. Sənin ölkənin başına bombalar yağdıranlar başqa, milyardlarla zərər vuranlar, vətəndaşlarını, hərbi və siyasi rəhbərliyini, hətta dini liderini öldürənlər başqaları, amma sən müsəlman qonşunu təhdid edirsən, belə bir xəstə düşüncə sahibinə deməyə söz tapmır adam.

Özü də bu, fars şovinisti Azərbaycan dövlətini “üç-dörd saata yer üzündən silməklə” hədələyib. İsraili də bir neçə saata yer üzündən siləcəklərini deyən generallar, İran yetkililəri indi o dünyada inkir-minkirin suallarına cavab verirlər. Elələri də var idi ki, Zəngəzur dəhlizinin daşını ikiəlli götürüb öz başına salmışdı, altından çıxa bilmirdi. Digərləri Qarabağın işğaldan azad olunmaması üçün əlindən və dilindən gələni edirdi. Başqalarının 44 günlük Vətən müharibəmizdən, bir günlük antiterror əməliyyatından sonra yuxusu qaçmışdı, Azərbaycanı hədələyir, işğalçı və separatçılara gizli-açıq dəstək verirdilər. Sonrası məlumdur. Biz dövlət və vətəndaş olaraq heç kəsin pisliyini istəmirik, hətta bizə pislik edənlərin də nəhayət, düz yola gəlməsi üçün təşəbbüslər göstərir, dualar edirik. Lakin görünən budur ki, Əbülfəz Zöhrəvənd kimilər islah olmaq istəmirlər.
Özü də onun anti-Azərbaycan mövqeyi yeni deyil. İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından çox-çox əvvəllər də həmin bu Əbülfəz Zöhrəvənd Azərbaycana çamur atmaqla məşğul idi, internetdə azacıq axtarış verməklə onun gerçək mahiyyətinə bələd olmaq mümkündür.
2024-cü ilin mayında Zöhrəvənd “Şəbab Press” saytına müsahibəsində demişdi ki, Azərbaycan Respublikasının hökuməti sionist və qərb siyasətini həyata keçirir, Azərbaycan Respublikasının müsəlman xalqı yaxşı vəziyyətdə deyil, Əliyev hökuməti qərb siyasətini və təfəkkürünü təbliğ edir. Başqa avantürist sayıqlamaları da var idi. Ölkəsində haqqı danışanın dili kəsildiyi, dərhal “İsrail və Amerika cəsusu” damğası ilə dar ağacına aparıldığı, kranlardan asılmış kəndir boğazına keçirildiyi halda, Azərbaycanın daxili işlərində eşələnir.
“Biz görürük ki, Azərbaycan hökumətinin İslam ölkələri ilə qardaşlıq əlaqələri yoxdur və sionist rejim Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda Azərbaycan hökuməti sionist rejimə qarşı dəqiq bir mövq nümayiş etdirmir”, kimi gülünc iddianı hələ illər öncə dilə gətirən iranlı deputat ondan əvvəl də ağlına və ağzına gələni danışmışdı. Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibəsində Zöhrəvənd hətta “Azərbaycan deyə bir yer yoxdur. Onlar İran azəriləridir. Onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir”; “Azərbaycan İran üçün qorxunc fenomen və potensial təhdidddir”; “Naxçıvan və bütövlükdə Azərbaycan İrana ilhaq edilməlidir”, - kimi cəfəngiyatlar söyləmişdi.
Nə qədər anlaqsız olmaq lazımdır ki, min illərlə dövlətçilik tarixi olan, imperiya qurmuş qonşuya qarşı belə çamur atasan, savadsız iddiaları dilə gətirəsən. Özü də İran parlamentinin deputatı, hətta təhlükəsizlik komitəsinin üzvü. Bu da son deyil. Zöhrəvənd İranın nüvə danışıqları heyətinin keçmiş üzvü, Əfqanıstan və İtaliyadakı keçmiş səfir olub. Düzdür, o, daha çox İran xüsusi xidmət orqanlarının, SEPAH-ın eksperti kimi məşhur olub.

O da bəllidir ki, Zöhrəvənd özfəaliyyətlə məşğul deyil, Azərbaycana qarşı cəfəngiyyatları ona dedirdən var. Sistemin adamı ona verilən tezislər üzərində hərəkət edir. Konkretləşdirsək, Zöhrəvənd “İran rejiminin Jirinovskisidir”. Jirinovski, ondan sonra “iş başında” olanlar, postsovet məkanına, o cümlədən Azərbaycana dil uzadanlar da özbaşına danışmırdılar və danışmırlar, onlar konkret tapşırıq əsasında hərəkət edir, suları bulandırır(dı)lar. Eynilə həmin bu iranlı deputat… Özü də tək deyil. Vaxtaşırı estafet çubuğunu bir-birinə ötürürlər: Amuli, Vəhidian, Sobhani, Şirqulami, Vilayəti…Bunlar Azərbaycan üzrə “ixtisaslaşan” rejim qırğılarıdır…
Təsəvvür edin, Zöhrəvənd müxtəlif vəzifələrdə, o cümlədən prezidentin müşaviri, Ali Milli Təhlükəsizlik Şurasının katib müavini, İranın nüvə danışıqları qrupunun üzvü, eləcə də İranın İtaliya və Əfqanıstandakı səfiri kimi fəaliyyət göstərib. Özü də islami düşüncəyə əsaslanan beynəlxalq münasibətlər üzrə analitik və nəzəriyyəçi hesab olunur. Bu qədər mərhələləri adlamış birisi, üstəlik diplomat müstəqil bir ölkəni ilhaqa çağırır! O bir müddət İran Kəşfiyyat Nazirliyində inzibati və maliyyə məsələləri üzrə müavin vəzifəsində də çalışıb. Araşdırmalar zamanı məlum oldu ki, Zöhrəvənd 2008-ci ilin yanvarında daha çox gündəmə gəlib. O zaman İranın xarici işlər naziri Mənuçöhr Mottəki İtaliyadakı səfirin və İranın İtaliyadakı nümayəndəliyinin fəaliyyətini yoxlamaq üçün Romaya xüsusi heyət göndərib. Zöhrəvənd isə nəinki həmin heyətin yoxlama aparmasına mane olub, hətta onları Tehrana geri qaytarıb. Məlumata görə, onun İtaliyadakı səfirlik dövrü səmərəsiz idarəçiliklə müşayiət olunub, səfirlik əməkdaşları, dövlət, parlament və ictimai nümayəndə heyətləri tərəfindən idarəetmə ilə bağlı çoxsaylı şikayətlər irəli sürülüb. Bu dövrdə İranın İtaliyadakı səfirliyi ilə bağlı geniş həcmli iş materialları toplanıb və nümayəndəlikdə dəyişikliklərin aparılması qaçılmaz hesab edilib.![]()
Onun eks-prezident Mahmud Əhmədinejada, həmçinin İran İslam Respublikasının Ali Dini Şurası Məclisinin keçmiş sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni ailəsinə yaxın şəxslərdən olduğu deyilir. Hətta İranın yeni dini liderinə yaxın birisi kimi də xarakterizə olunur. Deməli, heç bir halda öz sözünü demir. Ən azı ona “kəs sözünü və əbsəm ol!” deyən səlahiyyət sahibləri var. Onlar niyə susublar? Niyə demirlər ki, sən bizi niyə dost ölkə ilə də düşmən etmək istəyirsən?! Azərbaycanla normal münasibətlərin davamında maraqlı olan, SEPAH-ın təzyiqləri altında işləyən, vaxtaşırı istefa niyyəti ilə gündəmə gələn Prezident Məsud Pezeşkianın özünün də bunların əlindən bezar olduğu aydındır.
Yeri gəlmişkən, İrana qarşı müharibənin ən ağır günlərində Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Həmçinin Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyərək, növbəti humanitar yardımın göndəriləcəyini söyləmişdi. Dediyi kimi də oldu. Azərbaycan hətta Rusiyanın İrana göndərdiyi humanitar yardım üçün tranzit ölkə oldu, bütün risklərə rəğmən, normal qonşuluq siyasəti yürütdü, qonşu evin alovunun söndürülməsi, dinc insanların həlak olmaması üçün əlindən gələni etdi, dəstəyini əsrigəmədi. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını dəfələrlə bəyan edib. Elə son günlərdə, Qurban bayramı münasibətilə Məsud Pezeşkianla İlham Əliyev arasındakı telefon danışığında da Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzuları ifadə olunub, İran Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib. Prezident İlham Əliyev isə öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

2 iyunda isə M.Pezeşkian Azərbaycanın Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda bildirib: “Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik. Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir”.
İran Prezidentinin belə bir təbrikindən sonra parlament üzvünün ağzına gələnləri tirajlaması həm də elə ölkəsinin prezidentinə qarşı açıq hörmətsizlik, onu sındırmaq, pis vəziyyətdə qoymaqdır!
Beləsinin ağzı çoxdan yumulmalı, deyilməli iid ki, düşmənini tanı, Azərbaycanı incitmə, əks halda ziyan çəkərik! İran hökuməti bu cür ağzının sözünü bilməyənlərin azını yummalıdır! Söhbət keçmiş SEPAH-çıdan, istefada olan generaldan getmir, İran parlamentinin komitə üzvündən gedir! Bu adam rəsmi mövqe sahibidir, susqunluq o anlamı verir ki, dövlət qurumları da bu, anormal yanaşmanı bölüşür. Biz Azərbaycan dövləti olaraq unutmamışıq, Qarabağın işğalı illərində İranın Ermənistan üçün “nəfəslik” olmasını, ermənilərlə birləşib, torpaqlarımızı talayıb bazara çıxaran İran vətəndaşlarını, Yuxarı Gövhərağa məscidini “təmir” edən İran şirkətini, 44 günük müharibədə Araz çayı boyunca bizim orduya maneələr yaratmasını, Zəfərimizdən sonra ölkəmizə hərbi təlimlərlə hərbə-zorba gəlinməsini, çox illər öncə hava məkanımıza müdaxilələri... İndi də Ermənistana yenə silah - sursat satırlar. Bütün bunlara aydınlıq gətirməlidir müsəlman qonşumuz! Yoxa “Qara məni basınca...?”
Maraqlıdır, keçən ay ardıcıl 7-ci dəfə İran parlamentinin sədri seçilən Məhəmməd Baqir Qalibaf deputatının sərsəmləmələri barədə nə deyir, nə düşünür? Azərbaycan İranla normal münasibətlərə o qədər böyük önəm verir ki, hətta İranla bağlı müəyyən sərt fikirlər səsləndirən deputata belə töhmət verilib vaxtilə. Bəs İrandan niyə anoloji addım müşahidə etmirik?..Belə qonşuluq, belə müsəlman qardaşlığı, həmrəyliyi olmaz! İki gündən bir Azərbaycanı işğalla hədələyirlər və belə sərsəmləmələrin üstündən keçilir, münasibətləri pozmaq istəyənlər haqqında hansısa inzibati tədbir belə, görülmür. Azərbaycan əleyhinə yekə-yekə danışan Zöhrəvənd özünə sual versin: belə qüdrət sahibi idi(lər)sə, niyə özlərinin dini liderlərini qoruya bilmədi(lər)?! Bu müharibədə çoxları öldü, amma bu deputat sağ-salamat qaldı. Bəlkə öz cəbhədə vuruşub, xəbərimiz yoxdur? Şübhəmiz yoxdur, dünən amerikan və İsrail raketləri atılanda yenə də bunkerdə daldalanmışdı. Sabah da eyni vəziyyət yarananda qaçıb gizlənəcək. Çıxan kimi, Azərbaycanı hədələyəcək. Ay adam, sənə raket atan, ərazisindən raketlər atılan Azərbaycan deyil, nə hərzə-mərzə danışırsan?!






