İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaçaqmalçılığın əsasları

1291 10.03.2024 19:33 Yazarlar A A

“Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görükməyib!”

(həmin əsərdən)

Bilənlər bilir, milli ədəbiyyatımızın klassik əsərlərindən biri – Axundovun 1852-ci ildə yazdığı “Sərgüzəşti mərdi-xəsis”, ya da daha çox “Hacı Qara” adıyla tanınan komediya qaçaqmalçılıq süjeti üzərində qurulub. Pyesin qəhrəmanı Heydər bəy Sona xanımla evlənmək istəyir, lakin pulu yoxdur. Varlı tacir Hacı Qaranı dilə tutur, gedib İrandan onun puluyla qaçaq mal gətirirlər, satır, evlənir. Lakin işin üstü açılır, çar hökumətinin polisləri bunları tutur.

Bu əsərin mənim şəxsi taleyimdə də hardasa rolu olacaqdı, birtəhər qurtulmuşam, ona görə yadımda xüsusi qalıb. Yaşlı adamlar xatırlayar, test üsuluna qədər biz ali məktəbə girmək üçün ayrı-ayrı qəbul imtahanları verərdik, bunlardan biri də ədəbiyyatdan inşa yazmaq üzrə olardı. 1989-cu ildə orta məktəbi bitirib ali məktəbə girmək üçün bu inşa imtahanını verəndə mənim bəxtimə 3 inşa düşmüşdü, onlardan biri məhz “Hacı Qara” pyesində Sona və Tükəz surətləri” idi. O mövzuları hansı sarsaq alim tərtib eləmişdi, bilmirəm, amma bir abituriyentin həmin pyesdə faktiki 2-3-cü dərəcəli obrazlar olan iki qadın haqda 4 səhifəyə yaxın (həcm bu qədər olmalıydı, ağ vərəqləri elə verirdilər) şəxsi düşüncələrini yazması mümkünsüz bir iş idi. Bəlkə güc-bəla 2 səhifə yazardım. O baxımdan alternativ kimi qoyulan “Süleyman Rüstəmin cənub şeirləri” temasını seçməli olmuşdum. Şeir mövzusunda inşanın da bir çətinliyi vardı ki, orda şairdən sitat verməliydin, həmin sitatlarda nöqtə-vergüləcən hər şey düz olmalıydı. Hər abituriyentə 3 variant təklif edilirdi, 3-cü daha bərbad idi: “Dünyaya sülh gərəkdir”.

Uzun sözün qısası, hazırda ölkəmizdə qaçaqmalçılıq ittihamlarının artması bizdə klassik süjetlərin, milli-mənəvi dəyərlərimizin qorunmasından xəbər verir – bunu yazmaq istəyirəm. Müstəqilliyin ilk dövrlərində bizim jurnalistləri əsasən vətənə xəyanət, terror kimi maddələrlə suçlayardılar. 2000-ci illərdə narkotik maddələr dəbə mindi. Hazırda isə qaçaqmalçılıq üstünlük təşkil edir. Hansı yazarı tuturlarsa, hökumət onun evindən çoxlu valyuta tapdığını bildirir.

Burada istər-istəməz, ilk andan belə sual yaranır ki, bu yoldaşlar həmən valyutaları sərhəddən necə keçiriblər? Bir nəfər olar, iki nəfər olar, başa düşərik... Amma azı 10-15 nəfər qaçaq yolla pul gətirməkdə ittiham edilirsə, gömrük və sərhəddə nələrinsə yerində olmadığı sualı yaranır. İndiki koronavirus epidemiyası dövründə bu, müsbət hal deyildir. Bu gün dollar gətirən, sabah virus gətirər! Dəhşət, ujas. Hamımız qırılarıq. Hökumət sərhədi bağlı saxlayır, bəziləri isə sui-istifadə edir, ona tapşırılan hissədə sərhədi açıq qoyurmuş...

Mən təklif edirəm videolara baxılsın, həmin günlərdə sərhəddə qarovulda kim olubsa, hamısını tutub, basaq. Qanun qarşısında hamı bərabərdir. Tək qarşısında yox, elə hər yerində.

Əlbəttə, qaçaqmalçılar hiyləgər olur, hər cür üsuldan istifadə edə bilərlər, insafən bunu yazmalıyıq. Məsələn, mənim yadıma gəlir, bir dəfə qəzetdə yazmışdılar, Hindistana gedən dovşan ordan fil alır, sərhəddən keçirmək istəyəndə gömrükçülər bunu tuturlar, deyirlər kontrabanda (əhvalat xaricdə olub, ona görə yad dildə yazdım – qaçaqmalçılıq deməkdir) olmaz. Növbəti dəfə dovşan filin qarnına və belinə çörək bağlayır, gəlir keçid məntəqəsinə. Yenə saxlayırlar, dovşan deyir: “Məni buraxmalısınız, çünki özümlə buterbrodumu aparıram!”

Qəribə dünyada yaşayırıq. O cümlədən, insanlar gərək pulları evdə yox, bankda saxlasın. İqtisadiyyatın tərəqqisi üçün vacibdir.

Sonda əsərimizi unudanlar üçün qeyd edim ki, “Hacı Qara” xoşbəxt sonluqla – indiki dildə yazsaq, heppi-endlə bitirdi. Çar hökuməti qaçaqmalçılıq üstündə tutduqlarının hamısını əfv edirdi. Hətta Hacı Qaranı tutanda yasavulların onun cibindən əkişdirdiyi yarım abbasını da geri qaytarırdılar.

İnşallah, bizim “pyes” də tezliklə, xoşbəxtliklə qurtarsın, amin. Biz də növbəti yazımızı yazaq və onu pyesin axırında Hacı Qaranın dediyi sözlərlə bitirək: “Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR