İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yaxın günlərdə elə bir SENSASİON ZƏRBƏ alacaq ki... – Polkovnik DETALLARI açıqladı

3204 11.06.2023 14:53 Son xəbər A A

“New York Times”ın məlumatına görə, əgər Ukraynanın əks-hücum əməliyyatı kifayət qədər uğurlu olarsa, Rusiyada yeni səfərbərlik dalğası elan edilə bilər.

Bu dalğa Rusiyanı xilas edəcəkmi?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyada hansı addımın atılacağını proqnozlaşdırmaq çətindir.

uzeyir ceferov.jpg (190 KB)

Polkovnikin sözlərinə görə, Rusiya indiyə kimi o qədər məntiqsiz, gözlənilməz qərarlar qəbul edib ki, rusların hansı addım atacağını demək çətindir:

“Hər şey mümkündür. Çünki bu ölkədə prezidentdən tutmuş, digər rəsmi şəxslərə qədər hər şeyi yalan danışırlar, yalan kimi təqdim edirlər, cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollara əl atırlar. Ona görə də onların rasional, insanlıq nöqteyi-nəzərdən hansısa addım atacaqlarını gözləmirəm”.

Hərbi ekspert bildirib ki, Ukrayna ilə bağlı mənzərə tam aydındır:

“Mənimçün hər hansı bir qaranlıq məsələ qalmayıb. O silah-sursatlar, hazırlıqlar fonunda Ukrayna öz məqsədinə nail olacaq. Ukrayna rəhbərliyində təmsil olunan bütün şəxslər ruslardan fərqli olaraq hər gün öz xalqına vəziyyətlə bağlı məlumat verirlər. Mən demirəm ki, hər şey idealdır, amma hərbçilər, siyasətçilər öz işlərini görürlər. Əsir dəyişdirirlər, ölkələri üçün maliyyə imkanları əldə edirlər, silah-sursat alırlar. Bir sözlə, məsələn, Azərbaycanla müqayisədə yeganə fərq ondan ibarətdir ki, orada real döyüş əməliyyatları gedir, bu fonda Ukraynada həyat davam edir. Ukrayna öz ərazilərini mütləq qaytaracaq. Zaporojye, Baxmut istiqamətində baş verənlər onu deməyə əsas verir ki, Ukrayna var gücü ilə rusları öz ərazisindən uzaqlaşdıracaq. Bəli, Ukrayna ordusu da itki verir, Ukrayna insanları da həyatlarını itirirlər. Rusların xaincəsinə Jitomiri, Odessanı, Nikolayevi raketlərlə bombalaması nəticəsində mülki insanlar, körpələr həyatını itirir. Bu da rus faşizminin iç üzüdür.

rakett.jpg (35 KB)

Ukrayna öz məqsədlərinə çatmayana qədər hər hansı bir danışıqdan söhbət gedə bilməz. 50-dən artıq Qərb dövləti Ukraynaya kömək edir. Dünən Kanadanın baş naziri Castin Trüdo Kiyevdə idi. Ondan əvvəl isə Zelenski Yaponiyaya, İtaliyaya, Almaniyaya səfər etdi.

Hesab edirəm ki, Ukrayna xalqı bu haqq savaşında Rusiyaya qalib gələcək. Rusiyada baş verənlər onu deməyə əsas verir ki, Putin çaşqın vəziyyətdədir, bəzən nə etdiyinin fərqində belə deyil”.

Rusiyada səfərbərlik məsələsinə gəlincə, Üzeyir Cəfərov qeyd edib ki, indiyə qədər səfərbərliyə cəlb edilənlər ət maşınından keçirilən kimi, bu gün də həyatlarını itirməkdədir:

“Rusiyanın itkiləri ilə bağlı rəqəmlərə baxanda adam dəhşətə gəlir – 217 mini keçib. Deyək ki, Ukrayna 10 mini şişirdib, 200 min hərbçisini itirən bir dövlət bundan sonra nəyin hesabına qalib gələcək, yaxud nəyin hesabına vəziyyətdən çıxacaq? Guya Kaxovka SES-i partlatmaqla Ukrayna tərəfinə təzyiq göstərəcəklər. Bu, mümkün deyil. Hesab edirəm ki, yaxın günlərdə Krımla bağlı xəbər eşidəcəyik. Zaporojye, Baxmut, o cümlədən digər addımlar Rusiyanın Krımla əlaqəsinin kəsilməsi, Krımın da avtomatik olaraq Ukraynanın tərkibinə qayıtması ilə nəticələnəcək. Mən düşünmürəm ki, Krım ərazisində böyük döyüş əməliyyatları aparılacaq. Ukrayna Krımı təslimçilik yolu ilə özünə qaytaracaq. Rusiya etiraf edəcək ki, onun Krımı müdafiə etmək gücü yoxdur. Ruslar artıq Donetskdə xeyli ərazi itiriblər. 35 dəfə hücum həyata keçiriblər, amma heç birində Rusiya hansısa uğur əldə etməyib. Mənimçün mənzərə aydındır, Rusiyanın şansları yoxdur. Putin guya inadkarlıq edir, qüruruna sığışdırmır ki, imperiya dövləti bu vəziyyətə düşə bilər. Rusiya üçün məğlubiyyət qaçılmazdır”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR