Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı geniş müşavirə keçirib və cəbhədəki durum, eləcə də qarşıdakı planlarla bağlı əsas mövqelərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Putinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin “Şərq” qoşun qruplaşması rəqibin müdafiə xəttini yararaq hücum əməliyyatlarını Zaporojye istiqamətində inkişaf etdirir. Prezident bu istiqamətdə irəliləyişin davam etdiyini bildirib.
Eyni zamanda “Mərkəz” qoşun qruplaşmasının Krasnoarmeysk (Pokrovsk) və Dimitrov (Mirnoqrad) şəhərlərinin “azad edilməsindən” sonra hücum əməliyyatlarını “DNR” sərhədlərinə doğru davam etdirdiyi qeyd olunub.
Müşavirə zamanı Vladimir Putin 2026-cı ildə Sumı vilayəti və Xarkov vilayəti ərazilərində təhlükəsizlik zonasının yaradılması üzrə işlərin davam etdirilməsi barədə göstəriş verib. Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Kupiyansk istiqamətində mümkün irəliləyiş cəhdlərinin qətiyyətlə qarşısının alınması tapşırılıb.
Kremlin yaydığı məlumata görə, müşavirədə hərbi-siyasi vəziyyət kompleks şəkildə qiymətləndirilib və əməliyyatların gedişinə dair əlavə tədbirlər müzakirə olunub.
Musavat.com






