İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL

284 02.08.2024 16:17 Analitika A A

Dövlətlər arasında siyasi məhbus, girov və əsirlərin dəyişdirilməsi humanitar addımlardan sayılır.

Avqustun 1-də bəzi Qərb dövlətləri ilə Rusiya arasında siyasi məhbusların mübadiləsi uğurla həyata keçirilib. Bu humanitar məsələnin reallaşmasında Türkiyə hakimiyyətinin də rolu olub. Mübadilə Ankara hava limanında həyata keçirilib. Bildirilib ki, Rusiya Qərbə 16, qarşı tərəf isə Rusiyaya 8 siyasi məhbusu təhvil verib. Moskvanın verdiyi dissidentlər arasında Vladimir Kara Murza, İlya Yaşin, Alsu Kurmaşeva, Evan Gerşkoviç kimi tanınmış şəxslərin adları var. Onlar media mənsubları, siyasi partiya təmsilçiləri və iş adamlarıdır. Rusiya həmin şəxsləri “casusluqda” ittiham edib.

Qərb ölkələri Rusiyaya 8 nəfəri təhvil verib. Onların arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı, çeçenistanlı siyasi xadimi qətlə yetirməkdə ittiham olunan Vadim Krasikov Almaniyadan təhvil verilib. Habelə, onların arasında iş adamları, diplomatlar da var. Sloveniya, Norveç, Polşa və ABŞ-də Rusiyaya “casusluqda” ittiham olunanlar Ankaradan ölkələrinə yola salınıb.

ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamilla Harris məhbusluqdan azad edilən Gerşkoviç və Kurmaşevanı, Rusiya Prezidenti Vladimir Putin də “casusluqda” və “qətl”də ittiham olunmuş həmvətənlərini qarşılayıb.

Siyasi məhbusları prezidentlərin qarşılaması mübadilənin dövlət əhəmiyyətli bir tədbir olduğunu göstərir.

Məsələn, Qərb kəşfiyyatı Vadim Krasikovun Vladimir Putinin keçmişi ilə sıx əlaqəsi olduğunu iddia edir. Onların qənaətincə, Krasikov Almaniya həbsxanasında uzun müddət qalsa idi, Kreml üçün vacib informasiyaları açıqlaya bilərdi. Ona görə də Rəsmi Moskva onun sərbəst buraxılması istiqamətində ciddi-cəhd göstərib. Bildirilib ki, o, 1990-cı illərdə Peteburqun meri Anatoli Sobçakla işləyib. Həmin dövrdə Rusiyanın indiki prezidenti isə merin müavini olub. Vladimir Putin indiki vəzifəyə keçəndən sonra Anatoli Sobçak qəflətən vəfat edib. Rəsmi məlumata görə, o, ürəktutmasından ölüb. Ancaq Sobçakın qohumları onun qətlə yetirildiyini iddia edirlər.

ebf0d82e-099d-3cab-be11-1da4c247.jpg (44 KB)

Bu kimi faktlar siyasi məhbusların dövlət və hakimiyyət üçün dəyərindən də xəbər verir.

“Soyuq müharibə”dən, daha dəqiqi SSRİ dağılandan sonra bu, Qərblə sovetlərin varisi Rusiya arasında ilk böyük siyasi məhbus mübadiləsi sayılır.

Bu hadisə sübut edir ki, dünya hələ də “biz” və “onlar” kimi siyasi-ideoloji baxımdan iki və bəlkə də daha çox qütbə bölünüb.

SSRİ-nin dağılması ilə bu bölgünün aradan qalxdığı da gözlənilirdi. Həmin illərdə də “casusluq”, “dövlətə xəyanət” kimi ittihamlar populyar sayılırdı. Onda dünya qəti olaraq siyasi-ideoloji cəhətdən ikiyə bölünmüşdü. Ona görə "siyasi məhbus" termini bəzən “dissident” sözü ilə əvəz olunurdu. Həmin illərdə kommunist ideologiyasına qarşı olanlar da “Qərbin casusu” sayılırdı.

Bu baxımdan, ötən illər ərzində "dissident" və "siyasi məhbus" anlayışının təsnifatı verilib. Ancaq bütün hallarda belə şəxslərə qarşı “casusluq”, “dövlətə xəyanət” ittihamları irəli sürülüb. “Soyuq müharibə” illərində bu istiqamətdə casusların və ya siyasi məhbusların mübadiləsi üç dəfə - 1962, 1985 və 1986-cı illərdə keçirilib.

1976-cı ildə Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Luis Korvalanın SSRİ vətəndaşı Vladimir Bukovski ilə mübadiləsi də hay-küylü hadisələrdən sayılır. Yaxud Mixail Qorbaçovun hakimiyyəti dövründə, 1986-cı ildə hüquq müdafiəçisi və dissident Natan Şaranskinin ABŞ-də həbs edilmiş çexoslovakiyalı “agentlər” Karel Kyoxer və Xana Kyoxerə, habelə AFR-də həbs edilən sovet və ovaxtkı ADR kəşfiyyatçılarının mübadiləsi də siyasi məhbus mübadiləsi sayılır.

Bu mənada, “soyuq müharibə” dövrünün ən miqyaslı hadisəsi 1985-ci ilin iyununda “Berlin körpüsündə casusuların mübadiləsi” keçirilib. Onda Qərbin 25 (bəzi mənbələrə görə 23) “agenti”nin mübadiləsi olub.

1f88a718-1449-36cf-8792-fe60e8d9.jpg (106 KB)

2010-cu ilin iyulunda Avstriyanın paytaxtında - Vyana Beynəlxalq Hava Limanında ABŞ və Rusiya arasında “soyuq müharibə” dövründən sonra ən böyük siyasi məhbus mübadiləsi həyata keçirilib. Onda Vaşinqton Moskvaya onlarla “agentini”, Rusiya isə dörd “casusu” və “dövlətə xəyanət”də ittiham etdiyi iki nəfəri – Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalı və alim İqor Sutyaqini təhvil vermişdi.

2022-ci ildə ABŞ-nin dəniz piyadası, Rusiya polisinə hücum etmiş Trevor Rid rusiyalı təyyarəçi, 2010-cu ildə Liberiyada narkotik maddələrin qaçaqmalçılığına görə ABŞ-də mühakimə olunan Konstantin Yaroşenko ilə mübadilə olunmuşdu.

2022-ci ilin dekabrında isə ABŞ-dən olan basketbolçu Brittni Qrayner Rusiya vətəndaşı, silah alverçisi Viktor Butla dəyişdirilib.

Bir-birinə zidd olan ABŞ ilə İran arasında da zaman-zaman bu sayaq məhbus mübadiləsi keçirilir. Sonuncu belə aksiya 2023-cü il sentyabrın 18-də baş tutub. Onda tərəflər “beşin-beşə” mübadiləsini aparıblar. Bildirilirdi ki, Tehran bu mübadilədən maliyyə vəsaiti də alıb.

Dünyanın iki qütbə bölünməsi Almaniyanı parçalamışdı. Ona görə Berlin divarının sökülməsini tələb edən neçə-neçə almaniyalı dövrün siyasi-ideoloji maraqlarının qurbanı olmuş və onların mübadiləsi belə keçirilməmişdi.

Azərbaycanın məşhur dissidenti Cahid Hilaloğludur. O, 1956-cı il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə üçrəngli bayrağı Qız qalasının üstünə sancır. Onda Cahid Hilaloğlunun tutur, sonra psixiatriya xəstəxanasına yerləşdirirlər. Ancaq bu da fayda vermədiyindən o, 10 il müddətinə azadlıqdan məhrum edilir... Onda onu Qərb heç kimlə mübadilə etmir. Ümumiyyətlə, həmin illərdə sovetlərdə milli məsələyə görə həbs edilən dissidentlər mübadilə edilmirdi. Daha çox dövlət məmurları, sovet-kommunist ideologiyasına qarşı çıxanların mübadiləsi aparılırdı. O da bu ideyaya görə həbs olunanların ümumi sayının az qismini təşkil edirdi.

682a2bf8-8ecc-32a7-91d5-c79de41a.jpg (63 KB)

Ona görə "siyasi məhbus" anlayışına yanaşama da fərqlidir. Bu məsələdə dəyişməyən “casus”luq ifadəsidir. Böyük güclər bu məsələyə daha çox siyasi yanaşır. Çünki bir ölkənin başqa dövlət ərazisində, müxtəlif adlarla fəaliyyət göstərməsi təbii sayılır. Əsas məsələ onların ələ keçməməsidir. Onlar ələ keçəndən sonra “casus” və ya “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunurlar. Bu baxımdan, onlar hətta terrorçuları, separatçıları da “siyasi məhbus” adlandıra bilərlər. Bütün hallarda onlara hansı tərəfdən baxılması məsələsi vacibdir. Bu isə hər şeyin nisbiliyinə yenə haqq qazandırır.

Qərblə Rusiya arasında siyasi məhbus mübadiləsi müəyyən mənada tərəflərin diplomatik yollarla daim əlaqədə olduğunu təsdiqləyir. Bu da beynəlxalq münasibətlərin və hüququn təsir imkanlarının tükənmədiyini nümayiş etdirir. Türkiyənin bu proseslərdə fəallığı isə tərəflərin münasibətlərində uğurlu hadisə sayıla bilər.

Siyasi məhbus məsələsi dünyanın fərqliliyinin hələ davam edəcəyini göstərir.

Sədrəddin Soltan,
Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR