İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident “Euronews”dan dünyaya və ermənilərə son sözünü dedi: “...Daha bir müharibə istəmirik”

523 03.08.2023 13:00 Siyasət A A

Prezident İlham Əliyev “Euronews” kanalına müsahibə verib. Dövlət başçısı bu müsahibəsində kifayət qədər önəmli mesajlar verib, sülh naminə bütün imkanlardan istifadə edildiyini bəyan edib.

Prezident İlham Əliyev müsahibəsində Ermənistandakı ermənilərə mesaj göndərib.

Sitat: “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqlarını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”.

“Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər” deyən İlham Əliyev bildirib ki, bu liderlər onlara daim yalan danışıblar: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

Prezident İlham Əliyevin müsahibəsində “Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub” açıqlaması da xüsusi diqqət çəkir.

Prezident İlham Əliyev Rusiyanın və Qərbin vasitəçiliyinə dair suala cavabında deyib ki, Ermənistanın Baş naziri ilə ilk görüşləri Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu: “Rusiya - Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.

Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında isə Prezident deyib: “Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişinyovda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik".

“İlham Əliyevin missiyası nədədir - müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında Prezident olduqca sərrast cavab verib: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik".

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir: “Bizim görüş isə, hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

Beləliklə, Azərbaycan Prezidenti dövlətimizin mövqeyini bir daha dünyaya və Ermənistana, ermənilərə çatdırıb. Bundan sonra yenə də sabotajlar olarsa, sülhdən yayınmalar olarsa, buna görə yalnız qarşı tərəf və onun havadarları məsuliyyət daşıyırlar. Çünki Azərbaycan Prezidenti ancaq irəliyə baxdığını, inkişafa hədəfələndiyimizi bildirib.

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov: “Həm haqlı, həm də güclü tərəf olması cənab İlham Əliyevə imkan verdi ki...”

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımdan mühüm hadisədir: “Azərbaycanın prioritetləri, niyyəti aydındır. Lakin yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanlar üçün proseslər hansı səmtdə inkişaf edə bilər? Cənab İlham Əliyev dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada aydın yol xəritəsi cızdı. Diqqət yetiriləcək digər vacib məqam, müsahibənin məkanı və cənab İlham Əliyevin məhz Şuşadan qalib kimi sərgilədiyi siyasi qətiyyət oldu. Azərbaycanın mədəniyyət paytaxtında, müsahibəyə fon olaraq  Xan qızının - Natəvanın işğal dövründə, erməni vandalları tərəfindən dağıdılmış imarətinin xarabalığını seçərək cənab Prezident artıq bir neçə addım öndən başlamaqla prosesin idarəçiliyini ələ aldı. Dövlət başçısı göstərdi ki, daşa, divara, mədəni irsə, təbiətə qənim kəsilən bir düşmənlə üz-üzə qalmışıq və bu gün məhz bu adamları sülhə, birgəyaşayışa, əməkdaşlığa dəvət edirik.

Müsahibənin məzmununa gəlincə, həm haqlı, həm də güclü tərəf olması cənab İlham Əliyevə imkan verdi ki, hər kəsi maraqlandıran, hətta dost olmayanların belə reaksiya gözlədiyi məsələlər üzrə açıq və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirsin.

İlk növbədə, dövlət başçısı müxtəlif manipulyasiyalarla bölgəyə “sülh” gətirmək istəyənlərə açıq mesaj verdi. Azərbaycan Prezidenti açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, sülh prosesini ləngidən tərəf bəllidir. Və əgər həqiqətən kimsə regionun sabit əməkdaşlıq mühitinə çevrilməsində maraqlıdırsa, anlamalıdır ki, maneə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir.

İkincisi, Azərbaycan sülh prosesinin özündə maraqlıdır, bu istiqamətdə bütün sağlam platformalar bizim üçün məqbuldur və Rusiyanın, yaxud Qərbin vasitəçiliyinin rəqabətə çevrilib-çevrilməyəcəyinə fokuslanmamışıq.

Amma eyni zamanda dövlət başçısı maraqlı görünən tərəfləri haqlı olaraq fakt qarşısında qoydu - Ukrayna və Gürcüstanda separatizmlə mübarizədə Qərbin necə birləşdiyini görürük, eyni mənşədən olan separatizmə son qoymaq üçün Azərbaycanın legitim istəyi isə sual altına alınır. Əlbəttə, bu, ən azı avropalı siyasətçilərin “Euronews”un Qoca qitədəki  250 milyonluq tamaşaçısı önündə izah etməli olduğu ikili standartdır ki, möhtərəm Prezident böyük siyasi ustalıqla bu haqlı məsələni siyasi dövriyyəyə buraxdı.

Heç şübhəsiz ki, “Euronews”u regionla bir daha maraqlanmağa təhrik edən səbəblərdən biri Laçın yolundakı vəziyyətə dair dünya gündəmini zəbt edən manipulyasiyalar idi. Möhtərəm Prezident bu imkandan da milli maraqlarımızın təmin edilməsi naminə məharətlə istifadə etdi və əslində sağlam düşünə bilən və manipulyasiyalara “fürsət” kimi yanaşmayan normal dairələr üçün yetərli cavab oldu. Mövqe isə çox sadədir, “sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini asan şəkildə bu yoldan istifadə edib, iyunun 15-də Ermənistanın hərbi təxribatı araşdırılan zaman yol müvəqqəti bağlansa da təkrar açılıb və Qırmızı Xaç Komitəsi də humanitar məqsədlərlə yoldan istifadə edir”. Hətta o qədər səviyyədə sərbəst formada istifadə edir ki, bu, BQXK-da o qədər özgüvən formalaşdırıb ki, onlar artıq qaçaqmalçılıq, beynəlxalq axtarışda olan şəxslərin proteksiya edilərək məsuliyyətdən yayındırılması kimi birbaşa cinayətkar qəsdlərə əl atırlar.

Yaxud Azərbaycanın təmkinli davranışından BQXK sui-istifadə edərək  hələ də Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə bağlı saxlayır və cənab İlham Əliyev də müsahibədə Azərbaycanın legitim tələbini bir daha dilə gətirməklə Qırmızı Xaç Komitəsini ifşa etdi.

“Euronews”a müsahibənin məqamlarından biri də cənab İlham Əliyevin bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu. Çağırışda iki vacib istiqamət nəzərə çarpır:

Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, “Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”.

İkincisi, Ermənistan erməniləri isə anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq “hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər”.

Müsahibədə ən diqqət çəkən məqam isə artıq Azərbaycanın qalibiyyətinin qəbullanılması ilə bağlıdır. Müvafiq sualdan da göründüyü kimi, 400 milyonluq auditoriyası olan “Euronews” Azərbaycan Prezidentini istisnasız qalib kimi çəkinmədən təqdim edir. Azərbaycan Prezidenti isə bu qalibiyyətin, əslində beynəlxalq ədalətin bərpası, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prizmasından baxış bucağına salır".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı: “Prezident o mesajı verdi ki...”

Siyasi analitik Asif Nərimanlı isə müsahibəni belə şərh etdi: “Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və Qarabağ ətrafında baş verən proseslər fonunda rəsmi Bakının mövqeyinin bir daha beynəlxalq müstəvidə elan edilməsi ilə yanaşı, həm də son nöqtənin qoyulması kimi qəbul edilə bilər. Azərbaycan Prezidenti müharibə istəmədiyimizi bildirdi, həm də müharibədə Ermənistanın məğlubiyyətini xatırlatdı. Bununla müharibə istəmirik, amma eyni təhlükələrə qarşı eyni addımları da atacağıq mesajını verdi. Yəni Ermənistanın pis və ən pis arasında seçim imkanı var, onlar pis hesab etdiyi versiyanı qəbul etməli, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və sülh sazişini imzalamalıdır. Ən pis ssenari müharibənin yenidən baş verməsidir ki, bunun necə nəticələnəcəyini 44 günlük döyüşlər göstərdi. Əliyev ermənilərə eyni vəziyyətə düşməmək üçün razılaşmaq seçimini təqdim edir. Əsas diqqətçəkən məqamlardan biri danışıqların aparıldığı platformalarla bağlı idi. Bir tərəfdə Rusiya, digər tərəfdə Qərb var, amma Prezident mesaj verdi ki, hansı tərəfin, hansı cəbhənin önə çıxmasının bizim üçün fərqi yoxdur, əsas nəticənin əldə edilməsidir. Bununla hər iki cəbhədə - həm Qərb, həm də Rusiya masasında Azərbaycanın qiymətini artırır. Qarabağ ətrafında baş verənlər fonunda Prezidentin erməni əhalisinə müraciəti Azərbaycanın proqramı, ”yol xəritəsi" kimi qəbul edilə bilər. Əliyev ermənilərə çağırış etdi ki, qondarma rejimdən imtina etsinlər və Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunun qarşılığında təhlükəsizlik təminatı veriləcək, o cümlədən, təhsil, mədəniyyət, dini və digər hüquqları təmin olunacaq. Bu, bir tərəfdən ermənilərə proqramın təqdim edilməsidir, digər tərəfdən, separatizmin ləğv ediləcəyi və hər-hansı siyasi-hüquqi idarəetmənin olmayacağına aydın mesajıdır. Prezident ermənilərə veriləcək hüquqlardan birinin bələdiyyələr ola biləcəyini dedi. Yerli idarə etmə funksiyası olaraq bu mümkündür. Azərbaycanda bələdiyyələrin funksiyasının nədən ibarət olduğunu hamımız bilirik. Yəni ermənilər bələdiyyə seçkilərində öz bələdiyyələrini seçə və məişət, eləcə də digər məsələlərini bu idarəetmə formasında həll edə bilərlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR