İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet ölkələrində “köhnə müxalifət” problemi - onlara niyə inam qalmayıb?

694 27.06.2022 13:09 Gündəm A A

 

Postsovet ölkələrində müxalifət dərin böhran yaşayır. Demək olar ki, hakimiyyətdə bir dəfə olmuş heç bir siyasi lider və partiya təkrar hakimiyyət başına qayıda bilməyib. Məsələn, Azərbaycanda AXC,  Ukraynada Viktor Yuşşenko hökuməti, Ermənistanda Levon Ter-Petrosyan, həmçinin Serj Sərkisyan-Robert Köçəryan cütlüyü, Gürcüstanda Mxail Saakaşvili buna nümunə ola bilər.

Son olaraq Gürcüstandakı aksiyalarda da yeni hökumət qurulacağı təqdirdə orada heç bir “köhnə müxalifətçinin” təmsilçiliyinin olmaması barədə rəylər səslənir. Postsovet ölkələrindəki müxalifətə inamsızlıq nədən qaynaqlanır? Niyə onların yenidən hakimiyyət başına qayıtmasını xalq arzulamır?

Abutalıb Səmədov: “Cəmil Həsənli dedi ki, Azərbaycanda Türkiyə hərbi  bazalarının qurulması məqsədəuyğun deyil”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutlıb Səmədov Musavat.com-a bildirib ki, postsovet respublikalarında iqtidarda olmuş şəxslərə, qüvvələrə inamsızlığın kökündə ilk növbədə onların hakimiyyətdə olduqları dövrdə atdığı addımlar, göstərdikləri idarəçilik dayanır. Bu səbəbdən ilk növbədə əhali onlara inanmır, dəstək vermir: “Sualınızda nümunə kimi göstərdiyiniz qüvvələrin şübhəsiz hamısı eyni deyil, fərqli-fərqli mövqeyi, davranışları, idarəçilik üsulları olan qüvvələr olublar. Məsələn, Ermənistanda Levon Ter-Petrosyan tələb olunanda lazımi qətiyyəti göstərə bilmədi, xalqla işi qurmağı bacarmadı, müəyyən həqiqətləri xalqa çatdıra bilmədi və zəif bir lider kimi hakimiyyətdən uzaqlaşdırıldı. Köçəryan və Serj Sərkisyan öz quldur fəaliyyətlərinə görə xalqın dəstəyini birdəfəlik itiriblər. Bu gün onların arxalarınca çox az sayda gedən varsa, o da onların maliyyə imkanlarına görədir. Gürcüstanda isə Mixail Saakaşvilini xalq məntiqlə dəstəkləməliydi. Çünki böyük islahatlar həyata keçirmişdi. Ancaq təcrübə göstərir ki, xalq ən kiçik nöqsanları, yanlışları da siyasi liderlərə bağışlamır. Siyasi liderlər hər şeyi xalqa izah eləməlidir. Xalqla daimi iş aparılmalıdır, əlaqələr kəsilməməlidir. İnsanlarla daimi ünsiyyəti kəsən liderlər bunun acısını gec-tez yaşayırlar və yaşamalıdırlar. Onlar xalqın içərisinə getməlidirlər, görüşməlidirlər. Siyasətçilər bu işi sistemli şəkildə qurmalıdırlar, gözlənilmədən bir sahibkar, bir müəllim, bir həkim prezidentdən, siyasi liderdən, onun komandasına daxil olan vəzifəlilərdən zəng almalıdır. Siyasətçilər bu kimi fəaliyyətlərdən yorulmamalıdırlar.

Azərbaycan müxalifətinə olan inamsızlığa gəldikdə isə bu da təbiidir, ilk növbədə onların 1992-1993-cü illərdəki bərbad fəaliyyəti ilə bağlıdır. Ancaq 1993-cü ildən sonrakı dövrlərdəki və indiki fəaliyyətləri də bərbaddır. Bu gün də xalq onun maraqları üçün hər şeyə getməyə hazır olan lideri görmür. “Mən paspot ala bilmirəm” deyib inzivaya çəkilən liderlər var. Yaxud internetinin kəsildiyini bəyan edib bununla öz siyasi fəaliyyətsizliyinə haqq qazandırmağa çalışan siyasətçilərə əlbəttə xalqın inamı ola bilməz. Digər bir səbəb savad və səviyyənin, bacarığın azlığıdır. Bir çox iddialı müxalifətçilər həddən artıq savadsızdırlar, məsuliyyətsizdirlər. Qətiyyət yoxdur. "Sonunu düşünəndən qəhrəman olmaz" deyimi boşuna deyil. Azərbaycanda müxalifətçilər arasında xalq üçün hər şeyə getməyə hazır olan siyasi lider yoxdur. Hər şeyə getməyə hazır olduğunu bəyan edənlər isə savad sarıdan aşağı səviyyədədirlər. Xalq başa düşür ki, ola bilsin o fədakardır, cəsarətlidir, ancaq həddən artıq savadsızdır”.

A.Səmədov hesab edir ki, qeyd olunan vəziyyətdə müxalifətçilərin düzəlmə və dəstək qazanma ehtimalı yoxdur: “Azərbaycanda hakimiyyətə nə vaxtsa hakimiyyətdə olmuş şəxslərin gəlmə ehtimalı yoxdur. Yeni qüvvələr ortaya çıxmalıdır. Xalqın ürəyindən keçənləri deyə bilən, xalqın arzuladığı addımları ata bilən savadlı siyasi lider hakimiyyətə gəlmək şansına malik olar. Bu gün Azərbaycanda belə bir şəxs yoxdur. Gələcəkdə bəlkə nə zamansa belə bir siyasi xadim ortaya çıxa və siyasi mübarizəni daha da maraqlı edə bilər”.
 
Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR