İslamabadda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkianın mətbuat konfransı zamanı baş verən tərcümə xətası xarici mediada və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Musavat.com xəbər verir ki, hadisə Pezeşkianın Pakistanın baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında qeydə alınıb.
İran prezidentinin çıxışını sinxron tərcümə edən mütəxəssis onun səsləndirdiyi fikri yanlış çatdıraraq bəyanatın məzmununu tamamilə dəyişib.
Pezeşkian çıxışında rəsmi Tehranın raket proqramı ilə bağlı heç bir halda müzakirələr aparmayacağını vurğulayıb. Lakin tərcüməçi bu fikri səhvən nüvə proqramı ilə əlaqələndirərək, İranın nüvə məsələsi üzrə danışıqlardan imtina etdiyini bəyan edib.
Dünya mediasının diqqət mərkəzində olan bu həssas məqamda diplomatik böhranın qarşısı dərhal alınıb. İran prezidenti tərcümədəki ciddi uyğunsuzluğu anındaca hiss edərək prosesə birbaşa müdaxilə edib. Pezeşkian söhbətin nüvə deyil, məhz raket proqramından getdiyini qətiyyətlə dəqiqləşdirib.
Musavat.com






