Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə həm Ukrayna ilə aparılan Əbu-Dabi danışıqları, həm də Moskvada general-leytenant Vladimir Alekseyevə qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Peskov Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən görüşləri "konstruktiv, lakin eyni zamanda olduqca çətin" xarakterizə edib. Kreml rəsmisi bildirib ki, tərəflər arasında hələ də həlli vacib olan ciddi məsələlər qalsa da, bu istiqamətdə işlər davam etdiriləcək. Danışıqların gündəmində strateji silahların azaldılmasına dair müqavilənin (DSNV) gələcək taleyinin də mühüm yer tutduğu qeyd olunub.
Brifinqdə Baş Qərargahın Baş İdarəsinin (QRU) rəis müavini Vladimir Alekseyevə qarşı törədilən sui-qəsd cəhdi də diqqət mərkəzində olub. Peskov bildirib ki, hadisə barədə prezident Vladimir Putinə dərhal məruzə edilib. O vurğulayıb ki, müharibə şəraitində yüksək rütbəli hərbçilərin hədəfə alınması ehtimalı həmişə var və onların təhlükəsizliyinin təmin olunması xüsusi xidmət orqanlarının birbaşa məsuliyyətidir.
Bundan əlavə, Kreml sözçüsü ABŞ və İran arasında Omanın paytaxtı Maskatda keçirilən nüvə danışıqlarına da toxunub. O, Rusiyanın bu dialoqu müsbət qarşıladığını və görüşlərin gərginliyin azalması ilə nəticələnməsini arzu etdiklərini bildirib. Eyni zamanda, Peskov hazırda Moskvada səfərdə olan ATƏT sədrinin prezident Putinlə görüşünün planlaşdırılmadığını qəti şəkildə ifadə edib.
Musavat.com






