İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn qeydiyyatla bağlı nikbindir

766 04.08.2023 12:40 Siyasət A A

“Tam, dolğun rəsmi cavab aldıqdan sonra özümüz də yoxlama aparacağıq...” 

Azərbaycan Xalq Partiyası üzvlərinin reyestrinin yoxlanılması nəticələri açıqlanıb. “Yeni Müsavat” xəbər verir ki, avqustun 2-də AXP üzvləri reyestrinin yoxlanılması nəticələri barədə rəsmi sənədi partiyanın səlahiyyətli şəxsinə təqdim edib.

AXP üzvləri reyestrində göstərilib ki, 5854 üzvdən 2676-sı eyniləşdirilməyib. 3178 üzv isə eyniləşdirilib. Onlardan 377 nəfəri başqa partiyaların da üzvüdür. 73 nəfər vəfat edib. 29 nəfər 18 yaşına çatmayan kimi göstərilib, 146 nəfər partiya üzvünün isə adı təkrarlanıb. AXP üzvü olmadığını bildirənlər isə 171 nəfər olub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən, partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla əlaqədar nazirlik tərəfindən normativ-hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.

Bəs, görəsən, partiya sədri Pənah Hüseyn AXP üzvlərinin reyestr yoxlamasının nəticələri barədə nə fikirdədir? Bu nəticələrdən razıdırmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran partiya sədri dedi ki, qanunvericiliyin 30-cu maddəsində keçid müddəaları var: “Buna əsasən bizim reyestrə təqdim etdiyimiz sənədlərdə çatışmazlıqlar qeyd edilir. Çatışmazlıqlar o dərəcədədir ki, təsdiqlənmiş və mübahisəli olmayan üzvlərin sayı 5000 deyil. Ona görə də qanunamüvafiq olaraq geri göndərilir. Biz həmin çatışmazlıqları aradan qaldırıb yenidən təqdim etməliyik. Bu çatışmazlıqları aradan qaldırıb təqdim etsək və o mərhələdəki yoxlamadan 4500-ə qədər mübahisəli olmayan üzv qalacaqsa, partiya yenidən qeydiyyata alınacaq”.

Partiya sədri “açıqlanan rəqəmlərdən razısınızmı” sualına belə cavab verib: “Yaxın günlərdə biz təfərrüatlı cədvəl almalıyıq. Dünən (srağagün- red.) rəsmi məktub gəldi və dedilər ki, Ədliyyə Nazirliyi həm də istənilən məsələ barədə özünün əməkdaşlığını təklif edir, hətta yoxlamaları birgə aparmağa qədər. Bu gün (dünən - red.) konkret olaraq çatışmazlığın məzmunu barədə hansısa bir iddiamız yoxdur. Tam, dolğun rəsmi cavab aldıqdan sonra özümüz də yoxlama aparacağıq. Ədliyyə Nazirliliyi ilə əlaqə saxlayıb çalışacağıq ki, bu çatışmazlıqları qısa müddətdə aradan qaldırıb təqdim edək”.

Yada salaq ki, “Siyasi partiyalar haqqında” qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub. Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR