İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməniləri niyə müharibə ilə qorxudur? – reaksiya

734 24.07.2023 23:19 Siyasət A A

Deputat: “Ermənistan tərəfinin tərəddüddə olması bu işin irəliləməsinə ciddi şəkildə mane olur”

Politoloq: “Paşinyan daxili ictimai rəyə “sülh sazişi imzalamasaq, müharibə olacaq” mesajını ötürür”

Ermənistanın baş naziri Nikol Paşinyan yeni müharibənin mümkünlüyü barədə danışıb. “France-Presse”ə müsahibə verən Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

“Ümumiyyətlə, Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır”, - deyə Paşinyan əlavə edib.

“Yenidən kəskinləşmələr, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq”, - Paşinyan vurğulayıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Şuşada keçirilən beynəlxalq forumda sülh sazişi, iki ölkə arasında münasibətlər haqda da danışıb. Prezident Əliyev deyib ki, hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir: “Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azərbaycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Mətnlə bağlı müəyyən təkliflər var. Onlar milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlıdır və bu, hər iki ölkəyə aiddir. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq”.

Göründüyü kimi, Prezidentin mövqeyi daha konkretdir. Paşinyan isə müharibə riskindən danışarkən, bunu doğura biləcək riskləri sadalamır. Məsələn, demir ki, məhz Ermənistanın sərhəddəki təxribatları müharibə riski yarada bilər. “Cidanı çuvalda gizlətməyə”çalışan Paşinyan müharibə riskindən danışarkən əsas mesajı əlbəttə ki, daxili auditoriyayadır. Paşinyan həm də onları müharibə ilə qorxudur. Paşinyanın müharibə riskindən danışmaqda əsas məqsədi nədir? Erməni cəmiyyətini qorxutmaq, yoxsa...

Deputat Fazil Mustafa güllələnib

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələdə iki mühakimə tərəfi üz-üzə gəlib: “Biri sülh istəyən, bölgədə problemlərin həll olunmasını, regionun kommunikasiya xətlərinin açılmasını istəyən bir zehniyyət. İkinci isə hələ də müharibə revanşizmini özündə qoruyan zehniyyət. Sadəcə bunu ona görə ehtiyatla deyir ki, müharibədə aldığı zərbənin nə dərəcədə öldürücü olduğunu başa düşür. Ona görə də buna qarşı hər hansı şəkildə riskli danışa bilmir, ehtimallarla danışır ki, sülh, yoxsa, müharibə ola bilər. Sülh üçün ilk olaraq Ermənistan addım atmalıdır. Məsuliyyət daşıyan Paşinyan addım atmalıdır. Çünki bu məsələdə ilk vacib addım məhz Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır və sülh sazişi imzalamadır. Buna doğru da bir sıra tərəddüdlər edirlər. Ayrı-ayrı görüşlərdə müxtəlif bəhanələr irəli sürürlər. Amma nəticə bizim ziyanımıza deyil. Biz bölgəni bərpa edirik, bölgədə möhkəmlənirik. Bundan sonra artıq bölgədə erməni revanşizminin baş qaldırması, erməni işğalının baş tutması mümkün görünmür.

Bu baxımdan da Prezident İlham Əliyevin yanaşması daha praqmatik bir yanaşmadır, çağırışları da məhz buna söykənir, daha çox müəyyən bir konstruktiv gələcəyin qurulmasına yönəlik bir çağırışlardı. Ermənistan baş naziri isə tərəddüd içindədir. O bəlkə də ürəyində başqa alternativin olmadığını düşünür. Amma cəmiyyətə verdiyi mesajlarda mütləq bu ifadələri istifadə etməsi məcburi görünür. Hiss olunur ki, daha aydın danışmaq imkanına sahib deyil. Bu özü də ciddi problem yaradır. Çünki hər halda belə bir imkan varsa, bu fürsəti kim həyata keçirsə, öz xalqı üçün də fayda vermiş olacaq, xüsusilə də ermənilər üçün. Xəstə xalqın, Azərbaycana, ümumiyyətlə başqa millətlərə qarşı vəhşilik simptomlarını əsas götürərək hansısa qərar vermək olmaz. Mütləq düşünməlisən ki, erməni xalqının bunun qarşısını ala biləcək, insanları humanizmə yönəldə biləcək bir psixoloji dəstəyə ehtiyacı var. Bu məsələdə Paşinyan əsas rol oynaya bilər. Görünür ki, daxili qərarsızlığın müəyyən elementlərini nəzərə alaraq belə açıqlamalar verir. Amma bütövlükdə Azərbaycan Prezidentinin mövqeyi birmənalı, açıq və daha çox balans yaratmağa yönələn bir istiqaməti qabardır.

Ermənistan tərəfinin hələ ki tərəddüddə olması bu işin irəliləməsinə ciddi şəkildə mane olur. Buna baxmayaraq biz öz tezislərimizi təkrarlamalıyıq ki, ermənilər sülh sazişinin imzalanmasına özləri könüllü olaraq yaxınlaşsınlar”.

Prezident İlham Əliyev hədəfləri elan etdi”-Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Paşinyanın müharibə ehtimalından danışması və Azərbaycanı hərbi əməliyyatlar hazırlamaqda ittiham etməsi ilk baxışda daxili auditoriyaya ünvanlanmış kimi görünə bilər: “Çünki sülh sazişini imzalaya bilmək üçün erməni cəmiyyətini buna qəbul etdirmək, belə bir addım atdıqda mümkün təzyiqləri sığortalamaq lazımdır. Və belə görünür ki, Paşinyan daxili ictimai rəyə “sülh sazişi imzalamasaq, müharibə olacaq” mesajını ötürür.

Hərçənd, danışıqlar masasındakı vəziyyətə və Ermənistanın tələblərinə nəzər yetirdikdə burada Nikolun heç də “xoş niyyətdə” olmadığını və məqsədin erməni ictimai rəyini formalaşdırmaq olmadığını deyə bilərik. Hazırda Ermənistanın qarşısına qoyulan əsas şərt şifahi olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünü rəsmiləşdirmək, bunu yazılı olaraq qəbul etməkdir. Ermənistan isə sərhəddə “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini istəyir, anklavlarla bağlı məsələdə “barter” prinsipinin qəbul olunmasına və Başkəndi ələ keçirməyə çalışır, Qarabağda isə “erməni əhalisinin hüquqları” adı ilə “hüquqi münaqişə” mərhələsini başlatmağı planlaşdırır. Bütün bu cəhdləri danışıqlar masasında nəticə vermədi, sülh müqaviləsini imzalaması isə bu planları arxivə çevirəcək. Belə bir vəziyyətdə Ermənistan üçün gündəliyin dəyişməsi, öhdəliklərindən imtina edə bilməsi üçün yeni situasiya lazımdır. Hərbi eskalasiya buna şərait yarada bilər. Fikrimcə, Paşinyanın müharibə xəbərdarlığı alibi qazanmaq gedişidir və eskalasiya yaratmağa hesablanmış mümkün təxribatlara əl ata və “Azərbaycanın hücum edəcəyini demişdik” mövqeyindən çıxış edə bilərlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR