İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmium qiymətinə dayanacaq

1535 28.03.2024 10:18 Yazarlar A A

Gürcüstan futbolçularının Avropa çempionatına vəsiqə qazanması respublikamızda bəzi zəhmətkeşlərə mənfi təsir etmişdir. Deyirlər niyə qonşudan dala qalırıq. 

Halbuki birincisi, paxıllıq lazım deyil, tarixi irsimizə də ziddir. Bizim rəsmi atalar sözü kitabında belə məsəl yazılıbdır: “Tiflisin altı bostan, Abad olsun Gürcüstan”. Bu da onu göstərir ki, dədə-babalarımız həmişə Gürcüstanın yaxşı işlərinə sevinmişlər, oranı özümüzünkü sanmışıq. 

İkincisi, guya həmişə uduzmağımız mifdir, uydurmadır. Elə təzəlikcə, əziz Novruz bayramı günlərində milli futbolçularımız səməni tarlasında Monqolustan yığmasıyla heç-heçə oynamışdır. Fikrimcə, geopolitik baxımdan Monqolustanla heç-heçə Avropa çempionu olmaq kimi bir şeydir. O boyda Çingizxanın komandasını udursan! Nə olsun komanda Ulan Bator çobanlarından, Orhon-Yenisey maldarlarından düzəldilib? Əsas dövlətçilik irsidir. Monqol futbolçularla oynamağın özü belə böyük riskdir. Bu riskə görə AFFA-ya dərin minnətdarlığımızı bildiririk. 

Üçüncü fərq də elə AFFA ilə bağlıdır. Gürcüstan Avropada növbəti mərhələyə çıxa bilərdi, bunun əsasları FİFA reytinqindən də aşkar görünür. Həmin reytinqdə Gürcüstan millisi 77,  Azərbaycan isə 113-cü yerdədir. Ancaq gürcülərdə AFFA varmı? Yoxdur! Əsas olan da budur! Bizim AFFA və onun rəhbərliyindən Qafqazın heç bir ərazisində yoxdur. Nadirdir. Bununla qürur duyuruq. 

Gürcülər orada neft-qaz kəmərlərimizin üstündə top qovlamaqda olsun, sizə nəql edim Bakı şəhərindən. İki gündür şəhərimizin sakinləri və nəğməli qonaqları maşın parklama qiymətlərinin fantastik artımından gileylidir. Ağlaşma-şivən asimana bülənd olur. Biri deyir bu cür getsə maşını satacağıq, o biri deyir belə parkinq qiyməti heç İsveçrədə yoxdur, üçüncüsündə heç maşının karbüratoru belə yoxdur, lakin haya düşüb, guya ictimai etiraza qoşulub üsyan püskürür və sairə. Mən isə dəstəkləyirəm! Bəli. Çox az hallarda olur ki, mən hökumətimizin qərarlarını müsbət qarşılayıram, bu, onlardan biridir. 

Əsas da ona görə ki, şəxsi avtomobilim yoxdur, heç vaxt olmayıb, ümumiyyətlə, sürücülük vəsiqəm yoxdur. Avtomobil sürənlər haçan mənim kimi piyadaların problemlərindən narahat olub? Heç vaxt. Əksinə, maşını səkidə, insan yolunda saxlayıb gediblər, keçiddə üstümüzə sürüblər, havanı korlayıblar və sairə. İndi əcəb olur. Şəxsi maşını olanlara problem yaranmasına sevinirəm. Şair demişkən, məndən ötən, sənə dəysin, nə vecimə. Biz insan hüquqlarına həmişə şəxsi mənafeyimizdən yanaşmışıq. İnsan qoruyanlar heyvan qoruyanlara lağ edib, patriarxallar feministlərə, cəbhəçilər müsavatçılara, nə bilim, "Neftçi" azarkeşləri "Qarabağ" azarkeşlərini bəyənməyib və sairə. Lap elə heteroseksuallarımız da homoseksuallara mız qoyublar. Necə deyərlər, kor kora demiş cırt gözünə. İndi piyadaların sürücülərə yandıq vermək zamanıdır. 

Başqa tərəfdən, bu Bakı adlanan ərazinin robotlar, maşınlar şəhəri, yoxsa insan yaşayış məskəni olması artıq bilinmirdi. Hər şey yalnız “avtomobilləri hardan sürək, harda saxlayaq” istiqamətində, yönündə planlaşdırılırdı. Səkidən kəsib yola calayırdılar. Evi söküb parkinq tikirdilər. Neçə ildir biz insanlar şəhərdə 3 nəfər toplaşsaq dərhal 333 polis gələr, imkan verməz. Maşınlar isə harada istəsələr toplaşırdı. Hətta maşınlar öz aralarında yarış keçirirdi. Mərkəzi küçələri bağlayaraq (ümidvaram hökumət son tədbirlər fonunda o yarışın da qiymətini qaldırar). Ar olsun! Nifrət! İstefa! Təkəriniz partlasın! “Karobka”nız dağılsın! Yağınız axsın!

Adamlar var, əməllicə harınlamışdır, yüz metr yol cəhənnəmə, işıq pulu yığan zəngi basanda darvazanı açmağa maşınsız getmir. Qoy indi belələri ictimai nəqliyyata minsin, metroda xalqımızla qucaqlaşsın. Dayanacaqda avtobus gözləsin. Piyada yol getsin. Hamısı sağlamlıqdır. Maşınlar şəhərin ekologiyasını korlayır. 

İnşallah, payızdakı hava tədbirinə qədər Bakıda maşın saxlamaq qızıl yox, lap platin, palladium, nə bilim, osmium qiymətinə olar. Ən çox osmium qədər baha olsun istəyirəm - həm qramı 200 min manat imiş, həm də adı qəşəng səslənir.  




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR