İnsanlara hürriyət, millətlərə istiqlal!

Nənənin beş hektarı

1512 31.05.2024 10:12 Yazarlar A A

Ermənistanın halı mollalıqdır, ona görə oradakı müxalifət uzun müddət Paşinyana alternativ tapa bilməyəndə keşişin ətəyindən yapışdılar. Hələlik Baqrat müəllimin də əlindən İrəvanda zibil qutularını, samokatları dığırlayıb küçə bağlamaq cəhdlərindən başqa bir şey gəlmir. Çünki keşişin əsas vəzifəsi ölünü basdırmaqdır. Ora-bura tullanmağın mənası yoxdur. Ölü (oxu: miatsum kimi ideyalar) dirilməyəcək. Erməni xalqı bunu nə qədər tez anlasa, Qafqazda sərhədlər aradan qalxıb ümumi, Avropa Birliyinə oxşar Qafqaz Evi yaransa yaxşıdır. Bəlkə biz bunu görməyəcəyik, ancaq şəxsən mən inanıram ki, əvvəl-axır belə olacaq. 

Prinsipcə, din xadimlərinin siyasətə qarışması tək Ermənistanın problemi deyil. Gürcüstanda da keşişlər siyasətdə ciddi rola malikdir. Elə bizim ölkədə mollalar bir ara yüksək sürətlə aktivləşmişdi, lakin hökumət hamısını tutub türməyə saldı. 

Din təhlükəli oyuncaqdır. Hökumətlər bunu nə əldən yerə qoya bilir, nə birdəfəlik kökünü kəsir. Hardasa müəyyən həddə qədər din hökumətə lazımdır. Xalqı tovlamaq üçün, aldatmaq üçün. O incə hədd aşılanda isə hökumət özü dinə lazım olur. Eyni məqsədlə - xalqın başında turp əkmək, cibinə girmək üçün. 

Yuxarıda yazdığım kimi, insafən bizim hökumət hələlik bu barıt çəlləyi ilə ustalıqla davranır. Quzu eyni çəkidə qalsın deyə ona həm ot verir, həm canavarı göstərir. 

Məsələn, təsəvvür edə bilərsinizmi ki, uca şeyximiz hökumətə asi düşsün? Mümkün deyil. Adam əlli ildir istənilən hökumət və sistemlə yola gedir. 1980-ci ildən şeyximizdir. Ermənistanda Üçmüəzzin (Eçmiədzin) kilsəsində oturan baş keşiş İkinci Qaregin (dəli şeytan deyir bunun adının mənası da türkcə “qara gün” mənası verir) isə hazırda Paşinyanla de-fakto müxalifətdədir. Paşinyan onu dövlət tədbirlərinə çağırmır, bir yerdə görünmək istəmirlər. Hətta təzəlikcə Paşinyan erməni kilsəsini yeyintidə - nəzirləri basıb yeməkdə suçlamışdı. Kilsələr və ümumiyyətlə, istənilən din üçünsə nəzir qutusu ən vacib, həyati atributdur. Ona-buna yalandan cənnət vəd elədiklərinə baxmayın. Gözləri bu dünyanın nemətlərindədir. 

Sözgəlişi, hazırda belə “cənnət fədailərindən” birinin - şeyxin qudası, eks Bilgəh bələdiyyə sədri, eks-deputat, 28 qat Həcc çempionu Hacı Qalibin yerli sakinlərlə və icra hakimiyyəti ilə dartışması davam edir, ötən yazılarımızda buna toxunmuşuq. Dünən prosesdə yeni detallar peyda olub. Qalib müəllimdən zərərçəkənlərin növbəti qruplaşması ortaya çıxmışdır. Bunlar tam olaraq 28 nəfərdir. (Dəli şeytan deyir Moskva şəhərini qoruyan 28 panfilovçu haqda məşhur sovet rəvayətindən təsirləniblər, indi Hacı Qalibə qalib gəlmək istəyirlər. Necə deyərlər, “Geriyə yol yoxdur, arxada Bilgəhdir”). 

Həmin şəxslərin iddiasına görə, hələ 1989-cu ildə kooperativ yaradıblar, sovet hökumətindən bağ yeri alıblar. Lakin Qalib müəllim bələdiyyə sədri olanda onlara məxsus 5 hektar 300 sot ərazini əlinə keçirib. Öncə yaşlı nənəsinin adına sənədləşdirib, guya nənə orada həyətyanı sahə əldə edib özünə ev tikəcəkmiş. Hazırda isə 5 hektardan çox yağlı ərazi Qalib müəllimin övladı, gənc deputat Əliabbas Salahzadəyə verilibdir. 

Əlbəttə, bələdiyyə sədrinin qoca nənəsinin o yaşında həyətyanı sahəsiz və evsiz qalması yaxşı iş deyilmiş, eyni zamanda sədrin xalq üçün ailəsini fəda etməsi əlamətidir. Başqa yöndən, kooperativ üzvlərinin açıqlamasından bir cümlə mənim xoşuma gəlmədi: “Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər?”

Məncə, yersiz fikirlərdir. İnsanın yaşının nə dəxli var? Sanki cavan adam qanunsuz 5 hektar zəbt edə bilərmiş. Ajda Pekkan 78 yaşındadır, hələ də konsert verir. Torpaq sahəsinə gələndə, bəşəriyyətin çox sevdiyi, turşməzə qransmit alma növünü 19-cu əsrdə Avstraliyada Smit soyadlı yaşlı nənənin yetişdirdiyi məlumdur. (“Qranni Smit” ingiliscə “Smit nənə” deməkdir). Bəlkə Qalib müəllimin nənəsi də 5 hektar ərazidə yeni zeytun, badam, şanı, əncir sortları yetişdirib aqrar sektorumuza dəstəyini ifadə etmişdir? Bəlkə nənə orada turp əkib, dartırlar, çıxmır? 

Ola bilər. İzləyirik. Yeni faktlar ortaya çıxsın, sizə də xəbər verəcəyik.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR