İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarının halı və Rusiyanın “fədakarlığı” - təhlil

605 08.08.2023 12:54 Siyasət A A

Azərbaycan üçün komfortlu qiymət nə qədər davam edəcək?

Dünyanın aparıcı iqtisadiyyatlarına malik ABŞ, Avropa İttifaqı və Çindən gələn neqativ xəbərlər fonunda qlobal neft bazarında qiymətlər 85-86 dollar aralığında sabitləşib. Buna səbəb bazarda qiymətlərin OPEK+ ölkələrinin hasilatı azaltmaq istiqamətli addımları ilə dəstəklənməsidir. Belə ki, avqustun 1-dən etibarən Rusiya dünya bazarına gündəlik neft ixracını 500 min barel azaltmağa başlayıb. Bu addım mart ayından başlayaraq gündəlik hasilatın 500 min barel azaldılmasına əlavə olaraq atılıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu addım dünya neft bazarında balansı qorumaq məqsədilə atılır. Novakın sözlərinə görə, şirkətlər hasilatı, yaxud ixracı azaltmaq barədə özləri qərar verəcəklər, əsas odur ki, Rusiyanın ümumi ixracı vəd edilən həcmdə azalacaq.

Rusiyanın energetika naziri Nikolay Şulgin isə TASS-a bildirib ki, ölkəsi neft ixracını iyuldan azaltmağa başlayıb ki, avqustun 1-dən onu vəd oluna həcmə - 500 min barelə tam çatdırsın.

Bu ay həmçinin Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarını davam etdirəcək. Ər-Riyad bu addımı yalnız iyul ayı üçün bazarda qiymətlərin azalmasının qarşısını almaq məqsədilə atmışdı. Lakin sonradan bu qərarın müddəti avqusta şamil edildi. May ayından ölkə gündəlik hasilatı 500 min barel azaltmışdı. Nəticədə hasilat 10 milyon barelə düşmüşdü. Hazırda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 9 milyon barel təşkil edir.

Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir. Onun dediyinə görə, hazırda Rusiyanın gündəlik neft hasilatı 9,5 milyon barel təşkil edir: “Bu, mart ayından etibarən hasilatın 500 min barel azaldılması ilə bağlı könüllü öhdəliyə tam əməl edilməsi deməkdir. Bundan əlavə, biz avqust-sentyabr aylarında ixracı da azaltmaqla bazarda qiymət balansını qorumağa çalışırıq”.

Qeyd edək ki, Rusiya fevral ayında martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını elan edib. Bunu bazardakı neft təklifini azaltmaq məqsədilə izah edən Moskva eyni zamanda şübhəli şəkildə martdan etibarən hasilat göstəricilərinin açıqlanmasını dayandırıb. Son açıqlamada fevralda gündəlik hasilatın kondensatsız 9,9 milyon barel təşkil etdiyi bildirilirdi.

Lakin aprel-may aylarında beynəlxalq analitik mərkəzlərin hesablamaları nəticəsində məlum olub ki, Rusiya gündəlik hasilatı cəmi 270 min barel - 9,6 milyon barelə qədər azaldıb. Novakın açıqladığı göstərici hasilatın heç də 500 min barel tam azaldılmadığını göstərir...

Neft hasilatını azaltsa da, Rusiya neft məhsullarının ixracını artırır. “Vedomosti”nin yazdığına görə, Avropa İttifaqının embarqosu və qiymət tavanına baxmayaraq, 2023-cü ilin birinci yarısında Rusiyanın dizel yanacağı ixracı illik ifadədə 11 faiz artıb. Gündəlik ixrac 1 milyon 55 min barel təşkil edib. Onun ən böyük alıcısı Türkiyə olub, ardınca Səudiyyə Ərəbistanı və Braziliya gəlir. Bundan əlavə, Rusiya dizelinin 20 faizindən çoxu Afrika ölkələrinə satılır. Analitiklər bildirirlər ki, ciddi qiymət endiriminə rəğmən, Rusiyanın neft şirkətlərinə xam neftdənsə dizelin ixracı daha sərfəlidir.

Qərb niyə Rusiya neft və qazına sanksiya qoymalıdır?

Ötən ilin eyni dövründə Rusiya dizelinin 77 faizi Avropa İttifaqı ölkələri, Böyük Britaniya və Norveçə ixrac olunurdu. İndi isə bu göstərici cəmi 9 faiz təşkil edir ki, bu da fevralın 1-də Avropa İttifaqının embarqo qərarı qüvvəyə minənə qədər reallaşan ixracdır.

2022-ci ildə Rusiya Afrika ölkələrinə əsas hissəsi dizel yanacağından ibarət olan 8 milyon ton neft məhsulları ixrac edib. Rusiyanın energetika naziri Nikolay Şulginovun dediyinə görə, 2023-cü ilin birinci yarısında ixrac ötən ilki bütöv ixracdan yuxarı olub: “Biz Afrikaya çox az miqdarda neft satırıq. Onların əsas tələbatı neft məhsullarına, xüsusilə də dizel yanacağınadır. Hesab edirik ki, bu ilin sonunadək Afrika ölkələrinə 18-20 milyon, bəlkə də 25 milyon ton neft məhsulları ixrac edə biləcəyik”.

Onu da bildirək ki, hasilat və ixracdakı azalmalar, həmçinin ABŞ-də neft ehtiyatlarının rekord həcmdə - 17,3 milyon barel azalması xəbərləri belə bazarda qiymətlərin sabitliyinə gətirməməsi bu qiymətdən kəskin asılı olan Rusiya və Səudiyyə Ərəbistanını qane etmir. Ona görə də Səudiyyə Ərəbistanı hasilatın 1 milyon barel azaldılması öhdəliyini sentyabrda da davam etdirəcəyini,  Rusiya isə sentyabrdan gündəlik ixracın azaldılması qərarının 300 min barel olaraq davam edəcəyini açıqladı. Beləliklə, əsas oyunçuların hasilat və ixracı azaltmaları dünya bazarında qiymətlərin 85 dollara qədər yüksəlməsi ilə müşayiət olunur.

Rusiyanın neft qiymətlərinin 80 dollardan yuxarı olmasında xüsusi marağı aydındır ki, müharibə xərclərinin artması fonunda sanksiyalara görə gəlirlərinin kəskin azalması ilə bağlıdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, iyun ayında Rusiyanın neft-qaz gəlirləri may ayı ilə müqayisədə 1,5 milyard dollar və ya 11,2 faiz azalmaqla 11,8 milyard dollar təşkil edib. Bu, son aylarda ən aşağı göstərici, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 dəfəyə yaxın azdır (Ötən il 20,4 milyard dolla olub-red.).

BEA-nın hesablamalarına əsasən, cari ilin birinci yarısında Rusiyanın neft ixracından gəlirləri ötən ilin eyni dövründəkindən 1,5 dəfədən çox azalaraq 120,4 milyard dollardan 77,4 milyard dollara düşüb.

Dünya bazarında neftin və qazın yeni qiyməti » TEHSIL-PRESS Agentliyi

Agentliyin hesablamaları göstərir ki, iyun ayında Rusiyanın gündəlik neft ixracı mayla müqayisədə 0,6 milyon barel azalmaqla 7,3 milyon barel təşkil edib. Bu isə 2021-ci ilin martından bəri ən aşağı göstəricidir. Avqustun 1-dən Rusiya gündəlik neft ixracını 500 min barel daha azaldıb. Lakin BEA bildirir ki, turizm mövsümü ilə bağlı Rusiyanın daxilində yanacağa tələbat artdığına görə, ixracın azalması ümumi hasilatda azalmaya gətirməyəcək.

İyul ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin orta qiyməti 64,37 dollar təşkil edib. Bu, G7 və Avropa İttifaqının təyin etdiyi qiymət tavanından 4,37 dollar yuxarıdır. Yeddi ayda Uralsın orta qiyməti isə hələlik tavandan aşağı - 53,94 dollardır. Uralsın qiymətində etalon marka olan Brentlə müqayisədə yanvarda 35 faizə çatan endirim isə iyulda 20 faizə qədər azalıb.

Rusiya büdcəsi hazırlanarkən gəlirlər Uralsın 70,1 dollarlıq orta qiyməti əsasında hesablanmışdı. Layihədə dövlət büdcəsi kəsirinin 2.925 trilyon rubl olacağı nəzərdə tutulurdu. Lakin iyunun sonuna kəsir məbləği 2,595 trilyon rubla çatmışdı.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyulunda dövlət büdcəsinin neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 4 trilyon 193 milyard rubl təşkil edib. Ötən ilin 7 ayında bu göstərici 7 trilyon 146 milyard rubl olmuşdu.

İyul ayında isə Rusiya büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox neft-qaz gəliri daxil olub. 811,3 milyard rubl təşkil edən gəlirin belə artımına rübdə bir dəfə toplanan əlavə gəlir vergisi səbəb olub. İyulda bu vergi üzrə büdcə gəliri 294,5 milyard rubl təşkil edib. Nazirliyin məlumatına əsasən, yanvar-iyulda neft və kondensat ixracından vergilər üzrə büdcə ötən ilin eyni dövründəkindən 38,9 faiz az - 3 trilyon 571 milyard rubl, ixrac rüsumu üzrə isə 3,1 dəfə az - 125,2  milyard rubl gəlir əldə edib.

Azərbaycan nefti 3% bahalaşdı

Neft gəlirlərindəki azalma fonunda Ukraynadakı işğalçı müharibə Rusiyanın xərclərini rekord həddə çatdırır. Belə ki, Rusiya hakimiyyəti 2023-cü il üçün məqsədli müdafiə xərclərini ikiqat artırmalı olub. Bu barədə məlumatı "Reuters" əldə etdiyi hökumət sənədi əsasında yayıb. Məlumatdan aydın olur ki, bu xərclər bütövlükdə dövlət xərclərinin üçdəbirinə - 100 milyard dollara qədər artırılıb. Sənədə əsasən, bu ilin birinci yarısında Rusiya məqsədli müdafiəyə bütövlükdə 2023-cü ildə planlaşdırılan 4,98 trilyon rubldan(54 milyard dollar) 12 faiz və ya 600 milyard rubl çox - 5,59 trilyon rubl xərcləyib. Bu, 14,97 trilyon rubl təşkil edən ümumi büdcə xərclərinin 37,3 faizinə bərabərdir.

Xərclərin belə çoxalması fonunda neft qiymətlərinin yüksəlməsi Rusiya büdcəsi üçün müsbət amildir. Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, qiymətlərin 80 dollardan yuxarı olduğu avqust ayında dövlət büdcəsi 73,2 milyard rubl həcmində neft-qaz gəliri əldə edə bilər.

Büdcəsində neftin payı 52 faizdən yuxarı olan Azərbaycan üçün neft bazarındakı qiymət mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın dünya bazarına çıxardığı AzeriLight markalı neftin qiyməti isə 90 dollardan yuxarıdır. Azərbaycanın dövlət büdcəsində neftin orta qiyməti 60 dollar nəzərdə tutulduğuna görə, hazırkı qiymət diapazonu ölkə üçün komfortlu hesab olunur...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR