OPEK+ alyansının 7 ölkəsinin hasilatı artırmaq qərarı neft bazarı üçün əlavə təzyiq yaradıb.
Musavat.com xəbər verdiyi kimi, dünən Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Küveyt, Qazaxıstan və Oman avqust ayı üçün gündəlik hasilatı 188 min barel artırmaq barədə qərar qəbul ediblər. Bu qərar, gözlənildiyi kimi, neft bazarına qiymətlərin azalması istiqamətində əlavə təsirə səbəb olub. Günün və həftənin ilk hərraclarında Brent neftinin qiyməti 72 dollardan aşağı düşüb.
Analitik mərkəzlərə görə, dünyada yanacağa tələbatın artdığı yay-turizm mövsümü başa çatandan sonra – avqustun sonlarına doğru dünya bazarında böyük həcmdə neft artıqlığı yaranacaq. Buna təsir edən amillərdən biri OPEK+un qərarıdır. Alyansın son qərarı ilə aprel ayından bəri bu alyans üzvlərindən təklifin ümumi artımı gündə təxminən 800.000 barelə çatıb ki, bu da bazara təzyiqi artırır.
Lakin hazırda neft bazarına OPEK+ qərarından əlavə, qiymətləri aşağı çəkən bir neçə başqa amil də təsir göstərir. Bunlardan biri dünyanın ən böyük neft idxalçısı olan Çinin neft idxalını kəskin azaltmasıdır. Belə ki, may ayında Çin xam neft idxalını gündə 10,9 milyon barelə endirib ki, bu da 2022-ci ildən bəri ən aşağı göstəricidir. İyun ayında açıqlanan məlumatlar Çin idxalında real bir çöküş göstərdi. Ölkənin gömrük xidməti idxalın gündə 7,8 milyon barel olduğunu elan etdi ki, bu da 2017-ci ilin oktyabr ayından bəri ən aşağı göstəricidir. Dəniz yolu ilə daşınmalar gündə 6,6 milyon barel olub ki, bu da on ilin ən pis səviyyəsidir.
Çinin neft idxalını belə bir miqyasda azaltması da bir neçə amildən qaynaqlanır. Birincisi, Pekin son iki ildə İran və Rusiyadan ucuz sanksiyalı neft bolluğundan istifadə edərək sürətlə ehtiyat toplayır. Hətta indi də Çin ethiyat toplmağa davam edir: Körfəz müharibəsinin başlanğıcından bəri strateji neft ehtiyatlarını 8 milyon barel artırıb. Lakin bu, artıq o qədər də sürətlə baş vermir və ehtiyatları doldurmaq üçün yüksək qiymətlərlə aktiv alışlar demək olar ki, dayandırılıb.
İkincisi, Çin neft emalı həcmlərini əhəmiyyətli dərəcədə azaldıb, neft emalı zavodları əsasən idxal olunan təchizatdan daha çox öz kommersiya ehtiyatlarından istifadə edir. Əhalinin getdikcə daha böyük sürətlə elektrikli nəqliyyat vasitələrinə keçməsi və mayeləşdirilmiş təbii qazla işləyən yük maşınlarının uzun məsafəli yük daşınması üçün getdikcə daha çox istifadə edilməsi səbəbindən ölkədə benzin və dizel yanacağının satışı azalır. Aprel ayında benzin və dizel yanacağının satışı mart ayı ilə müqayisədə 15 faiz azalıb.
Çin hakimiyyəti həmçinin əsas yanacaq ehtiyatlarının ölkə daxilində mövcud olmasını təmin etmək üçün neft məhsullarının ixracını məhdudlaşdırıb. Bu qərar özəl neft emalı zavodları üçün itkilər təhlükəsi yaradır və bəzilərinin fəaliyyətini tamamilə dayandırmasına və ya təmirə məruz qalmasına səbəb olur. Nəticədə emal və ona uyğun olaraq da idxala ehtiyac azalır.
Çinin neft idxalında azalmanın ən azı avqustun sonunadək davam edəcəyi gözlənilir ki, bu da tələbatın yüksəldiyi turizm mövsümündə dünya bazarında qiymətlərin artmasının qarşısını tam alır.
Fars körfəzindən təklifin sürətlə bərpası Çinin idxalındakı azalma fonunda qiymətləri daha da aşağı çəkir. Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt ixracı sürətlə artırırlar. ABŞ-ın sanksiyalardan azad etdiyi İran neftinin bazara daxil olan həcmləri də sürətlə çoxalır.
Beynəlxalq Enerji Agentliyinin gözləntilərinə əsasən bahalı yanacaq və istehlakın yavaşlaması fonunda 2026-cı ildə qlobal tələbat gündə 1,1 milyon barel azalacaq.
BloombergNEF qlobal neft tədarükü profisitinin 2027-ci ildə gündə 5,02 milyon barelə çatacağını proqnozlaşdırır. Bu fonda Brent markasının qiyməti barel üçün 60 dollara, WTI markasının qiyməti isə daha da aşağı düşəcək. May ayında Brent markalı xam neftin qiyməti Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmiçiliyin normallaşdırılması gözləntiləri ilə 19 faiz düşüb. İyun ayında bölgədə gərginliyin bir qədər artmasına baxmayaraq, bu tendensiya davam edib və Brent markasının qiymətləri daha 21 faiz azalıb.
BloombergNEF analitikləri bunun son olmadığını düşünür və neft qiymətlərinin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar. Onlar hesablayırlar ki, ABŞ-İran müharibəsi zamanı ən çox zərər çəkən neft hasilatı 2027-ci ildə müharibədən əvvəlki səviyyəyə qayıdacaq və bu da qlobal neft təklifinin tələbatı xeyli üstələməsinə səbəb olacaq.
Xüsusilə, 2027-ci ildə qlobal neft təklifi profisiti 2026-cı ildəki kiçik kəsirlə müqayisədə gündə 5,02 milyon barel təşkil edəcək. Bu fonda Brent markalı neftin qiyməti barel üçün 60 dollara, WTI markalı neftin qiyməti isə bu səviyyədən aşağı düşəcək.
Digər analitik mərkəzə sahib Citigroup-un analitikləri xəbərdarlıq edirlər ki, Hörmüz boğazından ixracın sabitləşməsi fonunda Brent markalı neftin qiyməti ilin sonuna qədər barel üçün 60 dollara düşə bilər.
Bankın mütəxəssisləri yazır ki, "fundamental amillər tezliklə öz varlığını hiss etdirməyə başlayır": "Gəmiçilik normallaşır, Çinli alıcılar yoxdur, fiziki neft bazarındakı vəziyyət kəskin şəkildə pisləşib və ehtiyatlar gözləniləndən daha az miqdarda azalıb."
Citi proqnozlaşdırır ki, yaxın gələcəkdə gəmiçilik və logistika normallaşdıqca və sığorta sənayesi yeni mühitə uyğunlaşdıqca, neft bazarındakı vəziyyət "səs-küylü" olaraq qalacaq. Lakin dəniz gəmiçiliyi həcmlərinin artması nəticədə əsas tanker operatorlarını sakitləşdirəcək və onlar artıq nəqliyyat xidmətləri göstərməyi həddindən artıq riskli hesab etməyəcəklər: "Biz istənilən yay rallisində neft satmağı tövsiyə etməyə davam edirik və Brent-in ilin sonuna qədər barel üçün 60-65 dollar aralığına çatacağını gözləyirik. Biz inanırıq ki, ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşması qüvvədə qalacaq və yaxın aylarda daimi bir razılaşmaya çevriləcək."
Goldman Sachs Group-a görə, İranla müharibənin təsirləri azaldıqca və Hörmüz boğazından gəmiçilik bərpa olunduqca qlobal neft bazarında yenidən təchizat bolluğu yaşanacaq. Qlobal əmtəə tədqiqatları üzrə həmsədr Samanta Dart Bloomberg-ə bildirib ki, strateji ehtiyatları doldurmaq üçün neft alışlarının qlobal bazarı müəyyən dərəcədə akitvləşdirəcəyi gözlənilsə də, gözlənilən təklif artıqlığını yalnız qismən kompensasiya edəcək.
O, bazarların Hörmüz boğazındakı "gərginləşmələrə" reaksiya vermədiyini bildirib, çünki ABŞ-ın enerji ixracı və Çin idxalı sabit qalıb və bu da neft bazarının düzgün istiqamətdə getdiyini göstərir: "Boğazdan axın normallaşdıqdan sonra növbəti mərhələyə - həddindən artıq təklifə keçməyimiz gözlənilir". Dart əlavə edib ki, artıqlığın gələn il orta hesabla gündə 3 milyon bareldən bir qədər çox olacağı proqnozlaşdırılır: "Qlobal neft ehtiyatlarının artırılmasının gündə 1 milyon bareldən bir qədər çox olacağını gözləyirik, lakin hətta bu halda da gündə təxminən 2 milyon barel artıqlığımız olacaq."
Goldman Sachs-ın əlverişli iqtisadi şəraitə qayıtma proqnozu iki həftədən bir az çox müddətdə qiymət proqnozlarını iki dəfə aşağı salan Morgan Stanley analitiklərinin proqnozları ilə üst-üstə düşür.
Gəmi izləmə məlumatlarına görə, Səudiyyə Ərəbistanının ixracı normal həcmlərin təxminən 90 faizinə qayıdıb.
Təklifdəki artım dünyanın ən böyük neft idxalçısı olan Çindən tələbatın zəifləməsi ilə üst-üstə düşdü. Nəticədə, bazar yenidən artıqlığa doğru irəliləyir. Müharibə əlavəsi qiymətlərdən tədricən yox olur və OPEC ölkələrinin alıcılar uğrunda rəqabət aparması ehtiyacı yenidən aktuallaşır.
İstehsalın artmasına ən çox töhfə verən üç Fars körfəzi ölkəsi olub. Küveyt hazırkı OPEC üzvləri arasında ən güclü artımı qeydə alıb və hasilatı gündə 870.000 barel artıraraq 1,36 milyon barelə çatdırıb. Münaqişə zamanı ölkədə istehsal təxminən 80 faiz azalıb və hələ də normal səviyyələrinə qayıtmayıb. Səudiyyə Ərəbistanı hasilatı gündə 550.000 barel artıraraq 7,2 milyon barelə çatdırıb.
İran hasilatı gündə 510.000 barel artıraraq gündə 2,85 milyon barelə çatdırıb. Lakin ölkə hələ də bütün həcmə alıcı tapa bilmədiyi üçün tankerlərdə xeyli miqdarda neft saxlamağa davam edir. OPEC xaricində Rusiya da xam neft ixracını kəskin şəkildə artırıb.
Bloomberg-in məlumatına görə, bu, Rusiya neft emalı zavodlarına edilən zərbələrlə bağlıdır. Daxili emal gücünün azalması səbəbindən neftin bir hissəsi xarici bazarlara yönəldilməli olub.
Bir çox aparıcı beyin mərkəzləri Brent markalı neftin dekabr ayına qədər 60-65 dollara çatacağını proqnozlaşdırır.
Gəlirlərinin mühüm hissəsi neft ixracından formalaşan Azərbaycanda üçün qiymət enişi, əlbəttə, mənfi tendensiyadır. Beş ayda ölkənin neft ixrac həcmləri 15 faizə yaxın azalıb. Qiymətlərin enişi fonunda bu amil ölkə iqtisadiyyatı üçün ciddi çağırışlar formalaşdırmaqdadır.
Dünya,
Musavat.com






