Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin birgə iclasında çıxışı zamanı bildirib ki, 5-10 şagirdi olan məktəblərdə keyfiyyətli təhsil vermək mümkün deyil. Onun sözlərinə görə, azsaylı şagirdli məktəblərdə tədrisin keyfiyyətini təmin etmək çətindir, çünki belə şəraitdə sosial mühit formalaşmır, bir çox fənlərin, xüsusilə musiqi və idman kimi kollektiv fəaliyyət tələb edən dərslərin təşkili çətinləşir. Nazir qeyd edib ki, bu səbəbdən ölkədə məktəblərin ixtisarı və birləşdirilməsi prosesi davam etdiriləcək.
Lakin bu yanaşma cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi ekspertlər məktəblərin ixtisara salınmasını mənfi hal hesab edir. Onların fikrincə, bu proses kənd və ucqar ərazilərin sosial həyatını zəiflədir, çünki məktəblər həmin yerlərin təkcə təhsil deyil, həm də mədəni və ictimai mərkəzi sayılır. Məktəbin bağlanması kəndin tənəzzülünə, insanların köçməsinə və yerli icmanın dağılmasına səbəb ola bilər. Digər tərəfdən, uşaqların başqa kənd və ya şəhərdə təhsil alması uzaq məsafə qət etməyi tələb edir, bu da həm uşaqlar, həm də valideynlər üçün əlavə çətinlik yaradır. Bəzi hallarda bu məsafələr uşaqların davamiyyətinə mənfi təsir göstərir, hətta məktəbdən yayınma hallarına gətirib çıxarır.
Bu baxımdan, məktəblərin ixtisar olunması yaxınlarda gündəmə gələn məktəbli avtobuslarının işlək olması məsələsini də yada salır. Amma bu avtobuslarda qiymətlərin yüksək olması cəmiyyətdə böyük narazılığa səbəb oldu.
Bundan başqa, məktəblərin bağlanması uşaqların psixoloji vəziyyətinə də təsir göstərə bilər. Yeni məktəbə, yeni mühitə uyğunlaşmaq hər uşaq üçün asan olmur. Kiçik kənd məktəblərində uşaqlar daha doğma, səmimi mühitdə böyüyür, müəllimlərlə və sinif yoldaşları ilə daha yaxın münasibətlər qururlar. Bu baxımdan, məktəblərin ixtisarı təkcə təhsil məsələsi deyil, həm də sosial və emosional bir problemdir.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “5–10 şagirdli məktəblərdə keyfiyyətli təhsil vermək struktur, resurs və pedaqoji baxımdan mümkün deyil və bu, təsadüfi bir fikir yox, həm qanunvericilik, həm iqtisadi səmərəlilik, həm də beynəlxalq təcrübə ilə təsdiqlənən obyektiv reallıqdır. Mövcud rəqəmlər göstərir ki, hazırda ölkədə yüzlərlə məktəbdə siniflərdə şagird sayı 10-dan aşağıdır və bəzi ucqar kənd məktəblərində ibtidai siniflərdə cəmi 2–3 şagird təhsil alır. Bu vəziyyət “Ümumi Təhsil haqqında” Qanunun 5.4-cü maddəsində dövlətin üzərinə qoyulan “keyfiyyətli təhsil üçün zəruri infrastrukturun yaradılması” öhdəliyini praktik olaraq mümkünsüz edir, çünki kiçik məktəblərdə laboratoriya, musiqi kabineti, idman zalı, psixoloji xidmət, kitabxana və tam ştatlı pedaqoji komanda saxlamaq həm maddi, həm də kadrlıq baxımdan real deyil.

Kamran Əsədov
Təhlillərim göstərir ki, şagird sayı azaldıqca təhsil nəticələri də aşağı düşür. Araşdırmalarıma görə, şagird sayı 10-dan az olan məktəblərdə IV sinif oxu nəticələri ölkə ortalamasından 22–28 % aşağıdır. Bunun əsas səbəblərindən biri ixtisaslaşmanın olmamasıdır: musiqi, fiziki tərbiyə, informatika kimi fənlər çox zaman eyni müəllim tərəfindən formal şəkildə tədris edilir. Nazirliyin iclasda səsləndirdiyi “2 nəfərlik sinifdə xor dərsi keçmək mümkünsüzdür” fikri məhz təhsilin məzmun komponentinin təmin olunmaması kimi fundamental problemi açıq göstərir. Qanunun 14.2-ci maddəsində ibtidai təhsilin məqsədi kimi “şagirdin sosial ünsiyyət, əməkdaşlıq və yaradıcı fəaliyyət bacarıqlarının” formalaşdırılması qeyd olunur, lakin 5–10 şagirdlə qrup işi, sosiallaşma, kollektiv fəaliyyət, idman komandası və musiqi kollektivləri yaratmaq mümkün olmadığından bu normativ də yerinə yetirilmir.
Dünya təcrübəsi kiçik məktəblərin optimallaşdırılmasının təhsil keyfiyyətinə ciddi müsbət təsir etdiyini göstərir. Estoniyada kənd məktəbləri 2000-ci illərdən etibarən “regional mərkəzlər” modelinə birləşdirildi və PISA nəticələri 15 il ərzində Avropanın ən yüksək nəticələrinə çatdı. Finlandiya ucqar bölgələrdə məktəb şəbəkəsini optimallaşdıraraq şagirdləri resurslarla zəngin klaster məktəblərə yönəltməklə təhsildə imkan bərabərliyi yaratdı. Gürcüstan 2005-ci ildən sonra kiçik məktəbləri ixtisar edib şagird nəqliyyatı modelini tətbiq etdi və kənd məktəblərində riyaziyyat nəticələrini 30 %-ə yaxın yaxşılaşdırdı. Bu ölkələrin ortaq strategiyası ondan ibarətdir ki, fiziki məktəbin mövcudluğu yox, şagirdin aldığı tədris mühitinin zənginliyi əsas prioritetdir. Elm və Təhsil Nazirliyinin hazırda həyata keçirdiyi ixtisar siyasəti bu modelə tam uyğundur və elmi əsaslara söykənir”.
Ekspert qeyd edib ki, kiçik məktəblərin mövcudluğu sosial baxımdan da risklidir: “Psixoloji araşdırmalar göstərir ki, 10-dan az şagirdi olan məktəblərdə sosial inkişaf, liderlik, əməkdaşlıq və rəqabət bacarıqları formalaşmır. Nazirliyin “10 nəfər olan məktəbdə uşağın neçə dostu olacaq?” fikri həm sosial psixologiya, həm də inkişaf pedaqogikasının nəticələri ilə uyğun gəlir. Bu səbəbdən şagirdləri daha böyük, daha sosial mühitə keçirmək onların gələcək adaptasiya, özünəinam və əmək bazarında kommunikasiya bacarıqlarını gücləndirir. Mənfi tərəf odur ki, ixtisar prosesi valideyn narahatlığı, logistika çətinliyi və psixoloji adaptasiya məsələlərini də özü ilə gətirir. Lakin bu riskləri azaltmaq mümkün və zəruridir. Nazirlik son illərdə şagird nəqliyyatının təşkili, klaster məktəb infrastrukturunun gücləndirilməsi, müəllimlərin həmin mərkəzlərə yönləndirilməsi, məktəb resurslarının mərkəzləşdirilməsi kimi addımlarla bu riski minimuma endirmək istiqamətində ciddi işlər görür. Bu siyasət həm təhsil keyfiyyətinin, həm bərabər imkanların, həm də büdcə səmərəliliyinin artırılması baxımından müsbət qiymətləndirilə bilər. Maliyyə baxımından da optimallaşdırma əsaslı addımdır: 5–10 şagird üçün ayrıca bina, direktor, təsərrüfat xərcləri saxlamaq ildə yüz minlərlə manat əlavə yük yaradır və bu vəsait real tədris prosesinə yönəlmir. Eyni vəsait klaster məktəblərdə laboratoriya, idman infrastrukturu və təlim texnologiyalarının inkişafına sərf edildikdə daha çox şagird fayda görür”.
Kamran Əsədov hesab edir ki, şagirdlərin təhsil imkanları artıq yaşadıqları kəndin resursları ilə məhdudlaşmayacaq, daha güclü məktəblərə çıxış əldə etməklə nəticələr yüksələcək: “Dəyişməli olan isə ixtisar prosesinin sosial izah mexanizmlərinin, nəqliyyat təminatının, şagirdlərin adaptasiya proqramlarının daha sistemli şəkildə qurulmasıdır. Nazirliyin bu istiqamətdə açıq, faktlara söykənən mövqeyi və resursları səmərəli yönləndirməsi uzunmüddətli keyfiyyət artımının əsasını qoyur və müasir təhsil siyasətinə tam uyğun addımdır. Elm və Təhsil Nazirliyinin bu yanaşması həm elmi əsaslara, həm beynəlxalq təcrübəyə, həm də qanunvericiliyə uyğun şəkildə təhsildə bərabərliyi və keyfiyyəti artırmağa yönəlmiş müsbət islahat kimi qiymətləndirilməlidir”.
Afaq Mirayiq,
Musavat.com






