İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının xatirəsinə

1843 18.02.2024 21:34 Yazarlar A A

Coğrafiya taledir və Rusiya müxalifətinin şək-şübhəsiz yeganə lideri Aleksey Navalnı Şimal qütbü yaxınlığındakı Harp türməsində 16 fevralda qətlə yetiriləndə hansı coğrafiyada yaşadığımızı bir daha bizə xatırlatdı. Əlbəttə, şəxsən mən unutmamışdım, çünki orta məktəbdə coğrafiyanı çox yaxşı oxuduğumu deyə bilərəm. Tanrının qarğışına tuş gəlmiş bu coğrafiyada isə gah jurnalisti konsulluq binasında odun kimi mişarlayırlar, gah kəkili azca açıq qaldığı üçün qadınları heyvancasına döyüb öldürürlər.

Navalnı maraqlı adam idi, mən onun Youtube platformasındakı məşhur “Navalnı live” kanalını davamlı izləyərdim. İncə yumoru, kəskin satirası, sadə insanlarla dil tapmaq qabiliyyəti, jurnalist keyfiyyətləri, liderlik gücü... Navalnıda bunların hamısından var idi. “Gələcəyin gözəl Rusiyası” – onun əsas siyasi şüarlarından biri bu cür idi və belə görünür həmin gələcək ən azı yaxın onilliklərdə gəlməyəcək.

Ən əsası, Navalnı heyrətamiz cəsarətə malik idi və bütün dünya bu qorxmazlığı canlı olaraq müşahidə etdi, bəlkə əhvalatın mənasını başa düşmədik. Məncə onun həyatında və ölümündə nəsə mistik, dini süjet vardı. Dini rəvayətlər bəlkə də elə bu cür yaranır, onların hər birinin kökündə kiminsə gerçək həyatı durur. Mümkündür ki, İbrahimin oğlunu qurban kəsmək istəməyi, İsanın çarmıxı, qeybə çəkilməsi, ölüləri diriltməyi, lap elə Qabilin öz qardaşı Habili öldürməyi real həyatda olubdur. Axırıncıya əslində heç şübhəmiz yoxdur – hər gün real görməkdəyik...

Navalnının həyatı məncə İovanın, müsəlmanlar demişkən, Əyyub peyğəmbərin əhvalatına bənzəyir. Bibliyada, Quranda belə personaj var. Tanrı və İblis Əyyubun üzərində az qala mərcə girirlər. Əyyub varlı, xoşbəxt və çoxuşaqlı ailəsi olan bir nəfərdir. Üstəlik, dindardır və hər gün Tanrıya şükür edir. Şeytan deyir ki, əgər xoşbəxt olmasa Əyyub sənə şükür etməzdi, Tanrı Əyyubu sınamağa başlayır. Onu sağalmaz xəstəliklərə düçar edir, ailəsini qırır, var-dövlətini əlindən alır. Lakin Əyyub yenə şükür edir. Axırda Tanrı bu səbrinə, dözümünə, şükranlığına görə Əyyubu ikiqat qiymətləndirir: onun var-dövlətini artıqlamasilə geri qaytarır, xəstəliyini sağaldır, eyni sayda uşağı olur və 140 il xoşbəxt ömür sürür. Əyyubun əhvalatı xristian əxlaqına, Qərb mədəniyyətinə böyük təsir etmişdir. Rus yazıçılarından Dostoyevskinin əsərlərində də (xüsusilə “Karamazov qardaşları” romanında) əzabkeş Əyyub peyğəmbər teması ciddi müzakirə olunur.

Lakin Navalnı təqiblərə, sui-qəsdlərə, min cür əzab və işgəncəyə məruz qoyulsa da bu əhvalat xoşbəxt sonluqla bitmədi. Görünür müasir Rusiyada Tanrının yurisdiksiyası artıq ümumiyyətlə qalmamışdır.

Navalnı Şimaldakı, hətta adı da qəribə şəkildə hansısa kosmik obyekti xatırladan Harp cəza düşərgəsinə (oxu: ölüm düşərgəsi) göndəriləndə bunu zarafatla “kosmik səyahət” adlandırmışdı. “Elə bilin mən kosmik gəmidə uzun səyahətə çıxmışam. İzolyasiya olunmağım da buna görədir”. Ancaq təəssüf ki, Navalnının kosmik səyahəti Stenli Kubrikin “2001: kosmik Odisseya” filmindəkinə oxşar bitdi. Orada HAL-9000 adlı robot gəmidə anabioz vəziyyətində saxlanan astronavtları qətlə yetirirdi. Şimal qonşumuzu insan sifətindən çıxmış robot(lar) idarə edir. Hər gün Ukraynaya ölüm yağdıran, bütün planeti nüvə savaşıyla təhdid edən də həmin robotdur.

Keçmişdəki bəzi ziddiyyətli, pis açıqlamalarına baxmayaraq Navalnı inkişaf etməyi bacaran, üzərində işləyən, fikrini, dünyagörüşünü müsbətə doğru dəyişdirən adam idi. Çağdaş dünyamızda, çoxlarının pisliyə yuvarlandığı zəmanədə neçə belə adam tanıyırıq? Olduqca az. Yaxşılıq, mərdlik, cəsurluq deyil, pislik və qorxaqlıq trendə çevrilir. Navalnı, şübhəsiz, ölümün gözünün içinə dik baxmağıyla qəhrəman idi və mən də orijinallıq etmədən o məşhur şablonu burada təkrar yazıram: “Qəhrəmana ehtiyacı olan xalq bədbəxtdir”.

Qəhrəmanını qətlə yetirən xalq isə, yəqin ikiqat bədbəxtdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR