“Kevin Kamilton Kanadanın Türkiyədəki səfiri olub, eyni zamanda Azərbaycana da akkreditə olunmuşdu. O, diplomatik fəaliyyəti dövründə bir neçə dəfə Azərbaycana səfər edib. Bu dəfə o NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə Baş katibinin xüsusi nümayəndəsi kimi səfərə gəlib”.
Bu fikirləri Musavat.com-a Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib.
R.Hüseynov vurğulayıb ki, Ankara sammitindən öncə (red: NATO-nun Ankara sammiti iyulun 7-8-də keçiriləcək) belə bir səfərin olması əhəmiyyətlidir:
“Hamilton və həmkarları iki böyük konflikt-Rusiya və İran arasında qalmış Cənubi Qafqaz və burada baş verən sülh prosesi, eyni zamanda bu konfliktlərə görə yarana biləcək təhdidlərlə bağlı yerində vəziyyəti öyrənmək niyyətindədirlər. Ankara sammiti öncəsində NATO-nun müzakirə edə biləcəyi məsələlərlə bağlı Azərbaycandan müəyyən ideyalar aparmaq istəyirlər. Hamiltonun rəsmi şəxslərdən kimlərlə görüşəcəyini dəqiq deyə bilmərəm. Görüş zamanı biz regionumuzdakı siyasi və geosiyasi proseslərə toxunduq.
Azərbaycan Ermənistan sülh prosesi, Rusiya-Ukrayna və İran konfliktlərinin Cənubi Qafqaza təsirləri, eyni zamanda NATO-nun Cənubi Qafqazla bağlı planları, xüsusilə Azərbaycanla əməkdaşlıqda maraqlı olması ilə bağlı da fikir mübadiləsi aparıldı”, -deyə bildirib.
Qeyd edək ki, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə Baş katibinin xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycanda səfərdədir.
Nigar Həsənli
Musavat.com






