İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Bakı və İrəvana “ev tapşırığı”? - Rusiyanın özünə lazımdır!

762 08.08.2023 15:25 Siyasət A A

“Rusiya münasibətlərin tənzimlənməsi üçün daşı daş üstünə qoymayıb”; Qabil Hüseynli: “Üçtərəfli sənədin icrası üçün Rusiya hansı işi görüb? Düz 3 ilə yaxın vaxt keçir və hələ də erməni silahlı qüvvələri ərazilərdən çıxmayıb”

Neçə vaxtdır üç paytaxtda - Brüssel, Vaşinqton və Moskvada aparılan sülh danışıqları Azərbaycan və Ermənistan arasında hər hansı çərçivə sənədinin imzalanmasına gətirməyib. Sözsüz, səbəb təkcə rəsmi İrəvanın oyunbazlığına yox, eyni zamanda sülh müqaviləsini imzalamaq üçün Qərb və Rusiyadan Paşinyan iqtidarına yetərli təzyiqin olmaması ilə bağlıdır. Doğrudur, Qərb (Vaşinqton - Brüssel) platformasında proses daha səmimi təəssürat bağışlayır. Lakin bu günə ABŞ və Avropa İttifaqı da böyük sülhə əngəl olan amillər, o sırada Qarabağdakı 10 minlik qanunsuz silahlı dəstələrlə bağlı Ermənistana “gözün üstdə qaşın var” deməyib. Silahlı separatçılar isə ən çox Rusiyanın işinə yarayır. Kreml daha çox separatçılar vasitəsilə sülh prosesini pozmaq, yaxud ən pis halda prosesi öz nəzarətində saxlamağa çalışır - başı Ukraynaya qarışsa da.

“Ermənistan və Azərbaycan Rusiyanın regionda gərginliyin azaldılmasına yönəlik təkliflərini ”evdə işləmək" üçün qəbul edib". “Yeni Müsavat” qeyd edir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. “İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Dağlıq Qarabağdakı son dərəcə çətin vəziyyət fonunda baş tutub. Detalları açıqlamadan deyə bilərəm ki, bizim gərginliyin azaldılmasına yönəlik təkliflərimizi və kompromis həll yollarını tərəflər ”evdə işləmək" üçün qəbul edib. Moskva ümid edir ki, humanitar mülahizələr, sadə insanlar üçün qayğı Bakı ilə İrəvan arasındakı siyasi fikir ayrılıqlarını üstələyəcək", - diplomat qeyd edib.

Onun fikrincə, Rusiya düşmənlərinin nə deməsindən asılı olmayaraq, Moskvanın gerçək marağı həmişə regionda davamlı sülh və sabitliyin bərqərar olmasından ibarət olub. O, həmçinin “Rusiyanın bütün mərhələlərdə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etdiyinə” diqqət çəkib. Doğrudan? İnandırıcıdır? Gerçəkdənmi Rusiya həmişə “Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edib”? O zaman konflikt niyə 27 il ərzində çözülmədi? Yəni “ev tapşırığı” öncə elə Moskvanın özünə lazımdır - Ukrayna ilə olan müharibəyə görə.

Xatırladaq ki, Azərbaycan üçün sülh müqaviləsinin harada, kimin vasitəçiliyi ilə imzalanması xüsusi önəm kəsb etmir. Rəsmi Bakı bunu bir neçə dəfə bəyan edib. Əsas odur ki, sənəd 2-ci Qarabağ savaşından sonrakı status-kvo və Bakının 5 məlum prinsipi əsasında reallaşsın. Əgər rəsmi Kreml gerçəkdən də regionda davamlı sülh və sabitliyin bərqərar olmasında, iki ölkə arasında sülh sazişinin baş tutmasında səmimi şəkildə maraqlıdırsa, onda Rusiya XİN rəsmisi hansı haqla “Dağlıq Qarabağ konflikti” ifadəsini işlədir və israrla belə bir “münaqişənin” mövcudluğunu qabardır? Maraqlıdır ki, nazirlərin 25 iyul Moskva görüşü zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov “Dağlıq Qarabağ” ifadəsini işlətməmişdi. Amma onun tabeliyində olan yüksək çinli əməkdaş işlədir. İndi bunu necə başa düşək?

Daha bir diqqətçəkən detal: 25 iyul görüşü ərəfəsi Rusiya XİN-in Azərbaycan-Ermənistan danışıqları üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda oldu, lakin Bakıya gəlmədi. Görəsən, niyə?  Bəzi təhlilçilərə görə, əslində Ermənistan kimi Rusiya da sülh danışıqları görüntüsü ilə vaxt uzatmağa, o səbəbə Qərbin moderatorluğu ilə gedən prosesi də pozmağa çalışır. Çünki başı Ukraynaya qarışıb. Ehtimal olunur ki, Ukrayna müharibəsi hansısa şəkildə bitəndən və ya dondurulandan sonra Moskva daha sərbəst ola və hətta Bakıya təzyiqləri artıra bilər. Bu təxminləri necə qiymətləndirmək olar?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə,  Rusiya sülh istəmir. “Moskvada, Soçidə dəfələrlə görüşlər olub, sonra Moskva rəsmiləri nikbin proqnozlar veriblər, ardınca bəyan ediblər ki, sülh yaradılması üçün var gücü ilə çalışırıq. Bəs hanı var gücü? Rusiya Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsi üçün daşı daş üstünə qoymayıb. Onlar tərəfləri ruhdan salır, Qərbə meyillənməkdən çəkindirmək üçün müxtəlif avantürüst addımlar atır, sonra problemlərin həllində fəal iştirak etdiklərini söyləyirlər. Misal üçün, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu günlərdə çox səfeh və məntiqsiz açıqlama verdi. Dedi ki, bölgədəki sülh prosesləri üçtərəfli müqaviləyə uyğun gəlmir. Bu nə mənasız fikirdir? Üçtərəfli sənədin icrası üçün Rusiya hansı işi görüb? Düz 3 ilə yaxın vaxt keçir və hələ də erməni silahlı qüvvələri ərazilərdən çıxmayıb. Rusiya bu anlaşmanı niyə icra etmir? Hansı üçtərəfli sənəddən danışırsınız?”,- deyə politoloq sərt reaksiya ilə belə şərh edir.

Rusiya XİN nümayəndəsi Denis Qonçarın “ev tapşırığı” ifadəsinə gəlincə, professorun fikrincə, onu deyən qələt edir: “Sən kimsən ki, ”ev tapşırığı" verəsən? Ən yaxşı halda təklif verə bilərsən. Ev tapşırığı məktəblərdə şagirdlərə verilir. Azərbaycan bölgənin supergüc dövlətidir. Sənin verdiyin tapşırıq təpənə dəysin. Bu gün dediyini sabah etmirsən, əldə edilmiş razılaşmanı sabah simonyanlar, skabayevaların dili ilə təhrif edirsən, indi bizə “ev tapşırığı”ndan dəm vurursan. Belə çıxır ki, bu məsələlər Solovyovla, Simonyanla müzakirə edilsəydi, bəlkə hansısa nəticə əldə olunardı".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə Moskvadan verilən başqa açıqlamaya diqqət çəkir. Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında tələsik sülhün imzalanmasının “gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacağı”nı hesab edir. Ekspert hesab edir ki, bu açıqlamanı iki hissədə dəyərləndirmək olar: “Birincisi, vasitəçilik yarışında ABŞ və Avropa İttifaqına uduzan Rusiya prosesi Qərbin inhisarından çıxarmağa çalışır. Qərb masasında tərəflərin sülh sazişini yaxın aylarda, yaxud ilin sonuna kimi imzalaya biləcəyi gözlənilir. Moskva bu prosesdə mövqeyini gücləndirmək üçün yanaşmasına korrektlər etdi və Qarabağdakı erməni əhalisinin gələcəyinin Azərbaycan qanunvericiliyi çərçivəsində həllini dəstəklədi, lakin bu, prosesi Qərbin inhisarından çıxarmaq üçün yetərli deyil, o cümlədən sülh sazişinin hansı masada - Qərb, yaxud Rusiya - imzalanmasından asılı olmayaraq, yaxın dövrdə reallaşması rusların bölgədəki rıçaqlarının zəifləməsi ilə nəticələnək. Moskva Bakı-İrəvan xəttində Qarabağ üzərindən saxladığı təsir rıçaqlarını yeni platformaya köçürməmiş prosesin yekunlaşmasını istəmir”.

Təhlilçi düşünür ki, ikincisi, Rusiya mümkün sülh sazişini “yeni münaqişələr və faciələr xəbərdarlığı” ilə təhdid edir və bununla tərəfləri Qərbin vasitəçiliyindən çəkindirmək, həm də bu vasitəçiliyin təhlükəli olduğu rəyini yaratmaq istəyir: “Rusiyanın niyyəti bəllidir, lakin əsas suallardan biri ”yeni münaqişələr və faciələr yarana bilər" dedikdə nəyi nəzərdə tuturlar. Qərb masasında sülh müqaviləsinin imzalanması Qarabağda Bakı və Moskvanın üz-üzə qalması riskini yaratsa da, Azərbaycanın “Qarabağ daxili məsələmizdir” mövqeyini gücləndirəcək və 10 noyabr bəyannaməsi sıradan çıxacağı üçün Rusiya sülhməramlılarının 2025-ci ildən sonra qalması imkanını sual altına salır. Moskva Bakı - İrəvan xəttində özü üçün yeni “dayaq nöqtəsi” tapmadan tərəflərin anlaşmasını istəmir, əgər proses nəzarətindən çıxacaqsa, Qarabağda “etnik münaqişə”nin qızışdırılması ssenarilərini tətbiq edə biləcəyi istisna deyil, “yeni münaqişə, yeni faciə xəbərdarlığı” da daha çox buna işarə hesab edilə bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR