Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin xarici siyasət kursu, regional layihələr və Moskva–İrəvan münasibətləri ilə bağlı bir sıra açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Ararat Mirzoyan Petros Kazaryana müsahibəsində müxalifətin Rusiya və İranın TRIPP layihəsinə qarşı çıxması barədə yaydığı iddiaların reallığı əks etdirmədiyini bildirib. Nazir qeyd edib ki, infrastrukturun açılması ilə bağlı İran tərəfinin müəyyən sualları olub, bu suallara cavab verilib və hazırda həm Ermənistan, həm də İran bu prosesi problem deyil, imkan kimi dəyərləndirir.
Mirzoyan Azərbaycan benzininin alınmasının Ermənistan vətəndaşları üçün sərfəli olduğunu da vurğulayıb. O bildirib ki, boykot çağırışlarına baxmayaraq, yanacaqdoldurma məntəqələrində növbələr yaranır.
Nazir etiraf edib ki, bütün məsələlər hələ tam həll olunmayıb. Onun sözlərinə görə, Bakının həbsxanalarında saxlanılan erməni vətəndaşları var və “Qərbi Azərbaycan” ritorikası davam edir. Mirzoyan bu ritorikanı Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəli yanaşma kimi qiymətləndirib.
Ermənistan–Türkiyə münasibətlərinə toxunan XİN başçısı qeyd edib ki, artıq konkret və real addımların atılmasının vaxtı çatıb. Onun sözlərinə görə, Türkiyə ilə dialoq intensiv və müsbət xarakter daşıyır, yaxın vaxtlarda, hətta ilin sonuna qədər simvolik bir addımın atılması mümkündür.
Mirzoyan xüsusi olaraq vurğulayıb ki, Ermənistan hökumətinin Rusiyanı ölkədən çıxarmaq və ya Moskva ilə siyasi və iqtisadi əlaqələri kəsmək kimi gündəliyi yoxdur. Bu mövqenin beynəlxalq tərəfdaşlara da açıq şəkildə çatdırıldığını bildirib.
Nazir əlavə edib ki, Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi Rusiyadan uzaqlaşma anlamına gəlmir. Onun sözlərinə görə, gələcəkdə Avropa İttifaqınə üzvlük məsələsi gündəmə gələrsə, paralel olaraq Avrasiya İqtisadi İttifaqındə üzvlük mövzusu da müzakirə olunacaq və qərar vaxtı çatanda veriləcək.
Musavat.com






