İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyxanaçılar söz deyil, qalmaqal meydanında – şou-biznesdə yeni gərginlik dalğası

796 19.02.2026 12:08 Şou-biznes A A

Şou-biznes gündəmi hər zamankı kimi yenə qalmaqallarla zəngindir. Əvvəllər müğənnilər və aktyorlar arasında yaşanan söz atışmaları diqqət mərkəzində idisə, bu dəfə qalmaqal meydanında meyxanaçılar yer alıb. Söz sənətinin təmsilçiləri artıq təkcə deyişmələri ilə deyil, efir mübahisələri və sosial şəbəkə açıqlamaları ilə də gündəmə gəlirlər. Hər həftə biri "Rəngarəng" verilişinin efirinə çıxıb atmacalar ataraq gündəmdə qalırlar.

Belə ki, ötən gün stilist və aparıcı kimi tanınan Sərxan Kərəmoğlu ilə meyxanaçı Rüfət Nasosnu arasında canlı efirdə gərgin anlar yaşanıb.

Mübahisəyə səbəb Kərəmoğlunun “Meyxana ciddi sənət deyil” fikri olub. Bu açıqlama studiyada əsl söz savaşına yol açıb. Qarşı tərəf isə meyxananın Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayaraq deyilən fikirlərə etiraz edib.

Müzakirə zamanı Kərəmoğlu daha bir iddialı açıqlama verərək meyxanaçı Aqşin Fatehi tanımadığını bildirib. Bu sözlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Meyxana sevərlər sənətkarın adının çəkilməsini və sənətin ciddiliyinin sual altına alınmasını birmənalı qarşılamayıblar.

Qeyd edək ki, bu, meyxanaçıların ilk qalmaqalı deyil. Son illər söz ustaları tez-tez bir-birinə atmaca ataraq gündəmə gəlirlər. Bir müddət əvvəl meyxanaçılar Vüqar ŞiriyevAtaş Novxanılı həmkarları Pərviz Bülbülə barədə səsləndirdikləri fikirlərlə diqqət çəkmişdilər.

Onlar çıxışlarında “Pərviz Bülbülənin Vüqardan görüb-götürdüyü nə qədər şey var... Vüqar Əbdülov meyxananın akademikidir!” sözlərini işlədərək həmkarlarına açıq şəkildə dəstək nümayiş etdirmişdilər. Bu açıqlama da sosial mediada birmənalı qarşılanmamışdı.

Qalmaqal meydanına qoşulanlardan biri də söz ustadı Gülağa olub. O, iddialı açıqlaması ilə həmkarlarına meydan oxuyub:

“Azərbaycanda elə bir meyxana deyən yoxdur ki, desin ki, Gülağa meyxana deyə bilmir. Çünki Gülağa əksəriyyətinin rəqibidir. Ustadları çıxmaq şərtilə... Aqşin Fateh və Elşən Xəzər isə uşaq vaxtı onların mahnıları ilə böyümüşük!”

Bədiyyə ustası Balabəy də həmkarlarına atmaca atmadan keçməyib. O bildirib ki, “Hər kəs öz yerişini yerisə, daha yaxşı olar. Heç kim heç kimin yolunu təkrarlamasa, əla olar. Mənim yerişimi yerimək istəyən isə fəxrlə yeriyə bilər”.

Görünən odur ki, meyxana aləmində söz savaşı səngimək bilmir. Əvvəllər səhnədə və məclislərdə deyişmə ilə yadda qalan ustadlar indi efir və sosial media üzərindən bir-birinə mesaj göndərirlər. Bu gərginliyin sənət rəqabəti, yoxsa şəxsi münasibətlər zəminində olduğu isə hələ də müzakirə mövzusudur.

Maraqlıdır, bu söz savaşları meyxananın populyarlığını artırır, yoxsa sənətin nüfuzuna kölgə salır? Görünən budur ki, qalmaqal meydanı hələ uzun müddət boş qalmayacaq.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR