İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunçiçəyi qapıda - sərhədləri qapatmaq virusun qarşısını alacaqmı...

800 05.07.2022 08:20 Gündəm A A

Zakir Abıyev: “Əgər meymunçiçəyi ölkəmizdə də tapılsa, yenidən maska taxmağa geri dönüş edə bilərik”

Avropada meymunçiçəyi ilə bağlı vəziyyət gərginləşməyə başlayıb. Belə ki, adıçəkilən xəstəliyə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib. Onun sözlərinə görə, infeksiyanın yayılmasına qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir:

“Bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. Yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir. Xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib. Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”.

Meymunçiçəyi artıq Azərbaycanın sərhədinə də gəlib çatıb. Belə ki, virus ötən ay Gürcüstanda, ötən həftə isə Türkiyədə aşkarlanıb. Bu minvalla meymunçiçəyinin Azərbaycanda da tapılması an məsələsidir.

Bəs kimlər bu xəstəliyə daha tez yoluxa bilər? Virus aşkarlanarsa, hansı ilkin tədbirlər görülməlidir?

İlk öncə xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir, törədiciləri də müxtəlifdir, çünki fərqli viruslardır. Suçiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan-insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.

Meymunçiçəyi virusunun əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpkilərdir. Suçiçəyi ilə müqayisədə meymunçiçəyi virusu zamanı səpkilər daha dərin və həcmli olur. Simptomlar arasında əsas fərq meymunçiçəyi virusuna yoluxma zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya).

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi virusunun diaqnostikası və müalicəsi üzrə hazırladığı klinik protokolda xəstəliyin ağır gedişatına görə risk faktorlarını müəyyən edib. Məlumata görə, virusun ağır halları daha çox uşaqlarda müşahidə edilir. Meymunçiçəyi xəstəliyinin ağırlaşması pasiyentin ümumi sağlamlıq vəziyyəti ilə əlaqədardır.

Dərin immunçatışmazlığı daha ciddi nəticələrə səbəb ola bilər. Eyni zamanda hamilələr, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altındadır. Tibb işçiləri də virusla daha uzun müddət təmas halında olduqlarına görə risk qrupuna daxildir.

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır. Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır. Yoluxmanın risk qruplarına immunçatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

Xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya kimi hallar olduğu təqdirdə yaxından izlənilməlidir. Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən mütəxəssisə müraciət olunmalıdır.

Dermatoloq | En Yaxsi Dermatoloq Hekim | Bakı'da Dermatoloq Xidmeti


Mövzu ilə bağlı tanınmış dermotoveneroloq Zakir Abıyev “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, xəstəlik artıq sərhədə çatdığı üçün ölkəmizə də gəlməsi mütləq şəkildə baş verəcək:

“İlk öncə qeyd edim ki, bu xəstəlik koronavirusdan çox zəifdir və bunu hamımız bilirik. Mən, ümumiyyətlə, koronavirusu bioloji silah hesab edirdim. Meymunçiçəyinə gəldikdə isə şükür ki, öldürücü deyil, xəstəni stansionar müalicəyə salmır. Bu səbəbdən bu qədər qorxuya, təşvişə ehtiyac yoxdur.

Ümumiyyətlə, virus bütün bakteriyalardan daha tez yayılır. Meymunçiçəyi də hava ilə, yaxın ünsiyyətdən insandan insana keçə bilər. Bu baxımdan onu təhlükəli hesab etmək olar. Ona qarşı qorunmağa gəldikdə isə xatırladım ki, koronavirus pandemiyasında daha çox çöldə olanlar bu virusa yoluxdu. Eləcə də meymunçiçəyi ilə bağlı da daha çox evdə qalmaq, maska taxmaq məsləhətdir. Lakin bir məsələyə də diqqət etmək lazımdır, əgər maska havanı buraxırsa, onda onun nə faydası var? Ona görə də maska alarkən bu məsələyə diqqət etmək lazımdır.

Düşünürəm ki, əgər meymunçiçəyi ölkəmizdə də tapılsa, yenidən maska taxmağa geri dönüş edəcəyik.

Bir neçə gün əvvəl eşitdim ki, meymunçiçəyini pandemiya elan etmək istəyirlər. Çox nahaq yerə, burada pandemiyalıq bir şey yoxdur. Bir daha qeyd edirəm ki, özünüzü qorxutmağa dəyməz".

Dermotoveneroloq “meymunçiçəyi”ndən uzaq olmaqla bağlı öz tövsiyələrini də bildirib:

“Əsas tövsiyə ondan ibarətdir ki, düzgün qidalanaq,  əsəbləşməyək, hansı ki, bunlardan uzaq qaçmaq çox çətindir. Çünki qidamızda da nasazlıq var. Həmçinin suyumuz təmiz deyil. Bunun üçün də filtr almalıyıq. Filtrli su alıb, özümüzü aldatmayaq, balonlarda aldığımız sular heç də filtrlərdən çox da keçmir, onların göstəriciləri heç də yaxşı deyil.

Meymunçiçəyi mutasiyaya uğrayır?

Sıx təmasdan da qaçmaq lazımdır. Əgər özünüzdə nəsə bir narahatlıq hiss edərsinizsə, mütləq profilaktik tədbirlər görməlisiniz".

Onu da xatırladaq ki, ötən həftə Azərbaycanın səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, yaxın 2-3 gün ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək:

“Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-in Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR