İnsanlara hürriyət, millətlərə istiqlal!

Məsciddəki səsgücləndiricilərin dövlətin din siyasətinə təsirləri barədə düşüncələr

2295 31.07.2022 14:50 Gündəm A A

Dövlət-din münasibətlərini necə tənzimləməli

Dünyanın bütün ölkələrində dövlətlər dini fəaliyyətləri nəzarət altında saxlayır. Bu, normaldır. Amma bu nəzarət ölkəyə və ya dinə görə dəyişir.

Məlum olduğu kimi, səmavi dinlərdən (İslam, Xristianlıq və Musəvilik) ikisində, yəni İslam və Musəvilikdə şəriət, yəni dini qanunlar mövcuddur. Bu iki dinə iman gətirənlər üçün hüququn mənbəyi İlahi kitablardır. Ona görə də islam və musəvilik ona iman gətirənlərin həyatının bütün mərhələlərində - doğum, ad qoyma, nikah, boşanma, ticarət, dəfn kimi müxtəlif sahələrdə “iştirak edir”, qaydalar müəyyən edir.

Ancaq xristianlıqda həzrət İsa (ə) tərəfindən ilahi qanunlar gəlmədiyi üçün xristianlıq bu məsələdə daha yumşaqdır, xristianlarda hüquq dini qaynaqlı deyil. Buna görə də sekulyarizm, dinin dövlətdən ayrılması xristianlıqda daha rahat və ağrısız oldu.

Səhlə məscidi

Sekulyarizmin özünün də dini dövlətdən tamamilə uzaq edən sərt Fransa modeli və həmçinin dövlətin dinlə daha yaxın olduğu ABŞ, Almaniya və İngiltərə modelləri də var. Əlbəttə, bu yazının məqsədi layiqlik və sekulyarizmin nəzəri fərqləri barədə deyil.

Amma bəzi anlayışların daha sadə izaha ehtiyacı var.

İslam dini yuxarıda qeyd etdiyimiz kimi, şəriəti – hüququ olan dindir. Müsəlmanlar (eləcə də yəhudilər) üçün hüququn qaynağı İlahi kitab və Allahın elçisinin gətirdiyi qanunlardır. Ona görə də dindar bir müsəlman və ya yəhudinin dövlətin və qanunların dini əsaslı olmasını arzulaması həm də onun üçün ilahi bir vəzifədir.

Məsələnin problemli tərəfi odur ki, bugünkü dünyada norma olaraq qəbul olunan layiqlik və sekulyarizm xristianlıq əsaslıdır, yəni xristian dünyasının məhsuludur. Müsəlmanlar isə sadəcə inkişaf etmiş Avropadan bu modeli götürüb və ya götürməyə məcbur olub. Halbuki qeyd etdiyimiz kimi, xristianlıq içərisində yaranmış dünyəviliyin müsəlman cəmiyyətində tətbiqi çox çərin idi. Hətta dünya yəhudilərinin yeganə dövləti və inkişaf etmiş Qərbin ayrılmaz parçası olan İsrail 2018-ci ildə özünü dini dövlət olaraq elan etdi.

Vaxt.Az - Dünyanın bütün müsəlman ölkələri birləşir?

Müsəlman ölkələri isə son 100 ildə idxal olunmuş sekulyarizmi tətbiq etməyə çalışdı. Əlbəttə, tutmadı, buna görə də bəzi müsəlman ölkələri teokratik, yəni tam dini qanunlara istinad edən dövlət sistemi qurdu, ya da din üzərində bir formada dövlət nəzarəti qurmaqla sekulyarizmi, ya da laiqliyi imitasiya etməyə çalışdı. Bu səbəbdən də nə qədər bənzətməyə çalışsalar da müsəlman ölkələrində din-dövlət münasibətləri Avropa və ya xristian ölkələri ilə bənzər olmadı, ola bilmədi. Özünəməxsus layiqlik modelləri inşa etməyə çalışan Türkiyə, Misir kimi ölkələr isə hələ də uyğun yaşamağa qadir modeli inşa edə bilmir. Baxmayaraq ki, hələlik nisbətən ən uyğun sekulyar dövlət modeli bu ölkələrdədir.

Yenə başa dönürük, bütün dünyada dövlətlər din və ya dini fəaliyyət üzərində nəzarət mexanizmi yaradır. Mahiyyət etibarı ilə İslam dini daha dinamik və yuxarıda qeyd etdiyim məziyyətlərinə görə, siyasi proseslərə daha çox tez müdaxilə edə bilir. Üstəlik, İslama uyğun layiqlik modeli formalaşmadığı üçün müsəlman ölkələrində laiq (hətta teokratik) dövlətlər din üzərində ciddi nəzarət qurmaqla necə deyərlər, dünyəviliyin imitasiyasını qoruyub saxlamağa çalışırlar. Din isə hərəkətlidir, passionardır. İnsanları birləşdirə, öz ardınca apara bilir. Buna görə də hakimiyyətlər dini fəaliyyət üzərində nəzarət mexanizmi qurmağa necə deyərlər, məhkumdur.

Hətta İran, Səudiyyə Ərəbistanı kimi hakimiyyət və dinin birləşdiyi ölkələrdə belə zaman-zaman siyasi hakimiyyətlə din adamları arasında gərginlik yaşanır. Dünyəvi ölkələrdə bu gərginlik daha çox və ağrılı olur.

dfd.jpg (22 KB)

Çünki deyildiyi kimi, İslam xristianlıqla müqayisədə fərqlidir, xristianlıq dünyəviliyə uyğunlaşa bilən inanc sistemidir. İkincisi isə Avropa və ABŞ-da olduğu kimi, oturuşmuş hüquqi sistem inkişaf etməyib. Bu səbəbdən də adətən müsəlman ölkələrində din və dövlət münasibətlərini standart qəlibə yerləşdirmək mümkün olmur.

Bütün bu səbəblərdən dünyəvi müsəlman ölkələrində dini qurumlar daha çox dövlət nəzarətində olmasına baxmayaraq din-dövlət münasibətlərində zaman-zaman münaqişələr baş verib. İstənilən müsəlman ölkəsində bunun nümunəsi mövcuddur. Yəni bu bir taledir, ondan qaçış yoxdur.

Bu mövzuda yeganə çıxış yolu uyğun orta xətti tutmaq, dövlət-din (dini qurumlar) münasibətlərini orta mükəmməl xətt üzərində qurmaqdır. Çünki qeyd olunduğu kimi, dövlətin dindən uzaq durması son nəticədə dini müxalifətin yaranması, dini qurumların siyasiləşməsi və hakimiyyətə alternativə çevrilməsidir ki, heç bir dövlət bunu istəmir və bunun olmaması üçün əlindən gələni edir.

Lakin eyni zamanda dövlət dinə daha çox müdaxilə edəndə başqa bir proses gedir – din və ya dindarlıq bölünür. Artıq dünyada “rəsmi din”, “dövlət dini”, eləcə də “xalq dini” kimi terminlər ortaya çıxıb. Çünki dövlət dinə həddən artıq müdaxilə edib onu tamamailə öz əlində saxlamağa çalışanda rəsmi din və xalq dindarlığı ayrılır. Dövlət məscidləri ələ keçirir, tam öz nəzarətində saxlayır, bu zaman camaatlar, yarı-gizli icmalar meydana çıxır. Türkiyə Cümhuriyyət tarixi bunun ən mükəmməl nümunəsidir.
Dövlət dinlə birgə yanaşı yaşamağı öyrənməlidir. Dövlət öz sərhədlərini müəyyən etməli, dinlə münasibətlərini qanunlar və hüquq, eyni zamanda dini hüquqlar əsasında müəyyən etməlidir. Nə əlinin kənarı ilə dini uzaqlaşdıra bilməz, nə də tamamilə öz əlində saxlaya bilməz hər ikisi ziyanlıdır, son nəticədə dərin sosial-siyasi problemlərə səbəb olur. Hər bir dövlət öz “qırmızı xəttini”, yəni din siyasətini müəyyən etməli və dini qurumlarla əlaqələrini buna əsasən qurmalıdır.

twrt.jpg (63 KB)

Əlbəttə, Azərbaycanın müstəqillik yaşı Türkiyə, Misir, Tunis kimi müsəlman ölkələri ilə müqayisədə xeyli azdır. Buna görə də uzun müddət hər kəs düşünüb ki, müstəqillik yeni olduğu və Azərbaycan 70 il ateist sistemdə yaşadığı üçün dövlətin dinlə bağlı siyasətindəki natamamlıqlar, çatışmazlıqlar təbiidir.

Amma ildən ilə eyni “təcrübələrin” təkrarlanması bu işin “keçid mərhələsi” ilə əlaqədar olmadığını göstərir. Azərbaycan müvafiq dövlət qurumları son illərdə dini fəaliyyətə daha çox diqqət ayırıb. Bu haradasa məntiqlidir. Çünki regionumuzda, dünyada ciddi hadisələr baş verdi, yerləşdiyimiz bölgədə dini zəminli ciddi kataklizmlər baş verdi. Amma dövlətin müvafiq qurumlarının dini fəaliyyətlərə müdaxiləsi dini camiəyə dövlətin müvafiq xəttini göstərməkdən o yana keçməməlidir, nəinki dini fəaliyyətlərin icrasını diktə etmək.

Məsələn, 2007-ci ilin may ayında dövlət orqanları məscidlərdə səsgücləndirici ilə verilməsini qadağan etdilər. Qadağa ciddi qınaq doğurdu, amma tezliklə qərar ləğv olundu. O zaman bu qərar “vətəndaşların azan səsindən narahat olması” ilə əsaslandırılırdı. Əlbəttə, cəmiyyətdə ciddi fikir ayrılığına və polemikalara səbəb oldu.

fg.jpg (10 KB)

Və bu gün 15 ildən sonra hökumət orqanları yenə də “sakinlərin narahatlığını” əsas gətirib məscidlərdə səsgücləndiricilərin istifadəsini qadağan edir. Bu dəfə Məhərrəm ayı məclisləri zamanı. Yaxud da bu ilin mayında müvafiq qurumlar məscidlərdə Ramazan bayramı namazlarının bəlli gündə qılınması barədə direktiv verdi və buna əməl etməyənlərə daha sonra xəbərdarlıq edildi. Hətta işini itirənlər belə oldu.

Bu prosesin gedişatı bəllidir. Dövlət daha əvvəl digər müsəlman ölkələrində olduğu kimi məscidləri tam nəzarətə götürəcək, amma dindarları deyil. Bu işin sonu “dövlət dini” ilə “xalq dini” ayrılmasına gətirəcək. Dövlət dini fəaliyyətlə bağlı öz “qırmızı xətlərini” elan etməlidir, amma məscidə girib dindarın ibadətinə müdaxilə etməməlidir. Bu, dünyəviliyə və dinin özünə ziddir. Orta xətti tapmaq zəruridir. Bunu yaxşı-yaxşı düşünmək lazımdır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR