İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarovanın Ermənistan- Azərbaycan sülhünə ‘’töhfəsi’’

6206 03.08.2022 23:17 Gündəm A A

Şəhla Cəlilzadə: “Rusların nə türklərdən, nə polyaklardan, nə də digər xalqlardan “mənəvi üstünlük” haqqı yoxdur”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova maraqlı, bir az da əyləncəli açıqlama verib. O deyib: “Moskva Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına fəal şəkildə töhfə verir”.

Mariya Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev qarşılıqlı faydalı baza prinsiplərinə çıxış əldə edilməsi, həmçinin təmas nöqlərinin tapılması üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır.

Bizim fikrimizcə, əslində Rusiyanın illərlə davam edən təxribatları və anti-Azərbaycan mövqeyi olmasa idi, bölgədə fəlakətli münaqişələr də olmazdı. Rusiya olmasaydı, bəlkə heç Ermənistan adlı dövlət də olmazdı. Lakin məsələnin bu qədər dərinliyinə varmadan, son illərin təcrübəsi və nümunələri timsalında Rusiya XİN sözçüsü M. Zaxarovanın bu açıqlamasını şərh etdirmək qərarına gəldik. Rusiya gerçəkdən də Azərbaycan və Ermənistan arasındakı münasibətlərə, konkret olaraq, sülh müqaviləsinə, onun hazırlanmasına töhfə verirmi? Mariyanın bu açıqlaması hansı əsaslara dayanır, o ‘’töhfə’’ nədir?

f.jpg (137 KB)

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu istiqamətdə tarixə ekskurs edərək çox maraqlı faktlara toxundu: “Rusiyanın hərbi-siyasi strategiya sənədləri və doktrinalarında qeyd edildiyi kimi, özünün “arxa bağçası” yaxud “yaxın çevrəsi” adını verdiyi post-sovet məkanına dair müstəsna hüquqlara sahib olması iddiaları bu gün müxtəlif səviyyələrdə əyləşən siyasi fiqurlar tərəfindən açıq səslə, yüksək tonla səsləndirilir. Bu hüquq, yaxud Mariya Zaxarovanın ibarəli nitqi ilə desək, “töhfə” Rusiyanın 1991-ci ildən müstəqil olan bu ölkələrdən Rusiyaya yönəlik xarici siyasi təhdid amillərini, yaxud məqsədli şəkildə yaradılan münaqişə ocaqlarındakı prosesləri koordinasiya etməsi, lazım gələndə müxtəlif formatlarda müdaxilə etməsi anlamına gəlir. Məsələn, Rusiya Prezidenti Putinin “Rus və ukraynalıların tarixi birliyi” adlı məqaləsində Ukrayna dövlətçiliyinin Rusiya tərəfindən yaradıldığı, qədim Kiyev knyazlığının isə qədim rus-slavyan dövləti olduğunu bildirməsi, RF Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Rusiya Prezidenti Medvedyevin Ukraynanın xüsusilə 2014-cü ildən bəri apardığı yanlış siyasət və Qərbin yalançı vədlərinə inanmasına görə (NATO-ya qoşulmaq cəhdinə görə) dövlət olaraq dünya xəritəsindən silinə biləcəyinə dair açıq iddia və təhdidlər səsləndirməsi faktları var. Daha bir paylaşımında isə Gürcüstan və Qazaxıstanın da bir dövlət olaraq Rusiya Çarlığı dövründə məhz Rusiyanın sayəsində formalaşdığını qeyd etməsi... Beləliklə, ümumi olaraq Rusiya öz regional təsir dairəsinə baxışını və nəyə görə bu dairədəki dövlətlərin Rusiyaya loyal olmalı olduqlarını aşağıdakı tezislər və iddialarla sübut etməyə çalışır (aşağıda bu tezislərin inkarını da qeyd edəcəyəm):

- Finlandiya 1802 və 1918-ci illərdə Rusiya İmperiyasının dəstəyi ilə müstəqil olmuşdur (1802-ci ilədək finlərin öz milli dövlətləri olmayıb).

- Latviya və Estoniya Rusiya İmperiyasından ayrılaraq 1918-ci ildə müstəqil olmuşdur (1918-ci ilədək latış və estonların öz müstəqil milli dövlətləri olmayıb).

- Litva 1918-ci ildə Rusiya İmperiyasının dağılması sayəsində, yəni Rusiya sayəsində təkrar öz müstəqilliyini bərpa edib.

- Polşa öz dövlət müstəqilliyini iki dəfə (1918 və 1944) Rusiya sayəsində bərpa edib.

- Rumıniya 1877-1878-ci illərdəki Rusiya-Osmanlı müharibəsinin nəticəsində, Rusiyanın dəstəyi ilə suveren dövlət olaraq ortaya çıxıb.

- Moldova SSRİ sayəsində Rumıniyadan ayrılaraq (1940) müstəqil dövlət olaraq formalaşıb.

- Bolqarıstan Osmanlı İmperiyasından 1877-1878-ci illərin Rusiya-Osmanlı müharibəsi nəticəsində ayrılmış və müstəqillik qazanıb. Buna baxmayaraq hər iki dünya müharibəsində bolqarlar anti-Rusiya koalisiyasında iştirak edib. Yenə də buna baxmayaraq, onun ərazisinə heç bir Rusiya əsgəri daxil olmayıb.

- Yenə bu müharibə (1877-1878-ci illərin Rusiya-Osmanlı müharibəsi) nəticəsində Serbiya suveren bir dövlət olaraq yaranıb.

- Belarus, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan öncə Rusiya İmperiyasının dağılması nəticəsində öz milli dövlətlərini formalaşdıra bilmiş, 1991-ci ildə isə SSRİ-nin dağılması nəticəsində müstəqilliyini əldə ediblər.

- Türkmənistan, Qazaxıstan və Qırğızıstan heç vaxt suveren milli dövlətə malik olmayıb, yalnız SSRİ tərkibində dövlət olaraq yaradılıb.

- Monqolustan heç vaxt suveren dövlətə malik olmayıb, yalnız SSRİ-nin dəstəyi ilə (1921) müstəqil dövlət olaraq yaradılıb.

- Çin, Vyetnam, Şimali Koreya, Hindistan, Yunanıstan, Əlcəzair, Kuba, İsrail, Anqola, Mozambik vs. dövlətlərin formalaşmasında Rusiya və SSRİ-nin müəyyən rolu olub.

- Hətta İsveçrənin Fransadan ayrılaraq müstəqillik qazanmasında belə Rusiya faktoru vardır. 223 il əvvəl (1799) general Suvorovun olduqca çətin keçilən Alp dağlarına hücum edib Napaleon Fransasını məğlub edərək generalissimo rütbəsini alması və 1815-ci ilin Vyana Konqresində (19-cu əsrin dünya nizamını yaradan tarixi keçid mərhələsi) İsveçrənin müstəqilliyinin və neytral statusunun təmin edilməsində Rusiyanın rolu vurğulana bilər. Məhz İsveçrəyə hücum zamanı Suvorovun məşhur ifadəsi doğulub: “Maralların keçə bildiyi cığırları rus əsgərləri keçə bilər; maralların keçə bilmədiyi yerləri isə, rus əsgərləri istənilən formada, amma keçəcək.”

- Rusiya Kraliçası II Yekaterinanın hərbi neytrallığını elan edərək ABŞ-ın Britaniyadan müstəqilliyini elan etməsi və dövlət olaraq formalaşmasına real dəstək göstərməsi, Avstriya və Çexoslovakiyanın III Reyx (Hitler Almaniyası) hakimiyyətindən azad edilməsi (1945), İsrail, Britaniya və Fransa ilə mübarizə aparan Misirə Sovet yardımları (1956-1957), yenə İsrail və Misir arasında müharibəni durduran Sovet müdaxiləsi (1967), Anqolanın müstəqilliyinə birbaşa dəstək (1975), Qorbaçovun 1990-cı ildə hər iki Almaniyanın birləşməsinə müti razılığı və əlavə münaqişə ocağı yaratmaması.

Beləliklə, Rusiyanın bütün Avrasiyada ana dövlət olması və öz diqtəsini təlqin etməyə “mənəvi haqqının çatması” düşüncəsinin ideoloji əsasları və rus qoşunlarının məğlubedilməzliyi mifi bu tezislər və tarixin müvafiq şərhi sayəsində formalaşır və təzahür edir. Rusların öz tezislərini formalaşdırarkən nəzərə almadığı insan faktorları vardır. Axı tarixin çarxlarını fərqli yöndə döndürən əsl qüvvə insan və onun niyyətidir. Azərbaycan Rusiya İmperiyasının və SSRİ-nin süqutu sayəsində tarixdə iki dəfə müstəqillik qazanaraq dövlət təsis etmiş ola bilər. Amma axı Azərbaycan insanı Rusiya İmperiyasının bu regionda necə təsis olunduğunu, xanlıqların necə işğal və ilhaq edildiyini, AXC-nin necə süqut etdirildiyini, o cümlədən SSRİ-nin dağılması ərəfəsində Azərbaycan xalqının başına gətirilənləri - 20 Yanvarı, Xocalıdakı 366-cı rus alayını, həmçinin günümüzdə Qarabağdakı rus sülhməramlılarının neytral mövqe sərgiləmək əvəzinə ermənilərə göstərdiyi dəstəyi unutmaz. Eləcə də Rusiyanın nə polyaklara, nə də litvalılara dövlətçilik ənənəsi bəxş etmədiyinin ən bariz nümunəsi Reç-Pospolita İttifaq Dövlətidir ki, 1795-ci ildə Rusiya tərəfindən işğal olunaraq parçalanıb. Hətta bundan öncə də polyakların da, litvalıların da öz dövlətçilik ənənələri uzun tarixdə mövcud olub.

Türkmənlər də 19-21-ci əsrlərdə rus boyunduruğu altında yaşamalarına baxmayaraq onların da öz Buxara və Xivə xanlıqları olub.

Bu və ya başqa adlarda dövlətçilik ənənəsini qazanmalarında isə uzun minilliklər boyu türk əsilli sülalələr tərəfindən yaşadıqları bölgələrin idarə olunması rol oynayıb. Axı türk əsilli Səlcuqlar dövləti yaranarkən (1037) heç rus dövlətçiliyinin toxumları belə slavyan torpaqlarına səpilməmişdi. Paytaxtı Moskva olan ilk Rus Dövləti (Moskva və Novqorod knyazlıqlarının birləşməsi ilə) 1478-ci ildə yaranıb. Monqollara rusların dövlət təsis etməsi iddiası isə ən absurddur. Axı məhz monqollar idi Rusiyanı işğal edib, Moskvanı yandıran. Odur ki, rusların nə türklərdən, nə polyaklardan, nə də digər xalqlardan “mənəvi üstünlük” haqqı yoxdur.

Buna heç müasir beynəlxalq hüquq sistemi də imkan vermir. Hər bir dövlət (ABŞ və ya Mozambik olmasından asılı olmayaraq) beynəlxalq hüquq qarşısında bərabərdir. Bununla belə dərin dövlət ağlı tərəfindən real-politika nəzərə alınaraq siyasi kurs elə inkişaf etdirilməlidir ki, Ukraynanın, Yəmənin, Somalinin, Suriyanın, Sudanın, Efiopiyanın, Əfqanıstanın və digər bir çox dövlətlərin yaşadığı “uğursuz dövlət” (failed state) qədəri (qisməti) yaşanmasın. Məhz bu çərçivədə Azərbaycanın uğurlu xarici siyasət konsepsiyası dünyada nadir nümunə kimi “status quo”nu dəyişdirə bilmiş, bu mənada Qarabağın işğaldan azad edilməsi prosesinə Rusiyanın razılığı əldə olunmuşdur. Zaxarovanın qeyd etdiyi “Rusiyanın Ermənistan-Azərbaycan sülhünə töhfəsi” isə elə yuxarıda qeyd etdiyim kimi, Rusiyanın Qarabağ münaqişəsini yaratması, daha sonra özünü “qəhrəman” obrazında təqdim edərək, sülhməramlılarını bölgəyə yeritməsi, burdakı varlığını təmin etməsi ilə müşayiət olunan, regional prosesləri koordinasiyası olaraq izah edilə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR