Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana səfər edəcək. Bu barədə Ermənistan mediası hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Erməni siyasi ekspertlər hesab edir ki, bu səfər böyük ehtimalla Makronun prezident kimi Ermənistana son səfəri olacaq. Gələn ilin aprelində Fransada prezident seçkiləri keçiriləcək və qanun Emmanuel Makronun üçüncü dəfə prezident seçilməsinə imkan vermir.
Bəzi erməni siyasi analitiklər və erməni mediasına görə, Makronun seçkidə dəstəkləyəcəyi namizədi Fransadakı erməni mənşəli vətəndaşların və erməni diasporunun müdafiə etməsi üçün addımlar atır, İrəvana səfəri həm də buna görədir.
Bəs Fransada erməni mənşəli elektoratın sayı və gücü seçkilərin nəticələrinə təsir etmək imkanı və səviyyəsindədirmi?
Musavat.com xəbər verir ki, Fransada erməni mənşəli əhalinin sayı təxminən 650 min nəfərdir. Bu, həm də o deməkdir ki, Fransa Avropa İttifaqında ən böyük erməni diasporuna malik ölkədir, dünya üzrə isə ABŞ və Rusiyadan sonra ilk üçlükdədir. Fransada ermənilər əsasən paytaxt Paris, Parisətrafı bölgələrdə, Marsel, Lion və Valans şəhərlərində yaşayır.
Erməni mənşəli Fransa vətəndaşlarının və erməni diasporunun seçkilərə təsir imkanlarına gəlincə, Fransada prezident seçkiləri birbaşa ümumxalq səsverməsi ilə keçirilir. Fransanın əhalisi təxminən 67 milyon nəfərdir. Bu isə o deməkdir ki, 650 min erməni mənşəli əhali ümumi seçicilərin təxminən 1 faizi deməkdir. Bu say təkbaşına prezident seçkilərinin nəticəsini müəyyən etmək üçün böyük rəqəm olmasa da seçkidə qalib gəlmək üçün bəzən 1 faizin də həlledici olduğunu da unutmaq olmaz. Erməni elektoratın sayı Fransada prezident seçkilərində birmənalı həlledici amil olmasa da müəyyən təsir imkanları var.
Ermənilər müəyyən bəzi və regionlarda təşkilatlanmış şəkildə yaşayırlar. Bu isə onlara aşağı səviyyələrdə seçkilərdə üstünlük gətirir. Məsələn, Fransanın müxtəlif şəhər və bölgələrində bələdiyyə seçkilərində, həmçinin parlament seçkilərində dəstəklədikləri namizədlərin qələbəsinə nail ola bilirlər. Fransada erməni əsilli deputatların olması da bunu göstərir. Marsel, Lion kimi şəhərlərdə onlar lokal seçki nəticələrinə təsir edə biləcək blok kimi çıxış edirlər.
Erməni diasporunun təsiri də daha çox birbaşa səs sayından yox, təşkilatlanmış diaspor şəbəkəsinə malik olması ilə bağlıdır. Fransada 500-dən çox erməni təşkilatı və assosiasiyası fəaliyyət göstərir. Bu, onlara koordinasiyalı lobbi imkanları, mediaya ciddi təsir mexanizmləri yaradır. Seçkilərdə iştirak edən namizədlər və siyasi qüvvələr ermənilərlə bu imkanlarına görə “dost” olmağa çalışırlar.
Etibar Seyidağa,
Musavat.com






