İnsanlara hürriyət, millətlərə istiqlal!

Lyayen Kiyevə GƏLDİ - Avropa Ukraynaya yeni müdafiə təşəbbüsləri təqdim edir - VİDEO

492 15.07.2026 11:29 Dünya A A

Ukrayna mediası Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 15 iyul – Ukraynanın Dövlətçilik Günündə Kiyevə səfərini günün ən mühüm siyasi hadisələrindən biri kimi təqdim edir.

Musavat.com xəbər verir ki, Ukraynanın aparıcı media qurumları – Ukrainska Pravda, Kyiv Independent, Ukrinform və digər nəşrlər yazırlar ki, fon der Lyayen səhər saatlarında Kiyevə gəlib və bu, onun Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 11-ci səfəridir.

Ukrayna mediasının məlumatına görə, Avropa Komissiyası Prezidenti Dövlətçilik Günü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etməklə yanaşı, Prezident Volodimir Zelenski və Avropa ölkələrinin digər liderləri ilə təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcək.

Fon der Lyayen Kiyevə gələr-gəlməz sosial şəbəkədə paylaşım edərək bildirib:

“Bu, xüsusi bir məqamdır. Ukrayna güclü hərbi dinamika formalaşdırıb. Vəziyyət dəyişir”.

Bu bəyanat Ukrayna mediasında Avropa İttifaqının Kiyevə siyasi dəstəyinin növbəti nümayişi kimi qiymətləndirilir.

Kyiv Independent və digər Ukrayna nəşrləri yazırlar ki, səfərin əsas məqsədlərindən biri Avropa İttifaqı ilə Ukraynanın müdafiə sənayelərinin daha sıx inteqrasiyasını elan etməkdir. Məlumatlara görə, Brüssel Ukraynanın müdafiə sənayesinə və silah istehsalına dəstək verəcək yeni təşəbbüsləri təqdim etməyə hazırlaşır. Həmçinin, Avropa İttifaqının həcmi 18 milyard avroya çata biləcək yeni dəstək paketi üzərində işlədiyi bildirilir.

Ukrayna ekspertlərinin fikrincə, bu səfər təkcə rəmzi xarakter daşımır. Kiyevdə hesab edirlər ki, Avropa İttifaqı artıq yalnız maliyyə və humanitar yardım göstərən tərəf kimi deyil, Ukraynanın uzunmüddətli müdafiə potensialının formalaşdırılmasında strateji tərəfdaş kimi çıxış etməyə başlayır.

Eyni zamanda, Dövlətçilik Günündə Avropa liderlərinin Kiyevdə olması Rusiyaya ünvanlanan siyasi mesaj kimi qiymətləndirilir. Ukrayna mediası vurğulayır ki, Avropa İttifaqı Rusiyanın hərbi təzyiqlərinə baxmayaraq, Ukraynanın yanında olduğunu bir daha nümayiş etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR