İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın şəhərinin təhvili gələn ilə qalacaqmı... - Ermənistandan yeni hiylə

1340 02.08.2022 10:00 Gündəm A A

Rəsmi İrəvan bəyan edib ki, yeni yolun onlara aid hissəsinin tikintisi başlanıb və cəmi 8 km-lik inşa işləri gələn ilin sonu bitəcək, Azərbaycan isə 32 km-lik marşrutu tamamlayır; uzatmaqla erməni tərəfi nəyə nail olmaq istəyir?

Laçından yan keçən yeni yolun Ermənistan ərazisindəki hissəsinin tikintisinə başlanıb. “Yeni Müsavat” bildirir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son müsahibəsində deyib. “Tikinti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddətdə (6-cı bəndə əsasən 3 il ərzində -red.) tamamlanacaq”, - deyə o bildirib. Söhbət cəmi 8 kilometrlik yoldan gedir. Azərbaycan isə öz üzərinə düşən 32 km-lik yolun inşasını tamamlamaq üzrədir. Lakin Qriqoryanın sözlərindən belə anlaşılır ki, yol bu ilin deyil, gələn il noyabrın 10-na, yəni 3 ilin tamamında da təhvil verilə bilər.  

O zaman 3 il ərzində ifadəsi yuridik baxımdan nəyi ifadə edir: belə çıxır ki, Laçın şəhərinin təhvil verilməsi gələn ilin sonuna qalır? Niyə tez olmasın? 8 km yolun inşasını uzatmaqla erməni tərəfi nəyə nail olmaq istəyir? Azərbaycan yolun özünə aid hissəsini bitirməklə Laçın şəhərini vaxtından tez təhvil ala bilərmi? Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı - terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq?

“Hraparak” qəzeti yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı strateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan Ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər hər vəchlə vaxt udmağa çalışır: “Kapitulyasiyadan sonra xeyli çaşmışdılar, özlərini itirmişdilər, indi, deyəsən, özlərinə gəlirlər. Ona görə vaxtı uzatmaqla məşğuldurlar. Burada Rusiyanın da rolu az deyil. Rusiya Ukraynada apardığı barbar müharibənin sonunu gözləyir ki, Cənubi Qafqazda gedən proseslərə ”əl gəzdirsin". Amma rusların Ukraynada məğlubiyyəti labüddür və bu nəticə ilə bizim bölgəyə təsir edə bilməyəcəklər. Sadəcə, hazırda Rusiyanın Ermənistana təzyiqləri var".

Q.Hüseynlinin fikrincə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri general Börnsün İrəvana səfəri də məhz bu məqsədlə idi: “Amerikalı general Ermənistana Rusiyanın təsirindən çıxmağa başlamağı məsləhət görüb. Qriqoriyanın son bəyanatı erməni hiyləgərliyindən ibarət olsa da, vaxtı uzatmağın Ermənistana heç bir faydası yoxdur. Çünki İrəvan kommunikasiyaların açılmasını yubadır, sülh sənədi ilə bağlı layihəni ləngidir və beləliklə, barıt qoxusu verən vəziyyət davam edir. Qarabağda Ordumuzun elit hissələri yerləşib, sərhədboyu Kəlbəcər və Qubadlıda mövqelərimiz möhkəmdir, ”Komando" briqadalarımız var, yəni hərbi cəhətdən yüksək səviyyədəyik. Əslində Ermənistan hakimiyyəti hər şeyi başa düşür, sadəcə, revanşistlərin təzyiqlərindən ehtiyatlanırlar. Hər halda, Ermənistan Rusiyanın proseslərdə rolunun azaldığını, Qərbin region uğrunda mübarizəyə girişdiyini görür, o səbəbdən praqmatik meyllərini büruzə verməyə başlayıb. Düşünürəm ki, məsələ antiterror əməliyyatlarının başlamasına gətirib çıxarmaya bilər, Azərbaycanın təzyiqləri Ermənistanı sülhə məcbur edə bilər. Əgər söz verib, vədə əməl etməsələr, xalqımızın gözəl misalı var - ağa durur, ağacan da durur. Ordumuzun elit hissələri öz üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır".

Qeyd edək ki, erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR