Rusiyalı filosof, Kremlin əsas ideoloqlarından biri olan Aleksandr Duqin Ukrayna ilə münaqişə və yeni səfərbərlik ehtiyacı barədə fikirlərini bölüşüb.
Musavat.com “Nezavisimaya qazeta”ya istinadən yazır Duqin Rusiyanın bu məsələdə gecikdiyini və əsas addımların ya 2014-cü ildə, ya da ən gec 2022-ci ildə atılmalı olduğunu deyib.
Duqinin fikrincə, ölkənin texnoloji geriliyi “zamanın ritminə uyğunlaşmamaq”, “liberal paradiqmaların təsiri” və “komprador elitaların mövcudluğu” ilə bağlıdır. O hesab edir ki, texnologiyalar yalnız texniki sahədə deyil, həm də fəlsəfi və ideoloji mühitdə formalaşır. Bu səbəbdən, ölkədə düşüncə və humanitar sahə dəyişmədən texnoloji inkişaf mümkün deyil.Filosof çıxış yolunu “kəskin elit dəyişikliyi”, “inqilabi rotasiya” və hətta “Stalin tipli çağırış”da görür. Onun fikrincə, cəmiyyətdə “düşüncə iflici” var və inkişaf yalnız sistemli dəyişikliklə mümkündür.
“NQ” isə redaksiya məqaləsində bu yanaşmanı tənqid edib. Xüsusi qeyd olunur ki, Qərbdə – məhz Duqinin tənqid etdiyi liberal mühitdə – texnologiyalar sürətlə inkişaf edir. ABŞ və digər ölkələrdə alimlər sərbəst işləyir, innovasiya yaradır və uğur qazanırlar. Eyni zamanda, Rusiyada uzun illər “beyin axını” problemi mövcuddur – istedadlı mütəxəssislər daha yaxşı şərait üçün xaricə gedirlər. Vurğulanır ki, istedadlı mütəxəssislərin ölkəni tərk etməsinin əsas səbəbi ideologiya deyil, daha yaxşı elmi baza, maliyyə imkanları və sərbəst fəaliyyət mühitidir. Bu faktorlar dəyişmədən texnoloji sıçrayış gözləmək real görünmür.
“NQ” hesab edir ki, Duqinin təklif etdiyi “elitlərin təmizlənməsi” ideyası isə tarixdə artıq sınaqdan çıxmış və ağır nəticələr doğurmuş bir modelə bənzəyir. Stalin dövrünün repressiyaları milyonlarla insanın həyatına son qoysa da, bu, uzunmüddətli və dayanıqlı inkişaf yaratmadı. Əksinə, cəmiyyətin intellektual potensialına ciddi zərbə vurdu.
Musavat.com






