İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dizel yanacağı qadağası bazarları qarışdırdı: Azərbaycana necə təsir edəcək?

933 24.06.2026 19:19 İqtisadiyyat A A

Rusiya neft emalı zavodlarına edilən hücumların yaratdığı risklər fonunda dizel yanacağının ixracına tam qadağa tətbiq etməyi nəzərdən keçirir. Dünyanın ən böyük dizel ixracatçılarından biri olan Rusiyanın belə bir addımı qlobal enerji bazarlarında qiymət artımına səbəb ola, eyni zamanda yanacaqdan asılı sahələrə ciddi təsir göstərə bilər. Bəs mümkün qadağa dünya bazarlarında hansı nəticələrə yol aça bilər? Bu qərarın Azərbaycan iqtisadiyyatına, yanacaq qiymətlərinə və inflyasiya göstəricilərinə təsiri gözlənilirmi?

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Rusiyanın dizel yanacağının ixracına tam qadağa tətbiq etməsi qlobal enerji bazarlarında əhəmiyyətli təsirlər yarada bilər:" Rusiya dünya üzrə ən böyük dizel ixracatçılarından biri olduğundan, belə bir qərar bazarda təklifin azalmasına və nəticədə dizel qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə Avropa, Afrika və Latın Amerikası ölkələri alternativ təchizat mənbələri axtarmağa məcbur qala bilər. Bu isə logistika, nəqliyyat, kənd təsərrüfatı və sənaye kimi dizeldən geniş istifadə edən sahələrdə xərclərin artmasına gətirib çıxara bilər.

Qiymət artımı yalnız yanacaq bazarı ilə məhdudlaşmaya bilər. Daşınma və istehsal xərclərinin yüksəlməsi bir çox məhsulun qiymətinə təsir edərək qlobal inflyasiya təzyiqlərini gücləndirə bilər. Eyni zamanda, digər böyük istehsalçılar, o cümlədən Yaxın Şərq ölkələri və ABŞ yaranan boşluğu doldurmağa çalışsalar da, qısamüddətli dövrdə bazarda gərginlik qalmaqda davam edə bilər".

İqtisadçıya görə, Azərbaycan üçün təsirlər daha məhdud olsa da, tamamilə istisna deyil:"Ölkə neft məhsulları istehsalçısı olduğuna görə daxili bazarın təminatında ciddi problem gözlənilmir. Dövlət tərəfindən tənzimlənən yanacaq qiymətləri də qısamüddətli dövrdə beynəlxalq bazardakı dəyişikliklərdən birbaşa təsirlənməyə bilər. Lakin dünya bazarlarında dizelin bahalaşması idxal olunan məhsulların daşınma xərclərini artırarsa, bu, müəyyən məhsul qruplarında qiymət artımına səbəb ola bilər.

İnflyasiya baxımından təsir əsasən dolayı kanallarla hiss oluna bilər. Beynəlxalq logistika və nəqliyyat xərclərinin yüksəlməsi idxal mallarının maya dəyərini artıraraq qiymətlərə müəyyən təzyiq göstərə bilər. Bununla belə, Azərbaycanın enerji ixracatçısı olması və daxili yanacaq bazarının nisbətən qorunması səbəbindən mümkün təsirin miqyası bir çox idxaldan asılı ölkələrlə müqayisədə daha məhdud qiymətləndirilir. Uzunmüddətli dövrdə isə təsirin səviyyəsi Rusiyanın qadağanı nə qədər davam etdirməsindən və qlobal bazarın yeni tarazlıq nöqtəsini nə qədər tez tapmasından asılı olacaq".

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR