İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı tarixi görüşün pərdəarxası: Pezeşkian və Qalibafın mesajları İrandakı radikallara cavabdır

1088 24.06.2026 21:50 Ölkə A A

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-də Bakıda keçirilən mötəbər beynəlxalq tədbir çərçivəsində ölkəmizə səfər edən İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafı qəbul etməsi regionun siyasi gündəmini müəyyənləşdirən mühüm hadisəyə çevrilib.

İranda baş verən son hərbi-siyasi böhran və müharibə dövründə Bakının nümayiş etdirdiyi qətiyyətli dəstəyə görə minnətdarlıq etmək üçün reallaşan bu görüş, həm də daxildəki müəyyən radikal dairələrə rəsmi Tehranın ən ali səviyyədə verdiyi mesajdır. Pezeşkian və Qalibaf xəttinin ortaya qoyduğu bu reallıq, İrandakı bəzi radikal dini-hərbi qrupların və ayrı-ayrı siyasətçilərin Azərbaycanı hədəfə gətirmək cəhdlərinə ən tutarlı və bitirici cavabdır.

Bakıdakı qəbul zamanı Məhəmməd Baqir Qalibaf İranın keçdiyi bu ağır və çətin sınaq günlərində Azərbaycan dövləti və xalqının nümayiş etdirdiyi qardaşlıq həmrəyliyini xüsusi vurğulayıb. Parlament sədri Prezident İlham Əliyevin səfirliyə şəxsən gedərək başsağlığı verməsini və Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə Ali Rəhbər seçilməsi münasibətilə təbrik məktubu göndərməsini yüksək qiymətləndirib. O, Azərbaycanın gərgin müharibə dövründə mehriban qonşuluq münasibətlərinə sadiq qalaraq humanitar yardımını əsirgəmədiyini və bu çətin anlarda İranın yanında yer alan dost ölkə olduğunu xüsusi qeyd edib.

Məsələnin siyasi tərəflərini və regional əhəmiyyətini şərh edən siyasi şərhçi Azər Hüseynov Musavat.com-a fikirlərini bölüşərkən bunları bildirib: "Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərin inkişafı, eləcə də milli maraqlara əsaslanan əməkdaşlığın dərinləşdirilməsi hər iki dövlətin maraqlarına cavab verir. Çünki Azərbaycan və İran tarixi yaxınlığa malik olan iki qonşu dövlətdir. Bu ölkələri ortaq dini-mədəni dəyərlər, tarixi bağlar, mədəniyyət yaxınlığı və müxtəlif humanitar əlaqələr birləşdirir.

Təbii ki, Azərbaycan və İran arasında iqtisadi tərəfdaşlıq, mədəni əməkdaşlıq və humanitar mübadilə sahələrində əlaqələr mövcuddur və bu əlaqələrin daha da inkişaf etdirilməsi hər iki tərəf üçün faydalıdır. Bu baxımdan, hazırkı dövrdə dövlət rəhbərlikləri arasında səsləndirilən qarşılıqlı müsbət və isti mesajlar həm iki ölkənin, həm də bütövlükdə regionun maraqlarına uyğundur".

Siyasi şərhçi əlavə edib ki, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir:" Eyni zamanda, ortaq maraqlar əsasında birgə fəaliyyətin inkişaf etdirilməsi regional əməkdaşlığın yeni imkanlarını yarada bilər.

Bəzi qüvvələrin bu yaxınlaşma ilə bağlı müxtəlif maneələr yaratmaq cəhdlərinə gəldikdə isə, hesab edirəm ki, yüksək siyasi iradə nümayiş etdirildiyi və qarşılıqlı etimadın gücləndiyi şəraitdə belə təşəbbüslərin ciddi nəticə verməsi mümkün deyil. Dövlət rəhbərlərinin ortaya qoyduğu siyasi mövqe münasibətlərin inkişafı üçün əsas təminatdır.

Bir daha vurğulayaq ki, Azərbaycan rəhbərliyinin dəfələrlə qeyd etdiyi kimi, müharibə bütün dövlətlər üçün ağır nəticələr doğurur. Azərbaycan xalqı müharibənin ağrılarını, qaçqın və məcburi köçkün problemini, şəhər və kəndlərin dağıdılmasını, məktəblərin, məscidlərin və digər mülki obyektlərin hədəfə alınmasının nə demək olduğunu çox yaxşı bilir. Məhz buna görə də regionda sülhə, qarşılıqlı anlaşmaya və əməkdaşlığa xidmət edən bütün addımlar, o cümlədən İran və Azərbaycan arasında münasibətlərin müsbət məcrada inkişafı yüksək qiymətləndirilməlidir".

Afaq Mirayiq,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR