İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bankları kiberhücumlardan necə qorunur? - "Sıfır etibar" modelindən süni intellektə qədər

669 24.06.2026 20:17 İqtisadiyyat A A

Azərikard Prosessinq Mərkəzinin rəsmi açıqlamasına əsasən, iyunun 24-də xidmət göstərilən bəzi bankların müştərilərinin kart hesablarında ciddi problemlər qeydə alınıb.

Musavat.com xəbərinə görə, mərkəzdən bildirilib ki, bu nasazlıq banklararası hesablaşma fayllarının emalı zamanı qurumdan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla bağlıdır. Hazırda təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir, vətəndaşların kart hesabları mərhələli şəkildə bərpa olunur və məsələnin yaxın zamanlarda tam həllini tapacağı vəd edilir.

Lakin bu hadisə birdən-birə bir neçə maliyyə institutuna təsir etdiyi üçün müştərilər arasında haqlı narahatlıq və panika yaradıb. Çünki zaman-zaman yerli bank sistemlərində insanların öz vəsaitlərinə əlçatanlığının itməsi, tətbiqlərə girə bilməməsi və ya hesablardan pulların əsassız silinməsi kimi problemlər təkrarlanır. Müasir dövrdə bu cür halların sistem xətası, yoxsa qlobal bir kiberhücum olduğunu ayırd etmək çətinləşir.

Bəs rəqəmsal təhlükəsizliyin qorunması və vətəndaşların maliyyə itkilərindən sığortalanması üçün nələr edilməlidir?

Dünya praktikasında kiber təhlükəsizliyi və sistem dayanıqlılığını təmin etmək üçün ilk növbədə "Zero Trust", yəni sıfır etibar modeli tətbiq olunur. ABŞ və Sinqapur kimi ölkələrin bank sistemlərində fəaliyyət göstərən bu modelə görə, istər xarici şəbəkədən, istərsə də bankın öz daxili əməkdaşlarından gələn hər bir sorğu potensial təhlükə sayılır və çoxmərhələli filtrasiyadan keçirilir. Bu, daxili emal fayllarında kütləvi xətaların və ya vəsait çıxarılması risklərinin qarşısını öncədən alır.

Digər tərəfdən, qabaqcıl ölkələrdə süni intellektə əsaslanan anomaliya analizi sistemləri qurulub. Böyük Britaniya və Avropa İttifaqının aparıcı banklarında tətbiq edilən bu alqoritmlər real vaxt rejimində müştəri davranışlarını və əməliyyatları izləyir. Eyni anda minlərlə kartda eyni tipli, şübhəli və ya təkrarlanan silinmələr baş verdikdə, sistem insan müdaxiləsini gözləmədən həmin transaksiyaları avtomatik dondurur. Bu da zəncirvari maliyyə böhranlarının qarşısını saniyələr içində alır.

İnformasiya təhlükəsizliyində digər vacib amil mərkəzləşdirilmiş nəzarət və məcburi stress testləridir. Avropa Mərkəzi Bankı və digər tənzimləyici qurumlar hər il kommersiya banklarına icbari kiber resilience, yəni kiber dözümlülük testləri tətbiq edir. Bu prosesdə bankların sistemlərinə süni hücumlar və ya yüklənmələr simulyasiya edilir, hər hansı boşluq tapıldıqda isə böyük cərimələr kəsilərək sistemin dərhal gücləndirilməsi tələb olunur.

Texniki problemlər zamanı müştərilərin xidmətlərdən məhrum olmaması üçün Cənubi Koreya və Yaponiya kimi ölkələrdə "B planı" – ehtiyat server sistemləri işləyir. Əsas serverdə nasazlıq və ya donma yaşanan kimi, platforma dərhal real vaxt rejimində sinxronizasiya olunan kölgə serverə keçir. Beləliklə, müştərilər banka daxil olmaqda heç bir fasilə və ya problem hiss etmirlər.

Nəhayət, texniki və ya kiber təhlükələrin idarə olunmasında ən kritik məqamlardan biri hüquqi təminatdır. Avropa İttifaqının PSD2 qaydalarına əsasən, əgər pulun itməsi və ya sistemdəki nasazlıq müştərinin öz səhvindən qaynaqlanmırsa, bank dərhal vətəndaşın vəsaitini kompensasiya etməyə borcludur. Bu cür hüquqi mexanizmlərin olması həm bankların məsuliyyətini artırır, həm də cəmiyyətdə yaranacaq ajiotajın və bank sisteminə inamsızlığın qarşısını alır.

İqtisadçı Eldəniz Əmirovun mövzu ilə bağlı açıqlaması diqqət çəkir: "Bank sektorunda ən vacib məsələ etibardır:"Belə hadisələr təkcə bir banka yox, bütövlükdə bank sisteminə olan etimada zərbə vurur. İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir, amma onu yenidən bərpa etmək illər çəkə bilər. Ona görə də banklar təhlükəsizlik sistemlərinə, proqram təminatının yenilənməsinə, güclü texniki infrastruktura və peşəkar mütəxəssislərə daha çox vəsait ayırmalıdırlar. Bu xərclər xərc deyil, müştərinin etimadına qoyulan investisiyadır".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR