Ukrayna ordusunun Rusiyanın daxili ərazilərinə, xüsusilə cəbhə xəttindən 1100 kilometr uzaqlıqda yerləşən Sankt-Peterburq neft terminalına və hərbi bazalarına endirdiyi sarsıdıcı zərbələrdən sonra rəsmi Moskva susqunluğunu pozaraq Kiyevə qarşı qorxulu intiqam planını bəyan edib.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarını hədəf alan kütləvi dron hücumlarına rəsmi Kremlin reaksiyasını açıqlayıb.
Rusiya dövlətinin bu hücumlara qarşı artıq hərəkətə keçdiyini bildirən Peskov, cavab tədbirlərinin amansız olacağını xüsusi vurğulayıb:
"Rusiya Federasiyasının regionlarına qarşı törədilən bu hücumlara cavabımız mütləq şəkildə sistemli xarakter daşıyacaq və artıq bu sistemli cavab addımları atılmaqdadır".
Kremlin baş sözçüsü rəsmi Moskvaya yönələn uzaq mənzilli strateji zərbələrin qarşısını almaq üçün hərbi strategiyanın tamamilə dəyişə biləcəyinə işarə edərək, davam edən xüsusi hərbi əməliyyatların (SVO) yeganə və əsas hədəfini xatırladıb: "Biz bu hərbi əməliyyatları məhz ona görə davam etdiririk və sona qədər aparacağıq ki, Rusiya regionlarına qarşı hər hansı bir zərbənin endirilməsi imkanlarını tamamilə və kökündən məhv edək".
Musavat.com






