İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsikaya azadlıq

1306 15.02.2024 11:38 Yazarlar A A

Yaxud Tofiq Tağızadənin uzaqgörənliyi

“Korsika! Bu adada sayca az, lakin vüqarlı bir xalq yaşayır. Onlar da azadlıq arzulayırlar”. Yəqin hörmətli oxucular bu cümlələri görərkən hökumətimizin Fransanın Korsika siyasəti haqda hansısa tədbirdən sitat olaraq zənn etdilər. Bildiyiniz kimi, son dövrlər Fransa-Azərbaycan münasibətləri kəskinləşib, Fransanın Ermənistana birtərəfli dəstəyinə etiraz əlaməti olaraq Azərbaycan da Korsika xalqının azadlığı uğrunda çalışır. Bu istiqamətdə Milli Məclisin bəyanatı olmuşdur. Səhv eləmirəmsə, Xarici İşlər Nazirliyi də hansısa addımlar atıb. 

Ancaq yox, girişdə verdiyim cümlələr doğma dilimizdə, Ələsgər Ələkbərovun dilindən səslənir və onların tarixi 64 il öncəyə - 1960-cı ilə gedib çıxır. Həmin il rejissor Tofiq Tağızadə “Matteo Falkone” adlı qısametrajlı, 19 dəqiqəlik film çəkib. Bax, Korsikaya azadlıq arzu etdiyimiz cümlələr həmin filmin ilk kadrlarıdır.

Gör taleyin necə qəribə oyunları var. Rəhmətlik Tofiq müəllim o filmi çəkəndə bəlkə yatsa yuxusuna girməzdi ki, bir zaman gələcək, Korsikanın azadlığı müstəqil Azərbaycanda gündəm mövzusu olacaqdır. Prinsipcə, bayrağının rəngləri eynilə bizim bayrağın rəngləriylə üst-üstə düşən başqa fransız koloniyasına - Yeni Kaledoniyaya müxbir göndərəcəyimiz, oranın da müstəqilliyinə dəstək verəcəyimiz kimin ağlına gələrdi? Heç kimin. Ona görə atalar yaxşı demişdir: heç vaxt “heç vaxt” demə. Dünyada hər şey ola bilər. 

Bu işlərimiz alınacaqmı, hələlik nəsə qəti fikir söyləməyə tələsmirəm. İndilik film haqda bir neçə məlumatverici cümlələr yazmalıyam. 

“Matteo Falkone” ünlü fransız yazıçısı Prosper Merimenin yenə çox ünlü, eyni adlı novellası əsasında çəkilmişdir. Ancaq Tofiq Tağızadə filmdə novellanın süjetindən fərqlənən bir mühüm detal verib. Əlbəttə, siz anladınız, o detal elə korsikalıların azadlıq hərəkatı temasıdır. Daha aydın olsun deyə, qısa süjet xəttini yazım. Adada fransız əsgərləri bir nəfər yaralını (Canneto adlı bu obrazı Tağızadə özü oynayıb) təqib edir, bu zaman Matteo Falkone adlı korsikalı kişinin balaca oğlu Fortunato onun gizləndiyi yeri əsgərlərin komandirindən aldığı saatın əvəzində satır. Matteo oğlunun satqın çıxmasından qəzəblənir, uşağı güllələyir. 

Bax, novella ilə film arasında əsas fərq elə təqib edilən yaralının - Canettonun kimliyi məsələsidir. Merime novellada onu quldur olaraq yazıb, Tofiq müəllim isə sanki 64 il sonra bizə lazım olacağını uzaqgörənliklə başa düşərək azadlıq fədaisi kimi vermişdir. 

Əlbəttə, Tağızadə bu filmdən cəmi 2 il öncə - 1958-ci ildə məşhur filmlərimizdən olan “Uzaq sahillərdə”ni çəkmişdi və “Matteo Falkone”də o filmin təsirləri açıq hiss olunur, həmçinin xalq azadlığı mövzusu. Elə Matteo rolunu Nodar Şaşıqoğlunun (keçmiş Mixaylo) oynaması, məncə, təsadüfi deyil. 

Sözgəlişi, filmdə daha bir kino klişemizin açıq izləri var. Balaca, bəxtsiz uşaq rolunu kim oynayır? Təbii, doğru tapdınız -  Ceyhun Mirzəyev. Böyük sənətkarımızın kinoda taleyi həmişə “uğursuz” olubdur. Onu bütün yaşlarında ya “döyüblər”, ya “öldürüblər”. Bəlkə ağlamsınmış uşaq sifətini yaxşı yarada bildiyi üçün. 

Bəxtsiz demişkən, məncə, Tofiq müəllimin də rejissor olaraq bəxti gətirməyib. Məsələn, 1994-cü ildə çəkdiyi, ən yaxşı filmlərimizdən biri olmağa layiq “Köpək” filmi heç kinoteatrlara da çıxmayıb. Çünki filmin sponsoru həmin dövrün məşhur maliyyə piramidası (oxu: dələduzluğu) “Vahidbank” idi. Film insanların maddi çətinliklər üzündən köpəyə çevrilməsindən bəhs edirdi, bir növ bizim milli “İt ürəyi” (Bulqakov) əsərimiz sayıla bilər. Bəlkə “Köpək” filminə sponsorluq “Vahidbank”ın bütün fırıldaqlarının günahını yuyub aparmışdır. 

P.S. “Matteo Falkone” filmi Youtube platformasında var, kim istəsə izləyə bilər. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR