İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərimi ağlamaq tutanda

1485 13.06.2024 08:05 Yazarlar A A

Qarabağdakı Rusiya qoşunlarının ən son əsgər və texnikaları da dünən ölkəmizi tərk etmişdir. Xocalı hava limanında Azərbaycan bayrağı qaldırıldı. Bu, şad xəbərdirmi? Əlbəttə. Hətta tarixi hadisədir: yanılmıramsa, 1920-ci ildən bəri Azərbaycan ərazisində yadelli əsgərin çəkməsi dəyməyən ilk gündür.  Ancaq düşündürücüdür. 

İlk növbədə onu düşünək ki, neçə aydır davam edən bu “qoşunların çıxarılması” niyə belə uzun çəkdi. Neçə dəfə eyni məzmunda xəbər oxuduq, kadrları izlədik. Saysız-hesabsız hərbi avtomobillər, zirehli transportyorlar, əsgərlər... Belə çıxır ruslar Qarabağa əvvəl nəzərdə tutulandan qat-qat artıq ordu yeridibmiş. Ya da hesab edək müqavilədəki qədər olub, mənim gözümə çox görünüb. 

İkincisi, biz bu qoşunların qəfil (bu yerə çox uyğun bir məsəlimiz var, arqo deyim olmasa yazardım) Qarabağda peydası tarixçəsini də gərək yadımızda saxlayaq və həmişə işimizi ehtiyatlı tutaq. Onlar getdikləri kimi, gələ də bilirlər. Müstəqillik dövrümüzdə ən azı 2 dəfə bu tip gedişin şahidi olmuşuq. Necə deyərlər, Allah üçüncüdən saxlasın... 

Burada ehtiyatlı olmaq həm də ona görə vacibdir ki, planetimizdə beynəlxalq hüququn qoz yerinə qoyulmadığını görə-görə gəlirik. Hətta öz daxilində insan hüquqlarına müəyyən hörməti ilə seçilən dövlətlər belə çox zaman xaricdə buynuz çıxarırlar. ABŞ-dan örnək göstərmək istəyirəm. 

ABŞ məhkəmə sisteminin necə yüksək səviyyədə olduğunu son günlərdə 2 misal sübut etdi. Birincisi, andlılar məhkəməsi üzvləri yekdilliklə keçmiş prezident Trampın suçlu olmasına səs verdilər. Donald müəllimi pornoaktrisa ilə pullu seks üçün ödənişləri seçki fondundan etməkdə suçlayırlar. 

Yəni burada əlaqənin özü günah sayılmır, forması sayılır. Heç kim demir ki, niyə ailəli kişi başqa qadınla cinsi əlaqədə olub. Məsələn, bizdə telekanalizasiyalar hər şeyi qırağa qoyub vurğunu bunun üzərində kökləyərdilər. Orada isə buna şəxsi məsələ, əxlaq məsələsi kimi baxırlar. İşin cinayət tərəfi isə seks işçisinin pulunun ödəmə üsulundaymış. (“Seks ayrı, seçki ayrı”). Milyardları olan Tramp bu məqsədlə seçki üçün xalqdan toplanan fonddan 140 min dollar xərcləyibdir. Rəhmətliyin oğlu öz pulunu belə “çirkin işlərə” qıymayıb...

Ümumiyyətlə, ABŞ-da ən ağır cinayətlərdən biri saxtakarlıq, yalan danışmaqdır. Vaxtilə prezident Klintonu da Monika Levinski ilə cinsi əlaqələrə görə deyil, məhz bu temada yalan danışdığı üçün məhkəməyə çıxarmışdılar. 

İkincisi, hazırda vəzifədə olan prezident Baydenin oğlunun, Hanter Baydenin məhkəməsi gedir, orada da andlılar “günahkardır” qərarı çıxarmışlar. Eynilə Hanter müəllim də yalançılığı üzündən məhkəmə qarşısındadır: vaxtilə silah alanda narkotik istifadəçisi olduğunu deməyibmiş. Təsəvvür eləyin, adamı narkotik istifadəsinə, silah daşıdığına görə deyil, dükandan silah alanda narkoman olmadığını söylədiyinə görə suçlayırlar. 

Nə qədər qəribə ölkədir, deyilmi? Ancaq ən böyük qəribəlik isə, yuxarıda yazdığım kimi, həm hazırkı prezidentin oğlunun, həm eks-prezidentin məhkəmədə ittiham edilməsidir. Planetimizdə hər kəsin qanun qarşısında bərabərliyini isbat edən neçə belə dövlət tanıyırsınız? Əlbəttə, ritorik sualdır, cavab lazım deyil. 

İndi gələk həmin, eyni dövlətin beynəlxalq hüquqa münasibətinə. Burada Kərəmi (həm də Kərimi - Z.H.) bir az ağlamaq tutur. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) adlı qurum var. Kərim elə onun hakimlərindən biridir. Niderlandda, Haaqada baş ofisi yerləşir. (Eyni şəhərdəki, BMT-yə aid Beynəlxalq Ədalət Məhkəməsi ilə bəzən qarışdırırlar, lakin BCM başqa qurumdur - Z.H.) Həmin BCM-i dünyanın 100-dən çox ölkəsi tanıyır. Avropanın hamısı, Avstraliya, Güney Amerika tam olaraq BCM-ə qoşulub. ABŞ özü də əvvəl BCM-i ratifikasiya eləmişdi, sonra imzasını geri çəkdi. Sizcə, nəyə görə? Çünki bu məhkəmə ABŞ-ın planetdə geniş əl-qol açmağına imkan vermir. Daha doğrusu, mız qoya bilir. İmkan vermək boş temadır. 

Bax, elə bugünlərdə ABŞ parlamentində qanun qəbul elədilər: əgər BCM ABŞ və onun müttəfiqlərinə qarşı hansısa hökm kəssə, o zaman həmin hakimlər sanksiya ilə üzləşəcəklər. 

Əlbəttə, mən BCM-in Allahın bacısı oğlu olması qərarında deyiləm. Onların da min cür səhv qərarı ola bilər və elə olur da. Ancaq öncədən özünü hər hansı beynəlxalq qanundan, qərardan, konvensiyadan üstün elan eləmək nə deməkdir? Belə beynəlxalq hüquq olurmu? BMT və onun məhkəməsinə bir quş, BCM-ə bir ayrı quş, daha nə qaldı? Dünya düzəni nə cür yaranmalıdır? 

Bu siyasətin adı başqa cürdür: “Dədəm mənə kor deyib, gələni-gedəni vur deyib”. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR