İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmişin qarpızları

873 10.07.2026 15:44 Yazarlar A A

Sayın deputatlarımızdan biri mer-meyvənin əvvəlki dadını vermədiyini söyləmişdir. Sitat: “Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?”

Doğrudan da, vacib məsələ qaldırılmışdır, ümidvaram mən bu yazını yazdığım müddətdə məsələ hələ enməyib. Meyvə-tərəvəz əvvəlki dadı vermirsə, şübhəsiz, bunun günahı Avropa Şurasında, Trampda, təxribatçı müxalifətdədir. Yaxşı yadıma gəlir, hələ AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirəndə qarpıza biyan geni qatmışdılar. Əbülfəz bəy pomidorun hamısını Kələkiyə daşıyırdı.

Ancaq indi kənd təsərrüfatımızda təmərküzləşmə prosesi aparılır, inşallah, kolxoz quruculuğu başa çatanda, beşillik planlar işə düşəndə yenə soğan əvvəlki dadı verəcəkdir.

Burada deputatın xoşbəxt uşaqlığı da öz rolunu oynamışdır, məsələn, balacalığı 1993-2000-lər arasına düşən hansısa məcburi köçkün vətəndaşımızdan soruşsan, şübhəsiz, o sənə deyəcək Allah kəssin elə uşaqlığı, onun mer-meyvəsini də. Bəlkə həmin uşaqların çoxu düz-əməlli alma və qarpız üzü də görmədilər, Norveçin, Almaniyanın, ABŞ USAİD təşkilatının (axırıncının “pxı” elan olunmağına hələ çox qalırdı) humanitar yardımlarının ümidinə qalmışdılar. Yəni, “biz uşaq olanda filan zad filan dadı verirdi” teması, ekranabəzək ekspertlər demişkən, mübahisəyə açıqdır.

Hələ onu ümumiyyətlə yazmaq lazım deyil ki, biz uşaq olanda deputatlıq özü bir az başqa cür iş sayılırdı. Məsələn, səs yığmaq üçün propaqanda aparmaq, seçicilərlə görüşlər, yığıncaqlar lazım gəlirdi, parlamentdə diskussiya-zad olurdu, İsa Qəmbər deputatlarla məzələnirdi və sairə. Sonra spikerlərdən biri qəti şəkildə qanun qoydu, dedi bura siyasət aparmaq yeri deyil, qurbağa gölünə daş atıldı.

Sözgəlişi, hazırda Abşeron yarımadasını qurbağa basıb, yuxarıdakı ifadə də uşaqlığımızdakı kimi deyil. Çünki bunlar quru qurbağasıdır, gölə ehtiyacları yoxdur. Bəs quru qurbağasının qurultusunu necə kəsmək olar? Çox çətin məsələdir. Təklif edirəm bütün qurbağaları yığmaq üçün dövlət büdcəsi vəsaitləriylə göl yaradılsın, gedək ora daş ataq.

Tək qarpızın və parlamentarizmin dadı qaçsaydı, birtəhər dözərdik. İndi dünyada heç nə əvvəlki kimi deyil.

Milli Məclisin “Ailə, qadın və uşaq məsələləri komitəsi”nin sədri Hicran xanım da təzəlikcə ağır bir məsələni təkanla qaldırdı.

Burada haşiyə çıxaraq qeyd edim (Hicran xanımdan üzr istəyərək, çünki mən bu haşiyəni çıxdığım müddətdə o, məsələni hələ havada saxlamağa məcburdur – Z.H.), həmin komitəyə ad qoyanlar əslində bizim kökümüzə balta çalıblar. Bəlkə əhalinin azalmağı ona görədir. Anlamadınızsa, izah edim: bu komitənin adında kişiyə yer tapmayıblar! Sanki kişinin heç bir məsələsi ola bilməzmiş. Ya da kişilər “Ailə” sözünün içində gedir. O zaman, belə çıxır ailə ayrıdır, arvad-uşaq ayrı. Çox qəliz, münaqişəli, hətta başqa arvad saxlamağı təşviq edən yanaşmadır. Məncə buna son qoysaq yaxşı olar.

Nəsə, qayıdaq deputatın toxunduğu (zərif cinsə nəsə qaldırtmağa da son qoyaq, yetər artıq) məsələyə. Sitat: “Bilmirəm, siz fikir verirsiniz, ya yox... Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu, onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər”. Sitatın sonu.

Həqiqətən, indi ailələrdə bir-birinə kitab tövsiyəsi azalmışdır. Halbuki, biz uşaq olanda evdə yemək-içməkdən çox kitab var idi. Qarpızı bəzən məcbur olub “Don Kixot” romanı üzərində kəsirdik. Anam təndirə çörək yapanda onunla Karl Saqanın nüvə müharibəsindən sonra planetimizi örtəcək duda nəzəriyyəsindən bəhs edirdik. (And içərəm, olmuş söhbətdir).
Ancaq fərqli uşaqlıq, əlbəttə, burada da var idi. Məsələn, bizim qonşu şuluq oğlunu tut ağacına məftillə bağlayıb nar çubuğu ilə döyürdü. Digəri evə gələndə uşaqlar it damında, mal tövləsində axurun içində gizlənirdilər. Yəni, həmin ailədə uşaqların bir-birinə tövsiyyəsi kitab yox, “hansı pəyədə ələ keçmərik” mövzusunda olurdu.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz niyə əvvəlki kimi əlaqədar deyilsiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR