İsrail ordusu sosial şəbəkələrdə geniş yayılan və fələstinli məhbusun işgəncəyə məruz qaldığını əks etdirdiyi iddia olunan fotonun həqiqiliyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" və "The New York Times" nəşrləri məlumat yayıb.
İsrail ordusunun nümayəndəsi bildirib ki, fotoda əks olunan insident müəyyən edilib və hazırda hadisə ilə bağlı rəsmi araşdırma aparılır. Ordudan verilən açıqlamada qeyd olunub ki, yoxlamanın nəticələrinə uyğun olaraq hadisədə iştirak edən şəxslər barəsində müvafiq tədbirlər görüləcək.
Bununla yanaşı, ordunun sözçüsü fotodakı fələstinli məhbusun kimliyini və onun hansı saxlanma müəssisəsində olduğu barədə məlumat verməyib.
Məlumata görə, qalmaqallı şəkil əvvəlcə "Instagram" istifadəçilərindən biri tərəfindən paylaşılıb. Sonradan həmin hesabın silindiyi ehtimal edilir. Fotonun üzərində ivrit dilində "Sabahınız xeyir" ifadəsi yazılıb. Şəkil iyunun 30-da fələstinli yazıçı və fəal Tamer tərəfindən paylaşılmasından sonra sosial şəbəkələrdə sürətlə yayılıb.

"The Guardian" və "The New York Times"ın danışdığı bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları bildiriblər ki, sözügedən foto hərbi cinayət əlamətlərinin mövcudluğuna işarə edə bilər. Onların fikrincə, şəkildə görünən mənzərə daha əvvəl İsrail həbsxanalarında saxlanılmış fələstinli məhbusların sistemli işgəncələr barədə verdiyi ifadələrlə üst-üstə düşür.
Qeyd edək ki, İsrail tərəfi hazırda yalnız fotonun həqiqiliyini və hadisə ilə bağlı araşdırmanın aparıldığını təsdiqləyib. İşgəncə və hərbi cinayət iddiaları isə hələlik hüquqi qaydada təsdiq olunmayıb və araşdırma davam edir.
E.Məmmədəliyev,
Musavat.com






