İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolik kilsənin Bakı nümayəndəsi erməni avantürasını pisləyən müraciətə qoşulmadı - ilginc səbəb

1823 08.08.2023 08:50 Siyasət A A

Ceyhun Məmmədov: “Ermənilər bütün hallarda bu proseslərdən bizə qarşı istifadə etməyə çalışır, ona görə də... ”

Ötən həftəsonu Azərbaycandakı dini konfensiya rəhbərləri bəyanat yayaraq, Ümumdünya Kilsələr Şurasını ermənilərin təxribatçı təbliğatına uymamağa çağırıb. Onlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - “TIR şousu” ətrafında gedən qərəzli bəyanatlara etiraz bildiriblər.

“Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən ”humanitar yardım" adı ilə TIR yük maşınlarının Laçın nəzarət-buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir... TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür", - birgə bəyanatda vurğulanır.

Sənəddə həmçinin 30 illik işğal dövründə törədilmiş erməni vandallıqları, o sırada xalqımıza qarşı aparılmış etnik təmizləmə siyasəti, soyqırımı faktları bir daha yada salınır, təəssüflə qeyd olunur ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə iftira kampaniyaları aparır, hətta dini platformadan - xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər: “Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri - Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi Komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar. Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə, mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq ”xristian təəssübkeşliyi" adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir... Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfensiya rəhbərləri bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq".

Bəyanatı QMİ sədri, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri və Alban-udi Xristian Dini İcmasının sədri imzalayıblar.

Ancaq müraciətə Bakıdakı katolik kilsəsinin (Vatikan) nümayəndəsi qoşulmayıb. Görəsən, niyə?

Onu da qeyd edək ki, Ermənistandakı Avropa Birliyi missiyasında təmsil olunanların hamısı katolik ölkələrdir.

Ceyhun Məmmədov: “Elm və Təhsil Nazirliyinin yaradılması Azərbaycan elminin  inkişafına ciddi töhfə verəcək”

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Çox təəssüf ki, Ermənistan bu kimi tribunlardan öz şəxsi məqsədləri üçün istifadə edir. Və təəssüf ki, bu prosesdə də Ümumdünya Kilsələr Şurası Ermənistanı dəstəkləyən bəyanat verir. Qeyd olunduğu kimi, Ümumdünya Kilsələr Şurası bir ildə artıq 3 dəfədir Azərbaycan əleyhinə bəyanat verir ki, bu da  xoşagəlməz bir haldır.  QMİ-nin də bu məsələ ilə bağı münasibət bildirməsi çox önəmlidir və buna ciddi ehtiyac var idi.

O ki qaldı katolik kilsənin nümayəndəsinin sənəd imzalamaması məsələsinə,  fikrimcə, o, bu cür məsələlərə müstəqil qərar vermək səlahiyyətində deyil. Yəni bu kimi qərarlar mərkəzlə razılaşdırılır, araşdırılır, daha sonra sənədə qol çəkilə bilər. 

Bir daha qeyd edirəm, il ərazində 3 dəfə Azərbaycan əleyhinə bəyanat verilməsi çox ciddi məsələdir və bu, çox ciddi proseslərdən xəbər verir. Bu məsələ Ümumdünya Kilsələr Şurasında deyil, ayrı-ayrı beynəlxalq təşkilatların nümunəsində də özünü açıq-aşkar göstərir. Eyni zamanda bu onu göstərir ki, biz beynəlxalq təşkilat və müxtəlif qurumlarla daha sıx işləməli, iş aparmalıyıq ki, biz haqlı olduğumuz yerdə belə, xoşagəlməz halla və yaxud vəziyyətlə üzləşməyək.

Yəni bütün hallarda bu cür məsələlərdə ermənilər bizə qarşı bu proseslərdən istifadə etməyə çalışır. Bu, olduqca çox həssas məsələdir. Biz bu cür bəyanatlara sərt reaksiya verməklə yanaşı, həm də daha sıx, daha gərgin iş aparmalıyıq ki, qarşımıza qoyduğumuz hədəfə, məqsədlərə nail olaq. Çünki proses ciddi gedir, bu proseslərdə bizim də fəal olmağımıza cddi ehtiyac var".

Məsələ ilə bağlı Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən sorğumuzun tezliklə cavablandırılacağı bildirilib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR